Medallar Bölüşdürüldü

18:33 18-11-2020 198

44 günlük Vətən Müharibəsi 3 dövlət başçısının-Azərbaycan,Ermənistan və Rusiyanın birgə bəyanatı ilə sona çatdı. İndi həm Azərbaycanda, həm Ermənistanda, həm də Rusiya və digər dövlətlərdə onun nəticələri müzakirə edilir. Qərb və qərbyönümlü KİV-lərin əksəriyyəti hesab edir ki, burada əsas operator Rusiyadır. Onların təhlilinə görə, qızıl medalı Rusiya, gümüş medalı Azərbaycan, bürünc medalı Türkiyə qazanıb. O da birmənalı qəbul edilib ki, Ermənistan uduzan tərəfdir. Bu faktı Ermənistandakı anti-Paşinyan nümayişləri də sübut edir. Rusiya təmas xəttində sülhməramlılarını çox operativ yerləşdirməklə sübut etdi ki, o, Qafqaz bölgəsində öz dövlət maraqlarını müdafiə etmək üçün sülhməramlılarından istifadə edir. Başqa sözlə, Rusiyanın Ermənistanda yerləşdirdiyi hərbi qüvvəsi bu bölgədə milli maraqlarının müdafiəsi üçün yetərli deyil. Və nəticədə Rusiya çox uğurlu diplomatik gedişlər etməklə, faktiki olaraq sülhməramlılar adı ilə mobil bir hərbi bölümünü ən azı beş il müddətinə Azərbaycanda-Qarabağda yerləşdirdi. O ki qaldı Türkiyəyə, bu qardaş ölkə Rusiya və Qərb istəməsə də, artıq nizamlama prosesinin aktiv iştirakçısıdır. Qarabağ probleminin həllində uzun müddət Türkiyənin kənarda qalmasına rəğmən onun monitorinq qrupunun üzvü kimi, prosesdə yaxından iştirak etməsi sözsüz ki, Azərbaycan və Türkiyənin diplomatik qələbəsi kimi qiymətləndirilməlidir. Bəs 44 günlük Vətən müharibəsinin yekunları Azərbaycana nə verdi? Əvvəla, şanlı Azərbaycan Ordusunun rəşadəti hesabına Azərbaycan son 30 ildə ilk dəfə dövlət sərhədlərini qorudu ki, bu da suverenliyin bərqərar olması deməkdir. Azərbaycan Ordusu ilk dəfə olaraq qalib statuslu orduya çevrildi, natamamlıq kompleksindən xilas oldu. Azərbaycan Ordusu öz qələbəsi ilə tarix kitablarından "işğal" sözünü sildi. Üç ölkə liderlərinin bəyanatına görə, Kəlbəcər,Ağdam və Laçın dinc yolla, heç bir itki, şəhid vermədən cari ilin dekabrına qədər işğaldan azad ediləcək. Artıq əsir və meyidlərin mübadiləsinə başlanılır. Əgər Laçın dəhlizinin açılması Ermənistan ermənilərinin Qarabağ erməniləri ilə əlaqəsini təmin edəcəksə, Azərbaycanın Naxçıvanla əlaqəsi də Arazboyu dəhlizinin açılması ilə müşahidə ediləcək. Bu dəhliz, sözün geniş mənasında kommunikasiya xətti, İpək yolunun bir hissəsi olmaqla çox mühüm beynəlxalq loqistikanı təmin edəcək. Lakin bu pozitivlərə baxmayaraq, bəzi vətəndaşlarımız və elektron KİV-lər hesab edirlər ki, Rusiya sülhməramlı qoşunlarının Azərbaycanda-təmas xəttində olması qəbuledilməzdir. Saytların bəziləri daha "irəli" gedərək, hətta bu hadisəni suverenliyimizə qarşı təhdid vasitəsi kimi qəbul edir. Onlar hesab edirlər ki, gərək Azərbaycan dövləti sülhməramlıların ölkəyə gəlməsinə razılıq verməyəydi. Şanlı Ordumuz işğaldan azadetmə prosesini bütün cəbhə boyu davam etdirməli idi. Çünki bunun üçün bütün resurslarımız kifayət idi. Hadisələrin belə gedişatı sözsüz ki, daha konkret, məqsədə tam çatmanı reallaşdırardı və Azərbaycan Ordusu Ermənistanla sərhədlərə qədər müzəffər yürüşünü davam etdirib, illərlə yığılıb qalan problemi birdəfəlik həll edə bilərdi. Təəssüf ki, dünyanın aparıcı ermənipərəst dövlətləri hələ müharibənin ilk günlərindən Azərbaycana təzyiqlər etdilər və edirlər də. Bu təzyiqlərə cavab vermək isə Azərbaycan üçün o qədər də rahat deyildi. Bunu biz prezidentin xarici KİV-lərə verdiyi müsahibələrində də hiss etdik. Hesab edirəm ki, belə bir vəziyyətdə Rusiya sülhməramlılarının müharibə bölgəsində olmasına razılıq, mövcud şəraitin diqdəsi idi və Azərbaycan da alternativi olmayan bu prosesə razılıq verdi. Nəticədə qazandığımız itirdiyimizdən dəfələrlə çox oldu. Əks halda, Azərbaycan dünya güclərinin at oynatdığı məkana da çevrilə bilərdi.

Müharibədə şanlı Azərbaycan əsgəri qalib gəldi. Rusiyanın başqa dövlətləri ( Fransa, ABŞ və s.) qabaqlayaraq Azərbaycanın razılığı ilə sülhməramlılarını Qarabağda yerləşdirilməsi sözsüz ki, onun bu bölgədə dövlət maraqlarından xəbər verir. Lakin bu müvəqqətidir və ömrü 5 ildən çox da olmaya bilər. Türkiyəyə gəlincə, bu qardaş ölkə həm diplomatik masada, həm də monitorinq mərkəzində yer aldı ki, bu da ermənipərəst dövlətlərin problemə qarışmasına sipər çəkdi. Beləliklə, qısa təhlil göstərir ki, qızıl medalın sahibi Azərbaycan, gümüş medalın sahibi Türkiyə, bürünc medalın sahibi isə Rusiyadır.

 Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru