Yevlaxda gəlin vəfat etmiş qayınatasının adına illərlə pensiya almasına hansı vəzifəli şəxslər köməklik edib? — ŞOK FAKTLAR

09:08 15-11-2020 279

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsi tərəfindən ayrılan pulları dələduzluq yolu ilə əl keçirməkdə ittiham olunan Nailə Qələndərovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 Demokrat.az-a istinadən bildirir ki, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirib, eyni üsulla özgənin xeyli miqdarda əmlakını ələ keçirməyə cəhd edib.
Nailə Qələndərova bu hərəkətləri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsi tərəfindən ayrılan 10 min manat pulu ələ keçirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsi cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.
İstintaq orqanı tərəfindən Nailə Qələndərovanın barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) və 29,178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətməyə cəhd etmək) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nailə Qələndərova elan olunmuş ittiham üzrə təqsirli bilib.
O, qeyd edib ki, mərhum Müslüm onun qaynatası olub:
“İbrahim Qələndərovla 1987-ci ildə rəsmi nikaha daxil olmuşam. Həmin vaxtdan mərhum qaynatam Müslüm və mərhum qaynanam Xədicə ilə birlikdə hazırda yaşadığım evə gəlin köçüb, həmin şəxslərlə birlikdə yaşamağa başlamışam. 2001-ci ildə qaynanam, 2016-cı il tarixdə isə qaynatam vəfat edib. Onların hər ikisi Yevlax şəhərində yerləşən “Dəvəçi” qəbirstanlığında dəfn ediliblər. Qaynatam Müslüm 1990-cı ildən əmək pensiyasına çıxıb və həmin tarixdən təqaüd alıb”.

“Həyacanlı olduğumdan dövlət qurumlarına məlumat vermədim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2015-ci ilin ortalarından qaynatasının ürəyində problemlər yarandığından sonuncu özü pensiya plastik kartını ona verib:

“Həmin kartdan pul məxaric etməklə dərmanlarını almasını, eləcə də evə tədarük etməyimi xahiş edib. Bu səbəbdən 2015-ci ilin ortalarından Müslüm Qələndərovun pensiya pulunu plastik pensiya kartı vasitəsilə almağa başladım.

2016-cı ilin oktyabr ayının 29-da Müslüm Qələndərov ürək çatmazlığından vəfat etdikdən sonra həyəcanlı olduğumdan bununla bağlı heç bir dövlət orqanına məlumat vermədim. Sonradan isə qaynatamın adına verilmiş plastik pensiya kartını, həmin kartın istifadə müddəti bitənədək istifadə etdib.

Kartın istifadə müddəti bitdikdən sonra qaynatamın ölümü barədə rayon mərkəzi xəstəxanasına, eləcə də qeydiyyat şöbəsinə məlumat vermək qərarına gəldim. Bununla belə 2017-ci ilin iyun ayında kartın istifadə müddəti bitdikdən sonra “Kapitalbank” ASC-nin Yevlax filialına müraciət edərək Müslüm Qələndərovun adına olan yeni kartı götürmək istədim. Lakin, filialda kartı götürmək üçün ya kart sahibi özü, ya da onun etibarnaməli nümayəndəsinin filiala müraciət etməli olduğunu mənə izah etdilər. Bu səbəbdən yaşadığım küçəyə nəzarət edən Yevlax şəhər İcra Hakimiyyətinin Evlər Komitəsinin 63 saylı küçə müvvəkili Mehriban xanıma müraciət etdim, qaynatam Müslüm Qələndərovun ağır xəstə olduğunu bildirdim, sonuncu adına olan pensiya plastik kartını “Kapitalbank” ASC-nin Yevlax filialından götürmək üçün qaynatamın adından onun adına etibarnamə düzəltmək istədiyimi bildirdim, köməklik etməsini xahiş etdim. Mehriban isə həmin etibarnaməni 30 manat müqabilində düzəldə biləcəyini dedi. Mən sonuncu ilə razılaşaraq 30 manat pulu və etibarnamənin düzəldilməsi üçün qaynatamın, özümün şəxsiyyət vəsiqələrinin surətini Mehriban xanıma verdim”.
Nailə Qələndərova qeyd edib ki, 2017-ci ilin iyul ayının 14-də Mehribanla görüşərək qaynatasının adından tərtib edilmiş etibarnaməni alıb:
“Həmin gün, yəni 2017-ci ilin iyul ayının 14-də isə həmin etibarnamədən istifadə etməklə qaynatamın adına olan yeni pensiya plastik kartını “Kapitalbank” ASC-nin Yevlax filialından götürdüm. 2017-ci ilin iyul ayı daxil olmaqla həmin ilin noyabr ayınadək istifadə etməklə həmin kartdan müxtəlif məbləğlərdə pul məxaric etdim. Sonuncu dəfə həmin kartdan 2017-ci ilin oktyabr ayında pul məxaric etdim. Məxaric etdiyim pulların hamısını şəxsi ehtiyaclarıma xərcləmişəm”.

“Bundan narahat oldum”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2017-ci ilin noyabr ayında isə karta pulun yüklənməsi dayanması səbəbindən banka müraciət edib:
“Mənə izah etdilər ki, “Kapitalbank” ASC-nin Yevlax filialında çoxlu sayda saxta etibarnamə aşkar olunub və bu barədə bankın rəhbərliyi məlumatlandırılaraq filialda yoxlamalar təyin edilib.
Bundan başqa mənə saxta etibarnamələr əsasında alınmış kartlar barədə hüquq mühafizə orqanlarına məlumat verilməsi və yalnız istintaqın yekunundan sonra qanunauyğun şəkildə pensiya almaq hüququ olan şəxsin kartlarının blokdan çıxarılacağı, şəxslərin sərbəst şəkildə kartdan istifadə edə biləcəkləri bildirildi. Bu məlumatlardan narahat olduğu üçün yaşadığım küçənin müvəkkilinə müraciət etdim, qaynatam Müslüm Qələndərovun vafat etməsi barədə məlumat verdim, ölməsi haqqında arayış verilməsini xahiş etdim.
Müvəkkil sözlərim əsasında arayış verdikdən sonra o, ərim İbrahimlə birlikdə Yevlax rayon sağlamlıq mərkəzinə müraciət edərək mərkəzin sahə həkimi ilə görüşdük, sonuncu verdiyim arayış əsasında Müslüm Qələndərovun guya arayışda qeyd olunduğu kimi xx 2017-ci ildə vəfat etməsi barədə 000388 nömrəli ölüm haqqında tibbi şəhadətnaməni verdi”.

“Pul yükləndiyini bildirdi”

Nailə Qələndərova bildirib ki, həmin ölüm haqqında tibbi şəhadətnamə aldıqdan sonra isə həmin şəhadətnaməni İbrahimlə birlikdə Yevlax rayon qeydiyyat şöbəsinə verib, şöbədən AZ-İ 905315 nömrəli ölüm haqqında şəhadətnamə alıb:
“Bundan sonra Müslüm Qələndərovun vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnaməni Dövlət Sossial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə təqdim etdim. Həmin vaxt DSMF-nin Yevlax rayon şöbəsinin xatırlamadığı əməkdaşı mənə bildirdi ki, qaynatamın adına olan təqaüd kartına 2017-ci ilin oktyabr-noyabr aylarında hər ay üçün 230,22 manat təqaüd yüklənib.
Həmçinin DSMF-nin Yevlax rayon şöbəsinin xatırlamadığım əməkdaşı əlavə olaraq bildirdi ki, noyabr ayında yüklənmiş pulu DSMF özü geri çəkəcək, oktyabr ayında aldığı pul vəsaitini isə biz DSMF-nin hesabına geri qaytarmalıyıq.
Həmin sözlərdən sonra maddi vəziyyətimi düzəldən kimi dərhal əsassız olaraq aldığım pulu geri qaytaracağıma vəd verdim. Bu səbəbdən mənim və ərimin razılığı ilə bizə dəfn xərci kimi ödənməli olan 330 manat puldan 100 manat şöbənin xeyrinə tutularaq ərim İbrahimə atasının dəfn xərci olaraq yalnız 229,77 manat pul vəsaiti ödənildi”.

“Qayınatamın ölməsi barədə xəbərləri olmayıb”

Nailə Qələndərova bildirib ki, 2018-ci ilin may ayında isə vəd etdiyi kimi 130 manat pulu DSMF-nin Yevlax rayon şöbəsinə artıq ödənilmiş pul vəsaiti kimi qaytarıb:
“Bundan başqa etdiyim əməldən peşman olaraq 2019-cu il tarixdə qanunsuz aldığı puldan əlavə olaraq 401 manat məbləğində pulu DSMF-nin Yevlax rayon şöbəsinin hesabına bərpa etdim. 2017-ci ilin noyabr ayında Müslüm Qələndərov barəsində verilmiş ölüm haqqında şəhadətnaməni DSMF-nin rayon şöbəsinə verdikdən sonra qaynatamın adına olan təqaüd kartının istifadəyə yararsız hesab etdiyim üçün şöbənin həyətində qırıb atdım.
Yaşadığım küçənin küçə müvəkkili ölüm barədə arayış və etibarnamə alan zaman onların heç biri Müslüm Qələndərovun ölməsi barədə məlumata malik olmayıblar. Lakin, Mehriban özü mənə verdiyi saxta etibarnamənin saxta sənədlərin hazırlanması ilə məşğul olan tanışı İzzət adlı şəxsin vasitəsilə düzəltdiyini mənə bildirib. Ölüm barədə arayışı tərtib edərkən isə mən, həm Hüseynə, həm də Mehribana Müslümün 2017-ci ildə ölməsi barədə məlumat vermişəm. Həmin şəxslər isə sözlərim əsasında arayışı tərtib ediblər”.

“Ərimin məlumatı olmayıb”

Təqsirləndirilən şəxs deyib ki, xəstəxanada həkim Yusifova Tacmahal və Yevlax rayon qeydiyyat şöbəsinin əməkdaşları isə Mehriban xanımın verdiyi arayışın əsasında şəhadətnamələr tərtib ediblər:
“Nə Tacmahal, nə də Hüseyn arayışda və şəhadətnamədə qeyd olunan tarixdə, yəni 2017-ci il tarixdə mənim evimdə olmayıb, Müslümün konkret olaraq nə zaman öldüyünü görməyiblər. Ərim günəmuzd olaraq müxtəlif rayonlarda fəhləçilik etdiyindən sənədləşmə işləri ilə həmişə özüm məşğul olmuşam. Qaynatamın ölümündən sonra onun kartından pul məxaric etməyim, onun adına saxta etibarnamə ilə yeni pensiya kartı almağım, Hüseynin qaynatamın ölümü barədə arayış verməsi barədə ərimin məlumatı olmayıb. Yevlax rayon qeydiyyat şöbəsinə İbrahimlə getsəm də, həmin müəssisənin əməkdaşları ilə özüm danışmışam.
2016-cı ildə vəfat etmiş qaynatam Müslümün ölüm haqqında şəhadətnaməsini 2017-ci ildə almağımı isə İbrahimə belə izah etmişım ki, xəstə olduğumdan şəhadətnamə üçün lazım olan sənədləri vaxtında toplaya bilməmişəm.
Saxta etibarnamə əldə edərək ondan istifadə etməyim barədə Mehribandan başqa heç kimin məlumatı olmayıb. Mehribanın verdiyi və istifadə edərək qaynatamın adına olan yeni plastik kart götürdüyüm etibarnamənin kim tərəfindən hazırlanması barədə məlumatım olmayıb. Mehribanın deməsinə görə etibarnaməni İzzət adlı şəxs hazırlayıb”.

Yevlax rayon Məkəməsinin hökmü ilə Nailə Qələndərova 4 min manat miqdarında cərimə cəzasına məhkum edilib.

REALXEBER.ORG