Teli xınalı vətən fədailərinə eşq olsun!

18:42 18-11-2020 105

Şəhid İmaməddin Abdullazadə: "Təki VƏTƏN var olsun, yağı düşməni torpaqlarımızdan qovub çıxaraq"

 Artıq 44 günlük müharibə tarixə qovuşdu, Azərbaycan Ordusunun bu rəşadətli səlnaməsi dünyada hələ uzun illər xatırlanacaq, Azərbaycan xalqının isə qan yaddaşına qızıl hərflərlə yazılacaq. Azərbaycan əsgəri rus ordusunun birbaşa iştirakı ilə ermənilərin 4 ilə işğal etdiyi ərazini 44 günə düşməndən təmizləməklə tarix yazdı, özü də öz qanı ilə...

 Onlar təkcə Azərbaycan torpaqlarını işğaldan azad etmədilər, onlar bu 30 ildə ruhu rahatlıq tapmayan şəhidlərimizin ruhunu sakitləşdirdi. Azərbaycan xalqının namusunu təmizlədi, Azərbaycan xalqının qanıyan yarasına məlhəm qoydu, dirçəltdi - xalqına VƏTƏN  yaratdı ŞƏHİDLƏR!

Belə bir deyim var - torpaq suyla yoğrulanda palçıq, qanla yoğrulanda VƏTƏN olur. Məhz bu 44 gündə Azərbaycan Ordusu torpağımızı qanla yoğuraraq bizə bir VƏTƏN yaratdı. Qanları ilə torpaq yoğuranlar dünənə qədər Əlinin, Vəlinin, Hüseynin, İsanın, Musanın bioloji oğluydusa, bu gün onlar Azərbaycan xalqının mənəvi oğulları, canı, qanı ilə bizə VƏTƏN ərmağan edən SƏLƏFLƏRİMİZDİ. Bu gün Azərbaycan xalqının qarşısında duran əsas məsələ hər bir fərdin öz övladını ONLARA layiq xələflər kimi yetişdirməkdir. Bunun üçün biz həmin SƏLƏFLƏRİ tanımalı və onları övladlarımıza tanıtmalıyıq. Ona görə də biz ilk gündən ŞƏHİDLƏRİMİZİ xalqa tanıtmaq üçün qəzetimizdə və digər media resurslarımızda onlar haqqında yazılara daha çox yer verməyə çalışırıq.

Qanla torpaq yoğuran oğullarımızdan biri də qədim Kəbirli mahalından olan Abdullazadə İmaməddin Əsgər oğludur. Şəhid İmaməddin Abdullazadə 4 avqust 1996-cı ildə Beyləqan rayonunun Kəbirli kəndində dünyaya göz açıb. Yaxınlarının dediyinə görə, İmaməddinin hələ kiçik yaşlarından hərbiyə marağı olub - bütün oyuncaqları belə "hərbi silah və sursat" imiş. Hərbi xidməti bitirən kimi o, müddətdən artıq xidmət üçün N saylı hərbi hissəyə müraciət edir və xidmətə qəbul olunur. İmaməddin artıq 7 yaxın idi ki, həyatını hərblə ilə bağlamışdı, ən böyük arzusu isə Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi uğrunda gedəcək vətən savaşında iştirak etmək idi. Həmyaşıdları və silahdaşları söyləyirlər ki, İmaməddin vətən uğrunda şəhid olmağa belə, hazır olduğunu dilə gətirirdi, təki VƏTƏN var olsun, yağı düşməni torpaqlarımızdan qovub çıxaraq. Qəhrəman şəhidimiz İmaddəddin Abdullazadə haqqında xatirələri dinləyəndə bir türk əsgərinin əhvalatı yadıma düşdü. Bir mehmetçik (əsgər) müharibə dönəmində əsgər gedərkən anası onun başına xına qoyur. Hərbi xidmət zamanı komandirlər soruşur ki, niyə sənin başına xına qoyublar. Əsgər cavab verir ki, mən bilmirəm, anam qoyub. Komandirlər mehmetçiyə tapşırıq verir ki, məktub yazanda anandan soruş görək nə üçün sənin başına xına qoyub. Mehmetçik də komandirinin tapşırığı ilə anasına məktub yazarkən onun başına nə üçün xına qoyduğunu soruşur. Ana cavab məktubunda yazır, komandirlərinə de ki, türklər qurban deyəndə onu xınalayarlar, mən də səni Vətənə qurban verdiyim üçün başına xına qoyub əsgər göndərdim! 27 sentyabrda döyüşə yollanan hər bir Azərbaycan əsgəri Vətəninin xınalı qurbanları idi, bunu onların hər biri anlayırdı, o cümlədən qəhrəman şəhidimiz İmadəddin Abdullazadə onu gözəl başa düşürdü. Dostları deyir ki, hətta, İmaddədin yaxın dostlarından bir neçəsinə onun şəhid cənazəsini daşımağı belə vəsiyyət edibmiş. Bəli, Azərbaycan xalqı İmadəddin kimi ölümünü göz altına alaraq Vətən savaşına girən oğulların cəsarəti, rəşadəti və igidliyi hesabına müharibəni uddu, mənfur düşmənləri qovaraq, torpaqlarmızı onların murdar tapdağından təmizlədi.

Bugünkü qəhrəmanımız  Şəhid çavuş İmadəddin Abdullazadə qələbənin bir addımlığında - Şuşa uğrunda gedən ağır döyüşlər zamanı Daşaltı kəndində qəhrəmancasına öz arzusuna çatdı, Şəhidlik zirvəsini fəth etdi. Bu gün uşaqlıq, sinif, məhlə dostları və silahdaşları İmadəddinin qorxmazlığından, rəşadətindən və igidliyindən ağızdolusu danışır. Silahdaşları deyir ki, İmadəddin həmişə bizə mənəvi dayaq olub, bizə ruh verib: "İmadəddin o səviyyədə yetkin bir əsgər, saleh müsəlman idi ki, artıq onun üçün ölüm faciə sayılmırdı. Bizə deyirdi ki, bu savaşda Vətən uğrunda həlak olana qədər döyüşüb Şəhidlik zirvəsini fəth etmək bir fürsətdi, bu hər adama qismət olmur, bu savaşda iştirak etməyi Allah bizə nəsib etdiyinə görə biz çox xoşbəxt nəsilik".

Allah bütün şəhidlərimizin ruhunu şad eləsin, behişt məqamlarını uca etsin! Biz bir xalq olaraq, cəmiyyət olaraq hər bir şəhidimizi tanımalı və tanıtmalıyıq. Onların həyatı, döyüş yolu, göstərdiyi rəşadət hər bir gənc üçün örnək olmalıdır. Odur ki, Şəhidlərimizi yaxından tanıyan hər bir vətəndaş onu öz imkanlarına və qabiliyyətinə uyğun olaraq təbliğ etməlidir. Bu yolda bizim yaşayan Şəhidlərimiz olan qazilərimiz də bizə yardımçı olmalıdır. Çünki onlar bu qəhrəmanlıqların canlı şahidləridir.

 Murtuza Abbasov