“Olympus Park” yaşayış kompleksində tikinti materialları keyfiyyətsizdir – İDDİA

20:38 17-11-2020 140

“İki il əvvəl Nəsimi rayonunda evimiz pilot layihə ilə əlaqədar plana düşdü, evin yerində “Olympus Park” (keçmiş “Avrasiya Constraction LTD” MMC) tərəfindən yeni yaşayış kompleksinin inşasına başlanıldı. Bizə evimizin əvəzinə 3 otaqlı təmirli və 1 otaqlı təmirsiz mənzil verilməli idi. Lakin şirkət öz üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə bir sıra qurumlara şikayət etdik. Bundan sonra bizə verilən kirayə haqqını da kəsdilər”.

Bu iddia ilə Nəsimi rayonu, F.Qasımzadə küçəsində evləri sökülən Əli Qarayevin hüquqi nümayəndəsi Bəyim Mahmudova və həmin evdə yaşayan Rüstəm Səfiyev müraciət edib.

Rüstəm Səfiyevin sözlərinə görə, özü və bacanağı Əli Qarayev ailələriylə birlikdə kirayə mənzillərə köçürülüblər. Şikayətçilər deyirlər ki, onlara mənzillərin təmirinə 17 min manat ayrılacağı ilə bağlı sənəd də verilib.  

Rüstəm Səfiyev iddia edir ki, təmir prosesində tikinti materiallarının keyfiyyətsiz olduğu bəlli olub: “Biz məcbur olub evi özümüz təmir etdik, indi heç bunun tələbini də etmirik. Problem ondadır ki, şikayətlərimiz şirkətin xoşuna gəlməyib və bizə ümumi məbləği 1200 manat olan 2 aylıq kirayə haqqını ödəmirlər. Təzyiq edirlər ki, şikayətimizi geri götürək. Tikinti şirkətindən deyilir ki, hara şikayət etmisizsə, kirayə haqqını oradan da tələb edin”.

Digər şikayətçi Ə.Qarayev isə insult keçirdiyindən vəziyyəti ağırdır. Onun adından hüquqi nümayəndəsi B. Mahmudova müraciət edib. Hər iki şikayətçi bildirir ki, kirayə haqqını iki aydır ödəyə bilmirlər. Bununla bağlı Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi də məlumatlandırılıb.

Problemlə bağlı sözügedən “Olympus Park”ın iqtisadçısı Nicat Süleymanovla əlaqə saxladıq. O isə ailələrin kirayə haqlarının kəsilməsi ilə bağlı iddianı təkzib edib: “Bəzi şəxslər həmin binada ev alacaq şəxslərin adlarından saxta imzalarla müxtəlif qurumlara şikayətlər edirlər. Guya bizim təmiri keyfiyyətsiz hesab edirlər. Amma Prezident Aparatından, İcra Hakimiyyətindən də nümayəndələr gəlib, mənzillərin təmiri ilə tanış olublar. Məlum olub ki, təmir tam qaydasındadır. Biz həmin şikayətçilərlə danışdıq, əksəriyyəti öz şikayətlərini geri götürdülər, bir neçə nəfər isə hələ də qalır. Biz kirayə pulunu kəsməmişik. Ola bilər ki, həmin şəxslərin hansındasa sayğac pulu tutmuşuq, yerdə qalan pullar ödənilib. Həmin şikayətlər əsassızdır”.

Mənbə Qafqazinfo.az