ANAMA-nın əməkdaşı işğaldan azad edilmiş rayonda minaya düşdü - RƏSMİ

22:15 14-11-2020 135

Xəbər verildiyi kimi, Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni metodlardan istifadə edib dinc sakinlərimizə qarşı cinayət əməllərini davam etdirir.

Baş Prokurorluqdan verilən məlumata görə, bu gün saat 19.00 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Füzuli rayonuna ezam olunmuş Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşı 1979-cu il təvəllüdlü Xudiyev Asif Mürsəl oğlu minaya düşməsi nəticəsində “sol ayağın topuqdan aşağı ətrafının travmatik amputasiyası” xəsarəti alıb.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.

Xatırladaq ki, bu gün daha iki Azərbaycan vətəndaşının Füzulidə minaya düşdüyü məlum olub. Onlardan biri həlak olub, digəri ağır yaralanıb.