İsrail xüsusi xidmətinin keçmiş rəhbəri: “İlham Əliyev heç kimin bacarmadığını etdi” - VİDEO

21:47 15-11-2020 180

Azərbaycan və məqsədlərinə çatan Prezident İlham Əliyev ikinci Qarabağ müharibəsində mütləq qalib oldu.

Bunu jurnalist Vladimir Solovyovun “YouTube” kanalında İsrailin “Nativ” xüsusi xidmətinin sabiq rəhbəri Yakov Kedmi deyib.

“O, ermənilər tərəfindən tutulan Azərbaycan ərazilərini fəth etdi. Bu gün Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsi müzakirə edilmir, statusun necə saxlanılması məsələsi müzakirə olunmur. Bu müəyyənləşdirilməmiş statusun necə dəyişdiriləcəyi sualı müzakirə olunur. Və Ermənistanda quduz insanların istəklərinə əsasən statusun dəyişməyəcəyi də aydındır. Onların fürsəti var idi, Azərbaycanla razılığa gəlib, belə biabırçı məğlubiyyətə uğramadan orada qala bilərdilər”, - Y.Kedmi bildirib.

Solovyovun “Əliyev Paşinyanı tamamilə məhv etdi və ölkə prezidenti kimi göründüyü halda , Paşinyan nədənsə Şuşada qastrol səfərini təşkil edən pis rəqqasə oxşayırdı” ifadəsinə cavab olaraq Kedmi bu iki nəfəri müqayisə etməyin ümumiyyətlə yersiz olduğunu qeyd edib.

“Onlar nə təhsildə, nə təcrübədə, nə də dövlət düşüncəsində müqayisə edilə bilməz. Əliyev əvvəllər heç kimin bacarmadığını edib. O, Azərbaycanın milli problemlərindən birini həll etdi. O, Azərbaycanı həm beynəlxalq, həm də milli nöqteyi-nəzərdən gücləndirdi. Və o sübut etdi ki, hakimiyyət Azərbaycan xalqının maraqlarına xidmət edir”, - İsrail xüsusi xidmətinin keçmiş rəhbəri deyib.