Ermənistan tərəfi Kəlbəcərdəki insanların çıxarılmasına görə vaxt istədi

21:44 15-11-2020 234

Kəlbəcərin Azərbaycana təhvil verilməsi ilə bağlı brifinq keçirilib.

milletinsesi.info-ın brifinqdəki müxbiri xəbər verir ki, bu gün keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov iştirak ediblər.

Brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Respublikasının Prezidenti Vladmir Putinlə telefon danışığı olub və danışıq zamanı Ermənistan tərəfinin müraciəti Rusiya vasitəsilə Azərbaycana çatdırılıb.

Onun sözlərinə görə, Ermənistan tərəfi işğal olunmuş ərazilərimizdən çıxmaq üçün Azərbaycandan vaxt istəyib: “Erməni silahlı qüvvələri insanların oradan çıxarılması üçün noyabrın 25-nə kimi vaxt istəyib. Kəlbəcər rayonu coğrafi baxımdan böyük bir ərazini əhatə edir. Kəlbəcər-Zod-Vardenis yoludur. Ərazinin coğrafiyası və relyefi də çətindir. Yolda sıxlıq əsaslı şəkildə artıb. Kəlbəcərdə yerləşdirilən mülki əhalinin çıxması ilə bağlı Azərbaycan humanist addım atıb və noyabrın 25-dək onlar ərazini tərk edəcəklər. “Kəlbəcər rayonunda qanunsuz yerləşdirilən vətəndaşlar oradan çıxarılmalıdır”.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sözlərinə görə, Kəlbəcəri tərk edən ermənilər mülki obyektləri yandırır: “Barbarlıq faktları var. Onlar ətraf mühitə və obyektlərə zərər vuraraq oradan çıxırlar. Təbii ki, ekoloji terror əməllərinin də qarşısı alınmalıdır. Ərazidə bəzi tikililər var ki, bu da qeyri-qanunu xarakter daşıyır.

Həmçinin, maddi mədəniyyət abidələrinə də zərərlər vurulur. Ağdam rayonunda da qanunsuz arxeoloji qazıntılar aparırlar. Əldə olunmuş əşyaların qablaşdırılaraq, Ermənistana aparılması ilə bağlı da faktlar vardır. Mülki obyektlərin qorunması ilə bağlı beynəlxalq konvensiyaların pozulması faktları müşahidə olunur”, - deyə H.Hacıyev qeyd edib.

Brifinqdə Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov isə deyib ki, əfsuslar olsun ki, erməni işğalçıları əraziləri tərk edərkən yanğın törədir, öz postlarını dağıdır: “Bu, onların əsl iç üzünü göstərir. Biz, sadəcə, bu proseslərə nəzarət edirik, monitorinq edirik. Bu barədə yeni videolar əldə olunan zaman ictimayyətə çatdırılacaq”, - deyə o qeyd edib.

H.Mahmudov əlavə edib ki, bu proses tam detalına kimi izlənilir.