Dövlət Məşğulluq Xidmətinin İmişli rayon şöbəsi Babayevlər ailəsinə iş tapa bilmir

16:36 17-11-2020 252

Məmur özbaşınalığı, dövlət vəzifəsinə şəxsi mülkiyyəti kimi baxmaq heç də birinci hal deyil. Yəqin ki, belə davam edəcəyi təqdirdə sonuncu da olmayacaq. Halbuki ölkə Prezidenti cənab İlham Əliyev dövlət vəzifələrinin icraçılarının xalqa xidmətçi olmalarının altını cızaraq dəfələrlə deyib. Lakin...

Lakin bəzi məmurlarda özündən müştəbehlik hələ də qalmaqdadır.  İmişlidəki mənbədən daxil olan məlumatda bu tip müştəbehliyin daha bir nümunəsi təqdim edilir. Məlumatda bildirilir ki, İmişli Məşğulluq Mərkəzinin direktoru Elxan Rüstəmli rəhbərlik etdiyi qurumun fəaliyyətindən narazılıq edənlərə bir cümlə ilə cavab verir: Get kimə istəyirsən de.

Əslində bu özbaşınalığın, məsuliyyətsizliyin sadəcə pikidir. Belə çıxır ki, cənab Rüstəmli özü üçün müəyyən edib ki, ölkədə cəzasızlıq rejimidir. Əslındə isə belə deyil. Hər bir qanun pozuntusunun, o cümlədən özbaşınalığın cəzası var. Bu məsələlərlə bağlı zaman-zaman nümunələrdə olub. Qayıdaq mətləbə.

İmişlinin Çaxırlı kəndində yaşayan Babayevlər ailəsi övladlarını məktəbə göndərə bilmir. Səbəb pulsuzluq, imkansızlıqdır. Ailə başçısı Elbrus Babayev işsiz olduğunu deyir. Buna görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Xidmətinin İmişli rayon şöbəsinə dəfələrlə müraciət etdiyini söyləyir.

elburus babayev

“Ancaq mənə bir iş tapılmır. Gündəlik fəhləlik edim deyirəm. O da, indiki dövrdə heç kim fəhlə işlətmir, hamı işini özü görür. Axırda məşğulluğa dedim ki, məni nazirliyin Özünüməşğulluq Proqramına qoşsunlar. Mənə də təlim keçilsin, biznes-plan yazım, heyvan alım saxlayım. Heç olmasa südündən, qatığından, pendirindən, nə bilim, balasından satıb övladlarımı, ailəmi dolandıraram. Konkret bir şey demədilər. Uzun müddət sənəd düzəltdim, apardım verdim. Get-gələ saldılar. Bugünədək bir xəbər çıxmayıb”, – Elbrus Babayev bildirir.

Şikayətçi əlavə edir ki, axırıncı dəfə məşğulluğa gedəndə ona bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi"nə (DOST) müraciət etsin. Orada ona iş tapılana qədər dəstək olacaqlar.

Ancaq Elbrus Babayev deyir ki, neçə dəfə gedib, hər dəfəsində mərkəzin qapıları bağlı olub: “Ümumiyyətlə, bu cür qapılar adətən əsl ehtiyacı olanların üzünə qapalı olur. Bir sözlə, alınmadı”.

Elbrus Babayev deyir ki, iş, iş tapana qədər kömək etməkləri özlərinə qalsın, heç olmasa ona heyvan verilsin: “Prezident bu proqramı yaradıb ki, kasıblara əl tutulsun. Tutulmur. Kasıbın vəzifəsi elə kasıb qalmaqdır. Axırıncı dəfə məşğulluqdan mənə dedilər ki, hara yazırsan yaz, bizə gəlir. İstədiyimizi edəcəyik. Dolanışıq, iş də yoxdur. Dəfələrlə bələdiyyəyə də müraciət etmişəm. Deyir, “iş yoxdur”. Hər yerə məktublar yazmışam. Heç biri işə yaramayıb. Bakıya yazırsan göndərirlər bura. Burdakılar da baxmır. Sosial da vermir ki, sizə düşmür. Hər yerdən əlimizi üzüb oturmuşuq”.

Babayevlər ailəsinin 3 qızı, 1 oğlu var. Böyük uşağın 15, kiçiyinin 6 yaşı var. Evin xanımı Rəşadə Babayeva deyir ki, uşaqlarına təhsil vermək arzusudur. Amma indiki vəziyyətdə bu, mümkün görünmür: “Çünki uşaqları məktəbə göndərə bilmirəm. Kiçik 1-ci sinfə gedir. Xeyli ehtiyacı var. Böyük isə 9-da oxuyur. Universitet üçün gərək indidən hazırlaşsın. Bizim isə bu arzuların, istəklərin, ehtiyacların qarşılığında pulumuz yoxdur. Nəinki ehtiyacları almaq, hazırlığa qoymaq, məktəbə göndərməyə gücümüz çatır ki?”

Rəşadə Babayeva deyir ki, uşaqları yaxşı oxuyur, müəllimləri həmişə tərifləyir. Di gəl ki, işsizlik, imkansızlıq onlara təhsil vermələrini mümkünsüz edir: “Hələ onu deyim. Bir ara dedilər “online” təhsil olacaq. O kompüter var ha, biz heç onun yaxınından da keçə bilmərik. Nə gəzir bizdə? Əyin-başlarını ala bilmirik. Qohum uşaqların köhnəsi ilə böyüyüblər. O da, olanda”.

Babayevlər ailəsi övladlarının gələcəyini düşünürlər. Ancaq əllərindən heç nə gəlmədiyini deyirlər: “Vallah, çalışdıq, çabaladıq, hər yerə müraciət etdik. İş tapa bilmədik. 2018-ci ildən isə məşğulluğa müraciət etmişik ki, heyvan versinlər. Bizi get-gələ salıblar. Vermirlər, bir açıqlaması da yoxdur. Bilirsiz, o heyvanları da bir az hörmət edənə verirlər. Bizim kimi əsl ehtiyacı olanlar da qalır kənarda. Bir sözlə, deməyim odur ki, çox çalışdıq hə şey boş çıxdı. İndi susub oturmuşuq, ümid qalmayıb”.

elxan rustemli

İmişli Məşğulluq Mərkəzinin direktoru Elxan Rüstəmli

 

İmişli Rayon Məşğulluq Mərkəzindən bildirilib ki, ailənin problemlərini və həqiqətən mərkəzə müraciət edib-etmədiklərini araşdıracaqlarını, bununla bağlı açıqlama verəcəklərini bildirsələr də, sonradan zənglərə cavab verməyiblər.

Onu da qeyd edək ki, redaksiyamıza şikayət edən əksər İmişli rayon sakinləri işsizliklə bağlı dəfələrlə özünəməşğulluq proqramına uyğun olaraq İmişli Məşğulluq Mərkəzində növbədə dursalarda heç bir nəticə yoxdur deyirlər.

İmişli sakinləri bildirirlər ki, növbəyə yazılanlar ancaq İmişli Məşğulluq Mərkəz direktoru Elxan Rüstəmlinin şəxsi maraqları üzərindən istədiklərinə nail olurlar: 

"“2018-2019-cu illərdə özünəməşğulluq proqramına uyğun olaraq növbəyə duranlar artıq çoxdandır ki, Elxan Rüstəmovun “xeyir-duası” ilə öz şəxsi təsərrüfatlarını yaradıblar. Lakin hər dəfə mənim müraciətimə Mərkəz direktoru laqeyidliklə “vermirəm, get kimə istəyirsən de” – deyə cavab verir.”

Şikayətçinin sözlərnə əsasən o qənaətə gəlmək olar ki, məhz bu məmurda yerində deyil.

milletinsesi.info