Bakı Xoreoqrafiya Akademiyası 3 ay əvvəl yaranan şirkətdən 196 min manatlıq balet paltarı alacaq – FOTOFAKT

21:05 17-11-2020 234

Bakı Xoreoqrafiya Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi "The First Drilinq” MMC olub.

Yeniavaz.com xəbər verir ki, "The First Drilinq” MMC Bakı Xoreoqrafiya Akademiyasının sifarişi ilə bu məktəbə balet və rəqs paltarları satacaq.
Qeyd olunan mallar üçün Bakı Xoreoqrafiya Akademiyası “The First Drilinq” MMC -yə 195 min 625 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, “The First Drilinq” MMC  cəmi 3 ay əvvəl - 14.08.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Səbail rayonu, Murtuza Muxtarov, ev 9, m. 30-da yerləşən MMC-nin nizamnamə kapitalı 20 manat təşkil edir. “The First Drilinq” MMC-nin qanuni təmsilçisi Rəhmanova Nazxanım Haciəli qızıdır.

Onu da bildirək ki, “The First Drilinq” MMC barədə açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil. Cəmi 3 ay əvvəl yaranan və 196 min manatlıq tenderin qalibi olan MMC-nin hansı təcrübəyə və peşəkarlığa sahib olduğunu müəyyən etmək mümkün olmur.

Bakı Xoreoqrafiya Akademiyasının elan etdiyi tender təklifində isə açıq şəkildə yazılıb ki, iddiaçının maddi-texniki imkanları, təcrübəsi, peşəkar işçi qüvvəsi olmalıdır.

"Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində də malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. Tender müsabiqəsindən cəmi 3 ay əvvəl yaranan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil. 

Qeyd edək ki, Bakı Xoreoqrafiya Akademiyasının keçirdiyi tender müsabiqələrində yeni yaranan şirkətlərin qalib gəlməsi faktı əvvəllər də müşahidə olunub. Belə ki, ötən ilin noyabr ayında Bakı Xoreoqrafiya Akademiyası tərəfindən keçirilən 2 tender müsabiqəsinin qalibləri də cəmi bir neçə ay əvvəl dövlət qeydiyyatına alınıb. Həmin tenderlərlə bağlı daha bir maraqlı məqam odur ki, tenderlərin qalibi olan “NT Engineering” MMC və “Stone Construction” MMC-nin hər ikisi eyni hüquqi ünvanda – Nərimanov rayonu, Ceyhun Hacıbəyli, 2v 2, m.17-də yerləşir.

Xatırladaq ki, Bakı Xoreoqrafiya Akademiyasının rektoru Əfəndiyev Timuçin İlyas oğludur. Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, “Şöhrət” Ordeni kavaleri, filologiya elmləri doktoru, professor, ədəbiyyatşünas Timuçin Əfəndiyev Yazıçılar Birliyinin üzvü, Azərbaycan və xaricdə nəşr olunan ədəbiyyat, mədəniyyət, incəsənət, teatr və kino tarixi və nəzəriyyəsi haqqında çoxsaylı monoqrafiya, məqalələr və kitabların müəllifidir.

27 il ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2014-cü il tarixli Sərəncamı ilə Bakı Xoreoqrafiya Akademiyasının rektoru təyin edilib. Timuçin Əfəndiyev Azərbaycanın tanınmış yazıçısı İlyas Əfəndiyevin oğludur.