Paşinyan Kremli niyə hədəfə çıxarır: “Sorosçu” baş nazir Co Baydeni “dörd göz”lə gözləyir

22:31 16-11-2020 189

Özünün istefası ilə bağlı tələblərin müəlliflərini Rusiya əleyhinə açıqlamalarla tərəddüdlərin içərisinə çəkməsi, hazırda Nikol Paşinyanın qarşısında əsas məqsəd kimi dayanır... Çünki Co Baydenin hakimiyyətə sahiblənməsindən sonra ABŞ-ın “sorosçu” baş naziri dəstəkləyə biləcəyi də qətiyyən istisna deyil... Ancaq Nikol Paşinyan mümkün qədər zamanı uzatmağa çalışsa da, hakimiyyət komandasındakı sürətli “yarpaq tökümü” onun öz istəyinə çatmasını əngəlləyə bilər...

Yenixeber.org: Ermənistan Cənubi Qafqaz regionunda yeganə qarışıq ölkədir. Savaşda biabırçı məğlubiyyət və kapitulyasiya Ermənistanı “dərin böhran quyusu”nun dibinə tullayıb. Rəsmi İrəvan ölkəni həmin “dərin quyu”dan çıxara bilib-bilməyəcəyi isə hələlik ciddi suallar doğurmaqdadır.

Məsələ ondadır ki, Ermənistanın yalnız siyasi deyil, həm də maliyyə-iqtisadi böhrana uğrayıb. Dövlət idarəçilik sistemi iflasa uğrayıb, demək olar ki, dağılmaq üzrədir. Hakim siyasi komandanın daxilində “yarpaq tökümü” prosesi başlayıb və sürətlənməkdədir.

a9063b48b3851c780cee07fb7c736349.jpg (160 KB)

Belə ki, bir sıra yüksəkrütbəli hərbi və mülki məmurlar bir-birinin ardınca istefa verib. Son istefa ərizəsi yazıb, postunu tərk edənlərin sırasında baş nazirin müavini və xarici işlər naziri də var. Bu isə ümumilikdə hökumətin sürətlə “əriməkdə olması” anlamına gəlir.

İndi Ermənistan iki seçim qarşısındadır. Halbuki bu düşmən ölkənin qanunlarına görə, növbəti seçkilərə hələ iki ildən də çox vaxt qalıb. Və seçim olmayan ölkənin cəmiyyəti prinsipial seçim qarşısında aciz qalıb.

Maraqlıdır ki, Ermənistan cəmiyyəti Paşinyan hakimiyyətinin bütövlükdə istefa verməsində israrlıdır. Bununla hər şeyin yenidən başlaya biləcəyinə və kapitulyasiya sənədinin legitinliyini şübhə altına alına biləcəyinə ümid bəsləyirlər. Bu isə Ermənistanın düşdüyü “siyasi labirinti” daha da qəlizləşdirir.

Hər halda, nəzərə almaq lazımdır ki, hər hansı ölkənin rəhbəri olan şəxs bir sənədə imza atırsa, onun yerinə gələn də sonradan onu yerinə yetirməyə məcbur qalır. İmza müəllifini hakimiyyətdən devirməklə, onun öz ölkəsi adına götürdüyü dövlətlərarası öhdəliklər qüvvəsini itirmir.

pashi-kappi.jpg (189 KB)

Əlbəttə ki, Ermənistanda bu reallığı anlayanlar da kifayət qədərdir. Üstəlik sənədi imzalayanlar sırasında Rusiya prezidenti Vladimir Putinin də olması vəziyyəti daha da qəlizləşdirir və ondan imtina imkanlarını heçə endirir.

Belə “siyasi oyunlar” Ermənistanın çəkisinə uyğun gəlmir. Çünki Ermənistan Rusiyanın da tərəf olduğu anlaşmadan yayınmağa cəsarət edə biləcək ölkə deyil. Bu, Ermənistana olduqca baha başa gələ bilər.

Ona görə də, Paşinyan hakimiyyətinin devrilməsi və ya istefaya göndərilməsi, əslində, Ermənistana yeni heç nə qazandıra bilməz. Onu əvəzləyən siyasi qüvvə baş nazir Nikol Paşinyanın imzası olan sənəddəki öhdəliklərin hər birisini yerinə yetirməyə məcburdur.

Üstəlik, bu, həm də yeni hakimiyyət komandası üçün də əlav ə siyasi diskimfort vəd edir. Öhdəliklər yerinə yetirildikcə, ittihamlara məruz qalınması da qaçılmaz olacaq.

Baş nazir N.Paşinyanın indiyə qədər devrilmədən, öz postunu qoruya bilməsinin əsas səbəblərindən birini də məhz bu faktorda axtarmaq lazımdır. Hazırda Ermənistan müxalifəti israrla N.Paşinyanın istefasını tələb etsə də, hakimiyyəti ələ keçirtməyə də ciddi həvəs göstərmir. Böyük ehtimalla erməni müxalifəti Ermənistan üçün “qara səhifə” hesab edilən tarixi kapitulyasiyanın siyasi məsuliyyətinə şərik olmaq istəmir.

2f623f19f41c5a8c75808bf4b1bae815.jpg (68 KB)

Üstəlik, Paşinyan hakimiyyətini əvəzləyə biləcək Ermənistan müxalifətinin əsasən Rusiyameylli olması “siyasi böhran quyusu”nu daha da dərinləşdirir. Hər halda, hazırda Ermənistan əhalisinin böyük əksəriyyətinin Rusiyanın əleyhinə əhval-ruhiyyə ilə kökləndiyi heç kəsə sirr deyil. Və Rusiyameylli siyasi qüvvələrin Kremlə az qala nifrət bəsləyən bir ölkəni idarə etməsi o qədər də asan deyil.

Təbii ki, belə vəziyyətdə Ermənistan cəmiyyəti üçün ikinci seçim variantı da aktuallıq qazanmış olur. Belə ki, kapitulyasiya sənədindən yayınmaq mümkün deyilsə, baş nazir N.Paşinyanın hakimiyyətdə qalması əksər siyasi qüvvələrin ictimai maraqlarına daha çox uyğun gəlir.

Heç şübhəsiz ki, proseslərin belə məzmun və keyfiyyət daşıması baş nazir N.Paşinyanın siyasi maraqlarına da cavab verir. Çünki zaman uzandıqca, o hakimiyyətini qorumaq və sonradan daha da möhkəmləndirmək şansı qazana bilər. Və bununla da öz gələcək taleyini bir sıra təhlükəli nəticələrdən xilas etmək imkanı qazanar.

Maraqlıdır ki, hazırda baş nazir N.Paşinyan öz postunu qorumaq üçün bütün vasitələrdən istifadə etməyə çalışır. Onun son bir həftə ərzində verdiyi açıqlamalara diqqət yetirdikdə buna əmin olmaq mümkündür.

Serj-Sargsyan_Robert-Kocharyan-e1519806514633.jpg (45 KB)

N.Paşinyan əvvəlcə kapitulyasiya sənədini imzalamasını cəbhədəki çıxılmaz durumla izah etməyə çalışdı. Eyni zamanda, günahkarların sırasına ordunun modernləşdirilməsinə əhəmiyyət verməyənləri də qatdı. Yəni, özündən əvvəlki Rusiyameylli Köçəryan və Sarkisyan hakimiyyətlərini də məğlubiyyətə ortaq etdi.

Ardınca sənədi imzalamaqdan əvvəl generallarla məsləhətləşdiyini bəyanladı. Və onların istəyi ilə kapitulyasiya sənədini imzaladı. Yəni, ordunu idarə edən generalları da suçlu duruma saldı. Bu, ona sonrakı günlərdə ordunun etiraz dalğasına dəstək vermə ehtimalını zərərsizləşdirmək üçün lazımıydı.

Sonra Ermənistan cəmiyyətini hədələyən mövqeyə keçdi. Bir tərəfdən meydanlarda toplaşan etirazçıların savaş meydanına çağırışdan yayınanlar olduğunu bəyanladı.

Digər tərəfdən də savaş bölgəsindən çıxarılmaqda olan hərbi hissələri paytaxt İrəvana çağırdı. Küçə və meydanlarda “ulayanlar”la haqq-hesab çəkmək üçün onlara ehtiyacı olduğunu vurğuladı. Bununla da ordu daxilində ona dəstək verən hərbi qüvvələrin olması barədə rəy yaratmağa çalışmaqla, özünə qarşı olanları vətəndaş müharibəsi ilə hədələmiş oldu.

Onu da qeyd edək ki, bütün bunlar nəticə verib-verməyəcəyindən asılı olmayaraq, olduqca hiyləgər manevrlərdir. Ən azından ona görə ki, bunlar rəqib düşərgəni istər-istəməz düşünmək məcburiyyətində qoya biləcək təhdidlərdir.

putin.jpg (62 KB)

Nəhayət, baş nazir N.Paşinyan “siyasi arsenal”ında ehtiyatda olan sonuncu və ən önəmli “silah”ını da işə saldı. Belə ki, ən son açıqlamasında iki rəqib dövləti – ABŞ və Rusiyanı tamamilə fərqli şəkildə cəmiyyətə təqdim etdi.

Həmin dövlətlərdən birini baş verənlərdən uzaq və öz siyasi problemləri (seçki prosesi) ilə məşğul olaraq, heç nəyə qarışmadığı üçün günahsız göstərdi. Digərini isə savaş başladıqdan, kapitulyasiya sənədinin imzalanmasına qədər olan müddətdə baş verənlərin əsas ssenari müəllifi kimi təqdim etdi.

Məsələ ondadır ki, N.Paşinyanın 27 sentyabrdan 10 noyabra qədər ABŞ təmsilçilər (prezidentin köməkçisi və dövlət katibi) ilə cəmisi 5 dəfə ünsiyyətdə olduğunu qabartması olduqca hiyləgər siyasi həmlədir. Çünki o, bunun qarşılığında həmin müddət ərzində şəxsən Rusiya prezidenti Vladimir Putin ilə hər gün ən azı 5 dəfə ünsiyyətinin olduğunu xüsüsi olaraq, vurğulayır. Bu isə baş verənlərə və nəticələrə görə birbaşa Kreml sahibinin məsuliyyətini ön plana çıxartmaq cəhdidir.

Hər halda, N.Paşinyan kapitulyasiya sənədinin məzmununu ABŞ rəsmilərindən heç kimlə müzakirə etmədiyini qabartması qətiyyən boşuna deyil. Çünki N.Paşinyan həm də vurğulayıb ki, həmin sənəd ona prezident V.Putin tərəfindən təqdim olunub və o, sənədi imzalamaq məcburiyyətində qalıb.

9f98c4e426e84cf6214776eb8d6b6bf8.jpg (209 KB)

Hər şey bu qədər açıq-aydın ortadadır. Belə ki, N.Paşinyan Kreml sahibini, eləcə də ümumilikdə Rusiyanı hədəfə çıxartmağa çalışır. Çünki, günahın məhz Kremlin üzərinə yüklənməsi Ermənistanda Rusiya əleyhinə əhval-ruhiyyənin ən yüksək səviyyədə olduğu bir situasiyada ona hakimiyyətini qorumaq və möhkəmləndirmək imkanları aça bilər. 

Əslində, özünün istefası ilə bağlı tələblərin müəlliflərinin Rusiya əleyhinə açıqlamalarla tərəddüdlərin içərisinə çəkilməsi, hazırda N.Paşinyanın qarşısında əsas hədəf kimi dayanır. Böyük ehtimalla erməni baş nazir ABŞ-da Co Baydenin prezident səlahiyyətlərinin icrasına başlamasını dörd gözlə gözləyir.

Çünki Co Baydenin hakimiyyətə sahiblənməsindən sonra ABŞ-ın “sorosçu” baş naziri dəstəkləyə biləcəyi də qətiyyən istisna deyil. Bu halda, onu hakimiyyətdən devirmək o qədər də asan olmayacaq.

Ona görə də N.Paşinyan hazırda mümkün qədər zamanı uzatmağa çalışır. Ancaq hakimiyyət komandasındakı sürətli “yarpaq tökümü” şəraitində onun öz istəyinə çata bilib-bilməyəcəyi də ciddi suallar doğurmaqdadır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)