Polis şöbələri işğaldan azad edilən ərazilərə köçürülür - İşğaldan azad olunan rayonlara komendantlar təyin olunub

20:23 12-11-2020 110

Daxili İşlər Nazirliyi işğaldan azad edilən ərazilərə polis şöbələrini köçürməyə başlayıb.

Xəbərinə görə, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Xocavənd Rayon Polis Şöbəsi işğaldan azad edilən Hadrut qəsəbəsinə yerləşdirilib:

"İşğaldan azad edilən Füzuli, Cəbrayıl, Zəngilan və digər rayonlara da polis şöbələrinin yerləşdirilməsi fərmana uyğun olaraq davam etdirilir".

E. Zahidov əlavə edib ki, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, polis şöbələri müvəqqəti komendantlıqlar kimi hər rayon üzrə xüsusi idarəetməni həyata keçirəcəklər.

Bundan başqa, işğaldan azad olunan rayonlara komendantlar təyin olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, «Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında» Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanı rəhbər tutularaq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlərlə işğaldan azad olunmuş rayonların polis şöbələrinin rəisləri həmin rayonların müvəqqəti komendantları təyin olunublar.
Qeyd olunan Fərmandan irəli gələn digər vəzifələrin də icrası davam etdirilir.