Paşinyanın informasiya siyasəti də iflasa uğradı-TƏHLİL

22:34 16-11-2020 100
İkinci Qarabağ savaşı azərbaycanlıların Vətən Müharibəsi kimi tarixə düşdü. Ermənistanın kapitulyasiyası, Azərbaycanın isə ərazi bütövlüyünün bərpası ilə yekunlaşan 44 günlük müharibə işğalçının bir sıra hiylə və məkrli siyasətini də üzə çıxardı. İlk gündən ağır itkilər verib geri çəkilən erməni ordusu haqqında İrəvanda “əfsanələr” dolaşması üçün hökumət yalan maşınını, dezinformasiya çarxını işə salmışdı.
Yenixeber.org: Lakin hərbi əməliyyatlar dövrü Ermənistan rəhbərliyinin və mediasının öz xalqını feyk məlumatlarla, saxtakarlıqlarla necə aldatmasını əyani şəkildə nümayiş etdirdi. Paşinyan iqtidarının informasiya siyasəti bütün vasitələrlə Azərbaycanın qələbəsinin inkarçılığı üzərində qurulmuşdu. Hər gün yüzlərlə saxta məlumatı tirajlayaraq, Ermənistan xalqını "qəhrəman ordu" nağıllarına inandırmağa çalışırdılar.

Ermənistan tərəfindən döyüş əməliyyatlarının coğrafiyası və nəticələri barədə uydurmalar o həddə çatmışdı ki, müstəqil informasiya kanallarına, sosial şəbəkələrə müharibə bəhanəsilə çıxışı qapadılmış sadə ermənilər işğalçı ordunun Bakıya çatdığını zənn edirdilər. Bu cür yalan maşınının fəaliyyəti nəticəsində xeyli sayda erməni gənci yalnız döyüş bölgələrinə gətiriləndə necə aldadıldıqlarının fərqinə varmağa başladı.

Azərbaycan Ordusu Hadrutu qəhrəmanlıqla azad etməsinə, orada üçrəngli bayrağımızı dalğalandırmasına baxmayaraq, qarşı tərəf Şuşan Stepanyan (Müdafiə nazirliyinin mətbuat katibi-red) səviyyəsində bunu inkar etdi, hər vəchlə yalan danışaraq xalqı inandırmağa çalışdı ki, guya hər şey rəsmi Bakının elan etdiyi kimi deyil...

Təsadüfi deyil ki, hakimiyyətə gələndə demokratik azadlıqlar vəd edən Sorosun erməni “demokrat” fiquru (baş nazir Nikol Paşinyan-red) müharibənin ilk günündəcə Ermənistanda sosial medianı ciddi nəzarətə götürdü. Sosial şəbəkələr üzərindən neqativ yazanların hamısı təqib və həbs edildi, bütün müxalif saytlar bağlandı, müstəqil səslər boğuldu, hakimiyyət mediası, müstəqil ekspert kimi təqdim edilən hakimiyyətyönümlü influenser davamlı olaraq cəmiyyətə feyklər ötürdü. Hətta kapitulyasiyadan sonra 44 gün ərzində ermənilərin əlinə işləmiş Vladimir Solovyov (Rusiyalı jurnalist -red) də Paşinyanın troll ordusunu ifşa etdi. O, verilişində videokadrlar yayımlayaraq göstərdi ki, sən demə, Nikolun saxladığı cavan qızlar müharibə boyu xüsusi ofislərdə səhərdən axşama kimi pul müaabilində iqtidarın trolluğunu edib.

Yeri gəlmişkən, 44 gün ərzində nəinki indi Paşinyana qıcıqlı olan Solovyov, digər “media maşınları” da nələrinsə müqabilində erməni cəmiyyətini feyk nyuslarla təmin etdi. Məsələn, Teleqram kanallarında Baqramyan-26, Aram Qabrielyanovun təsiri altında olan Semen Peqovun “Wargonzo” layihəsi tipli müxtəlif feyk yuvaları erməni xalqını mümkün olduqca həqiqətdən kənar saxladı. Bu resurslar Azərbaycan Ordusunun hər qələbəsini, şəhər, qəsəbə və kəndləri azad etməsini saxtakarlıqla ört-basdır etməyə, Ermənistan silahlı qüvvələrinin geri çəkilməyə məcbur edilməsini guya taktiki addım kimi izah etməyə çalışdı.

Nikol Paşinyan başda olmaqla Ermənistan müdafiə nazirliyinin təmsilçiləri Şuşan Stepanyan, Artsrun Ovannisyan və dəgirləri ekran qarşısına çıxaraq erməni xalqını aldadır, sosial şəbəkə hesablarında saxta "qələbə" anonsları verirdi. İnformasiya vakuumunda şirin yalanlar müvəqqəti effekt versə də, son nəticədə hər şeyin üstü açıldı. İndi Paşinyan sözünə etimad qalmayanların yerinə başqalarını gətirməklə, orduda həbslər aparmaqla vəziyyətdən çıxmağa çalışır, yaxud da günakarı üçüncü şəxslərin üzərinə atmaqla özünü günahsız "mələk" kimi təqdim etməyə səy göstərir.

İlər boyu "məğlubedilməzliyə" inandırılmış və Azərbaycanın gücünü düzgün hesablamaqdan məhrum edilmiş erməni cəmiyyəti artıq həqiqətlə üz-üzədir, bilir ki, yalanların hamısı hakimiyyətin sifarişi ilə tirajlanıb. Ermənistanı bürümüş etiraz dalğasında əsas suallar da elə bu məqamlarla sıx bağlıdır.

Hətta erməni jurnalistlər, media nümayəndələri də baş nazirə və onun məlum informasiya siyasətinə qarşı üsyan edirlər. Erməni saytların hər gün bu mövzuda xeyli sayda tənqidi yazılarına rast gəlmək olar. Ermənistanın hərbi-siyasi rəhbərliyi ilə yanaşı işğalçı ölkənin iqtidar mediası da xalq arasında etimad limitini itirib.

44 günlük döyüşlər vaxtı və ondan sonra Ermənistandan fərqli olaraq ölkəmizdə heç nə gizlin saxlanılmadı, ilk gündən media nümayəndələri operativ şəkildə cəbhədə baş verənlərlə məlumatlandırıldı. Hətta xarici KİV nümayəndələri cəbhə xəttinə yaxın buraxıldı ki, real durumun nələrdən ibarət olması dünya ictimaiyyətinə çatdırılsın. Həqiqətən bunun sayəsində döyüş meydanında qazandıqlarımız qədər informasiya savaşında da bir addım öndə olduq. Azərbaycan Prezidenti İlham Əliyev bu müddətdə bütün çıxışlarında və xarici mediaya 30-a yaxın müsahibəsində Ermənistanın hərbi-siyasi rəhbərliyinin yalanlarını ifşa etdi, feyk məlumatlara inanmamağı həm də Ermənistan ictimaiyyətinin diqqətinə çatdırdı.

Bu gün müharibə bitsə də, informasiya mübarizəsi hələ davam edir. Azərbaycan yenə əvvəlki media ab-havasını qoruyub saxlayır, İrəvanda isə günahlar axtarışı bu gedişlə xeyli vaxt aparacaq.(azvision)
Tural Tağıyev