COVID-19 uşaqlar üçün təhlükəli olmağa başlayıb?

21:21 14-11-2020 110

Azərbaycan koronavirus infeksiyasının yeni dalğasını yaşayır. Mütəxəssislərin də proqnoz verdikləri kimi, payız-qış dövründə yoluxanların sayı kəskin şəkildə artdı. 

Media.Az-a müsahibəsində Azərbaycanın infeksionist mütəxəssisi Təyyar Eyvazov uşaqların xəstəliyi necə keçirməsindən danışıb.

Koronavirus infeksiyası uşaqlar üçün nə qədər təhlükəlidir?

Pandemiya başlayanda alimlər uşaqların böyüklərdən fərqli olaraq koronavirus infeksiyasını daha yüngül formada keçirdiyini müşahidə etmişdilər. Bundan əlavə, uşaqlarda yoluxma ehtimalı azdır, simptomlar özünü çox qabarıq göstərmir, fəsadlara daha az meyillidirlər.

Uşaqlar niyə koronavirus infeksiyasına daha az həssasdır?

Bunun hələ dəqiq izahı yoxdur. Bəzi alimlər uşaqların immunitet sisteminin xüsusiyyətləri səbəbindən COVID-19-u daha asan keçirdiklərinə inanır. Bir sözlə, uşaq orqanizmi böyüklərdən fərqli olaraq yeni patogenlərin öhdəsindən daha asanlıqla gəlir.

Zəhmət olmasa, Azərbaycanda koronavirusa yoluxmuş uşaqların sayı ilə bağlı rəsmi statistikanı bizimlə bölüşəsiniz...

Rəsmi statistikaya əsasən, Azərbaycanda yeni koronavirus infeksiyasına yoluxma 0-9 yaş arası insanlarda ümumi infeksiyalara yoluxmaların 5 faizini, 10-19 yaş arası insanlarda isə 6 faizini təşkil edir. Beləliklə, yoluxanların ümumi sayının 11 faizi 0-19 yaş qrupuna aiddir. Müqayisə üçün yuxarı yaş qruplarında (18 yaşdan yuxarı) virusa yoluxma nisbəti bir neçə dəfə çoxdur.

Uşaqlarda rast gəlinən koronavirusun ümumi simptomları hansılardır?

Yoluxmuş uşaqların yarısından çoxunda xəstəlik asemptomatik inkişaf edir. Lakin uşaq xəstələnirsə, qısa müddətli olsa da, böyüklərdə olduğu simptomlar üzə çıxır, amma pnevmoniyaya xarakterik olan inkişaf daha az müşahidə edilir.

Xəstəliyin şiddətli keçməsinə rast gəlinir?

Bəli, əgər uşağın yanaşı xəstəlikləri və ya immun çatışmazlığı varsa.

Uşaqların, xüsusən indi, mövsümi qrip və soyuqdəymə xəstəlikləri dövründə, tənəffüs yoluxucu infeksiyalara daha həssas olduğu heç kimə sirr deyil. Bu xəstəlikləri COVID-19-dan necə ayırmaq olar?

Qrip və digər tənəffüs yoluxucu respirator infeksiyaların simptomları COVID-19 ilə çox oxşardır. Uşaqlar üçün əsas təhlükə fəsadların inkişaf riski ilə əlaqələndirilir.

Doğurdanmı heç bir fərq yoxdur?

Bəzi fərqlər var, lakin onları müəyyən etmək çox çətindir və ya klinik gedişat baxımından bunu tapmaq həmişə mümkün deyil. Yalnız xüsusi laborator müayinələr yoluxma növünü təyin edə bilər. Buna görə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təlimatına əsasən altı aydan yuxarı və tənəffüs sisteminin xroniki xəstəlikləri olan uşaqlara dövlət hesabına peyvənd vurulur.

Uşağın kataral simptomları varsa, onu xəstəxanaya aparmaq lazımdır, yoxsa evdə müalicə etmək daha yaxşıdır?

Biz qızdırma və digər kataral simptomlar halında dərhal poliklinikaya müraciət etməyinizi tövsiyə edirik. Yalnız həkimlər vəziyyəti obyektiv qiymətləndirə və düzgün qərar verə bilərlər.

Valideynlər övladlarını koronavirusdan necə qoruya bilər? Onlara nə məsləhət verərdiniz?

Məktəblər bağlandığından və dərslər onlayn keçirildiyindən təhsil müəssisələrində infeksiyaya yoluxma riski yoxdur. Hal-hazırda, əksər hallarda uşaqlar ailədə böyüklərin vasitəsi ilə infeksiyaya yoluxur. Bu fakt nəzərə alınmalıdır. Uşaqları infeksiyadan qorumaq üçün görülən tədbirlər böyüklərdə olduğu kimidir, yəni təmas sayını minimuma endirmək, karantin qaydalarına riayət etmək lazımdır. Məsələn, uşaqların həyətdə oynayarkən bir-biri ilə sıx təmasda olmaması üçün onlara nəzarət etmək lazımdır. Təəssüf ki, bu gün bu və ya digər uşağın COVID-19 daşıyıcısı olmadığına əmin olmaq mümkün deyil.