DİPLOMATIN DİLETANT AÇIQLAMALARI... –Və ya Polad Bülbüloğlu kimə xidmət edir?

21:00 14-11-2020 171

Kosmopolit, öz millətinə yuxarıdan aşağı baxan, özünü əcnəbi mədəniyyətlərin daşıyıcısı hesab edənlər vəzifədə saxlanılmamalıdır!

 

Yenixeber.org: Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu hazırki həssas situasiyada elə ciddi səhvlərə yol verdi ki, Prezidentin xarici siyasət üzrə köməkçisi Hikmət Hacıyev onu təkzib etmək və qınamaq zorunda qaldı.

Səfirin RBK telekanalına müsahibəsində Türkiyənin Qarabağda sülhməramlı əməliyyatında iştirakı, Naxçıvanla sərhəddə vurulan Rusiya hərbi vertolyotu barədə dedikləri Azərbaycanın mövqeyi ilə kəskin ziddiyət təşkil edir.

"Türkiyə Rusiya ilə ortaq mərkəz çərçivəsində Dağlıq Qarabağdakı atəşkəs rejimi üzərində texniki nəzarətdə iştirak edəcək, bölgədə türk sülhməramlıları olmayacaq. Söhbət türk sülhməramlılarının, əsgərlərinin gətirilməsindən getmir. Söhbət tərəflərin bəyanatın icrasına texniki nəzarətdən gedir. Qarabağda kontingentinin olmasına ehtiyac yoxdur" – deyən Bülbüloğlunun Rusiyanın maraqları ilə üst-üstə düşən arzularını reallıq kimi təqdim etməsi əlbəttə, qəbuledilməzdir.

Hazırda Rusiya, Türkiyə və Azərbaycan arasında Qarabağ bölgəsində yerləşdiriləcək sülhməramlı kontingentlə bağlı ciddi müzakirələr gedir. Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar prosesin başa çatmadığını və Türkiyənin orada aktiv iştirak edəcəyini bəyan edib.

 

 

"Türkiyə orda hardadır? Türkiyə işin dibindədir, həm masada, həm də ərazidədir. Orada hər hansı bir “oldu-bitdi”dən söhbət gedə bilməz.

Türkiyə hazırda regionda daimi atəşkəsə, sülhə, sabitliyə, rifaha və sərhədlərin təhlükəsizliyinə nail olunması üçün cəhdlərini davam etdirir. Çalışdığımız odur ki, kimsə kimsənin haqqına girməsin, məsələ budur. Sabah Rusiyadan geniş bir heyət gəlir. Taktiki və texniki olaraq kim harada dayanacaq, kim nə edəcək bunlardan danışılacaq” - deyə Akar bəyan edib.

 

Göründüyü kimi, Azərbaycanın Moskvadakı səfirinin dedikləri gerçəkliyi əks etdirmir və indiki məqamda belə yersiz ifadələrin işlədilməsi prosesə ciddi zərbə vurur.

P. Bülbüloğlunun Naxçıvanla sərhəddə Rusiya hərbi vertolyotunun vurulması ilə bağlı dedikləri isə ümumiyyətlə qəbulolunmazdır. Diplomat müharibə situasiyasında belə hadislərin adi hal olduğunu ifadə edib. Halbuki Azərbaycanın çevik reaksiyası olmasyadı, bu hadisə iki ölkə arasında münasibətlərin gərginləşməsinə gətirib çıxara bilərdi.

 

 

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Polad Bülbüloğlunun fikirlərini yersiz adlandıraraq, dövlətin mövqeyini ifadə edib: "Həmin gün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müvafiq açıqlama ilə çıxış edib. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bu təsadüfi faciə ilə əlaqədar cinayət işi açılıb. Azərbaycanın və Rusiyanın Baş prokurorları arasında istintaqın gedişi ilə əlaqədar telefon danışığı olub. İstintaqın gedişi ilə bağlı qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir".

Polad Bülbüloğlu daha uzağa gedərək, ölkə prezidentinin dəfəlrələ vurğuladığı və göstərdiyi "qırmızı xətti" də tapdalamağa cürət göstərib.

Bildirib ki, Azərbaycan Qarabağda yaşayan ermənilərə mədəni muxtariyyət verməyə hazırdı. Halbu ki, dövlət başçısı dəfələrlə bildirib ki, status, muxtariyyət məsələləri bitib. Heç bir muxtariyyətdan söhbət gedə bilməz.

Hikmət Hacıyev də səfiri tənqid edərək onun məsələnin mahiyyətinə varmadan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı söylədiklərini qəbuledilməz adlandırıb: "Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərləri və digər rəsmi şəxsləri ölkənin rəsmi mövqeyinə və Prezident İlham Əliyevin yürütdüyü siyasətə zidd olan özbaşına açıqlamaların verilməsindən çəkinməlidirlər”.

Deputat Vahid Əhmədov isə Bülbüloğlunu qınayaraq onu istefa verməyə çağırıb: "Çox təəssüf ki, bəzi insanlar hələ də muxtariyyət barədə danışırlar. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu öz çıxışında hansısa muxtariyyətdən söhbət edir.

 

Sanki Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovu əvəz edir. Özləri istefa verib getməlidirlər. Cənab Prezidentin dediyi kimi Azərbaycan heç vaxt, heç bir muxtariyyət barədə söhbət etməyəcək. Heç bir muxtariyyət verilməyəcək. Prezidentin dediyi kimi, nə qədərki mən hakimiyyətdəyəm, statusdan söhbət gedə bilməz. Bütün dövlət məmurları da bunu nəzərə almalıdır".

 

 

Prezidentin köməkçisinin dedikləri Azərbaycan Xarici İşlər Nazirliyi sistemində ciddi problemlərin qaldığından xəbər verir. Bu ilin yayında Prezident İlham Əliyev xarici işlər naziri Elmar Məmmədyarovu vəzifəsindən azad edərkən, qurumun fəaliyyətində ciddi çatışmazlıqların mövcud olduğunu demişdi.

 

 

Dövlət başçısının bəzi diplomatların dövlətə xəyanət etməsi barədə dedikləri isə ciddi rezonans doğurmuşdu: “Bəzi diplomatlar dövlətə xəyanət ediblər, satqınlıq ediblər və bunu gizlətmirlər. Yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədirlər. Bizdə kifayət qədər məlumatlar var. Bu gün Azərbaycana qarşı çirkin kampaniya aparan, özünü azərbaycanlı kimi təqdim edən, əslində, ermənilərdən də pis olan ünsürlərin mütləq əksəriyyəti yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədir. Onlardan pul və təlimatlar alırlar. Bizdə bu məsələ ilə bağlı kifayət qədər məlumatlar var. Bizim xüsusi xidmət orqanlarımız tərəfdaş ölkələrin xüsusi xidmət orqanlarına dəfələrlə bu haqda məlumatlar vermişlər. Demişlər ki, biz bilirik, filan adamı siz istiqamətləndirirsiz, filan adama siz ev vermisiniz, filan adamın çirkin çıxışları sizin idarənizdə yazılır. Biz bütün bunları bilirik".

Prezidentin çıxışından sonra Dövlət Təhlükəsizliyi Xidməti XİN-də əməliyyat keçirdi və nazirliyin yüksək vəzifəli şəxslərini həbs etdi. İstintaqla müəyyən olmuşdu ki, xarici siyasət idarəsi rüşvət, korrupsiya və s. neqativ halların girdabına çevrilib.

Ancaq Polad Bülbüloğlu kimi çoxillik səfrilərin hələ də postlarında qalması mənfi fəsadlarını verməkdə davam edir. O, 14 ildir Azərbaycanı Rusiyada təmsil edir.

 

 

Bu, kifayət qədər uzun müddətdir. Bəzi diplomatlarımız da bir ölkədə belə uzunmüddətli karyeraya sahibdirlər.

Beynəlxalq təcrübəyə görə səfirlər maksimum 5 ildən bir rotasiya edilir, yenilənir. Çünki bir ölkədə uzun müddət işləmək istər-istəməz həmin dövlətin siyasi elitası ilə özəl münasibətlərin qurulmasına, korrupsiyaya və s. mənfi hallara yol açır. Necə ki, Polad Bülbüloğlu Vahid Əhmədovun dili ilə desək, Sergey Lavrov kimi danışır.

Yəqin ki, Azərbaycanda belə təcrübələrə son qoyulacaq, dövlətin xarici siyasəti peşəkarlara, dövlətə, xalqa bağlı kadrlara etibar olunacaq.

Daha əvvəlki zaman deyil, 6 həftəlik Vətən müharibəsi dövlətin qarşısında yeni çağırışlar qoyub. Sovet məktəbinin yetirmələri olan kosmopolit, öz millətinə yuxarıdan aşağı baxan, özünü əcnəbi mədəniyyətlərin daşıyıcısı hesab edənlərlə birdəfəlik qurtarmaq vaxtıdır.

(azpolitika)