Korrupsioner müstəntiqdən daha bir şikayət

09:41 15-11-2020 180

Bu yaxınlarda aktualxeber.az saytında  “Xətai polisinə korrupsiya ittihamı” başlıqlı məqalə dərc etmişdik. Məqalə redaksiyamiza mürciət etmiş Mirzəyev İsmayıl Zeynal oğlu tərəfindən yazılmış şikayət ərizəsi əsasında hazırlanmışdı. Belə ki, aktualxeber.az-a üz tutan vətəndaş Xətai rayon Polis İdarəsindən və müstəntiq Tofiq Namazovdan şikayətçi idi. İ.Mirzəyev ərizəsində qeyd edirdi ki, müstəntiq onu idarəyə çağıraraq onun barəsində Tamella adlı xanım tərəfindən şikayət edilərək  7.500 manat borcunun olduğunu və bu borcun təcili ödənəcəyi təqdirdə ona kömək edəcəyini bildirmişdi. Şikayətçi yazırdı: “Mən borcun 4100  manat olduğunu, eyni zamanda mənim yox dostum Mehdinin verəcəyini desəm də T. Namazov bildirdi ki, ərizə səndən yazılıb və ona görə də sən ödəməlisən. Dostum həbsdə olduğuna görə 3.500 manat şikayətçiyə və 1.000 manat da müstəntiqə verməklə materialın bağlanmasına razılaşdıq. Mən 4.500 manatı T. Namazova verdikdən bir müddət sonra zəng edib dedi ki, gəl 1.000 manatını qaytarım, iş məhkəməyə gedir. Mən narazılıq etdikdə müstəntiq bildirdi ki, 2.000 manat hakimə, prokurora vermək üçün əlavə pul verməliyəm, yoxsa iş məhkəməyə gedir və mənə problem yarana bilər. Mən ondan verdiyim 4.500 manatı tələb etsəm də, müstəntiq mənə 1.000 manat qaytardı və qalan pulu şikayətçiyə verdiyini deyərək mənə heç bir qəbz də vermədi”.Maraqlı olan budur ki, redaksiyamıza həmin müstəntiqlə bağlı qarşı tərəf də şikayət edib. Bizə ərizə ilə müraciət edən Fərzəliyeva Tamella Arif qızı da Tofiq Namazovun onu aldatdığını və maddi zərər vurduğunu iddia edir. Onun şikayətlərinə obyektiv baxmaq adı ilə qabaqcadan 1000 manat pul istəyib və alan müstəntiq vədinə xilaf çıxıb. Eyni zamanda İsmayıldan aldığı pulu da ona verməyibdir. Şikayətçi xanım da Mirzəyev İsmayıl Zeynal oğlu kimi onlardan alınan pullların geri qaytarılmasını və T. Namazovun cəzalandırılması üçün əlaqədar orqanlardan kömək istəyirlər.

Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.

 

aktualxeber.az