Lənət sənə korona

18:55 18-11-2020 405

SOS - Təhsilə diqqət lazımdır

 Hə millət, hamıya məlum məsələlərlə bağlı, artıq neçə müddətdir ki, görüşünüzə gələ bilmirdim. İnanmaq istərdim ki, darıxmısınız. Amma bu gün cəmiyyətimizdə elə təlatümlü hadisələr, olaylar yaşanır ki, insan nəinki darıxmaq, heç onların gedişatını izləməyə belə vaxt tapmır. Bir il əvvəl, yəni 2019-cu ilin noyabrında kimə desəydin ki, hansısa bir qrip üzündən bütün dünya biri-birinə dəyəcək, hamı sənə gülərdi. Üç ay əvvəl kimə desəydin ki, noyabrın 9-da Azərbaycanın üçrəngli bayrağı Şuşada dalğalanacaq, 10 noyabr Qələbə günü kimi tarixə yazılacaq, buna heç kimi inandırmaq mümkün olmazdı. Amma, ancaq və lakin... Bütün bunlar artıq öz təsdiqini tapmış faktlardır. Bu faktlar bir daha sübut etdi ki, insan bir şeyi çox istədikdə və arzuladıqda, ona çatmaq üçün hətta canından belə keçməyə hazır olur. Azərbaycan xalqı da 30 ilə yaxın bir zaman kəsiyində Qarabağın azad olunduğu, Şuşada üçrəngli bayrağımızın dalğalandığını görmək arzusunda və istəyində idi. Ali Baş Kamandanın və müzəffər Azərbaycan ordusunun şanlı Qələbəsi xalqımızı bu arzu və istəyinə qovuşdurdu. Artıq bir həftədən çoxdur ki, xalqımız bu böyük Qələbəni bayram kimi qeyd edir.

 Bu qələbə hər birimizi sevindirsə də, gündəlik qayğılarımız da yaxamızdan əl çəkmir.  

Mən bu gün sizinlə, məhz bu mövzuda danışmaq istəyirəm.

İnsanın arzuları bitməz-tükənməz bir ümmandır ki, heç kim onun sonuna çata bilmir. Nə yaxşı ki, çata bilmir, çatsaydı həyat mənasız və maraqsız olardı. İnsan arzularını gerçəkləşdirmək üçün apardığı mücadiləsi ilə həyata rövnəq verir, onu gözəlləşdirir, kamilləşdirir, həm də özü kamilləşir. Lakin bəzən elə arzular da olur ki, onlar insanın həyatında çox önəmli yer tutsa da, gerçəkləşməsi bir an məsələsi olur. Bu bir an üçün isə insan illərlə çalışır, vuruşur həmin arzunun bir addımlığında olduğu halda və gerçəkləşmədikdə məyyusluğa qapanır və hətta depressiyaya düşənlər də olur. Mən həmin insanları çox gözəl anlayıram və onlara atalarımızın bir misalını xatırlatmaq istəyirəm, "gec olar, güc olar". 

Gördüyünüz kimi, Qarabağdakı zəfərimiz də gec oldu, amma güc oldu. Məhz buna görə də, bütün çətinliklərə baxmayaraq, bir qədər də dözmək və səbr etmək lazımdır.

Sözümün canı odur ki, 2020-ci il gələr-gəlməz lənətə gəlmiş korona səbəbindən hər birimizin həyat ritmi pozuldu. Hər şey korona virusunun inhisarına keçdi, sanki.

İnsanların bu gözəgörünməz bəladan xilas olmaq üçün dövlətə inanmaqdan başqa bir yolu qalmadı. Çünki korona heç də fərdi xarakterli bir düşmən deyil və onunla nəinki fərdlərin hətta dövlətlərin belə, təkbaşına mübarizəsi səmərə vermir. Bu gün də, bu bəla bütün bəşəriyyəti təhdid altında saxlayar. Aparılan mübarizə isə heç də hər zaman gözlənilən nəticəni vermir. Məhz bu səbəbdən də, insanların bəziləri hələ də koronanı ciddiyə almırlar. Bu da onun yayılma arealının və yoluxma əmsalının artmasına səbəb olur. Bu gün ölkəmizdə koronanın yayılma miqyası artan xətt üzrə davam edir. Məhz buna görə də insanlarımız Qələbə sevincini belə, ürəkdən qeyd edə bilmirlər. Sanki hər birimizin başının üzərində bir «Demokl qılıncı» var və hər an "başımızı bədənimizdən ayıra bilər". Mən koronanın  dünyada və ölkəmizdə belə sürətlə yayılmasının səbəblərindən danışmaq istəmirəm. Çünki bütün bunlar barədə hər gün məlumatlar verilir. Bu məlumatlar isə heç də ürəkaçan deyil. Bu bir ilə yaxın müddətdə korona virusu barədə o qədər danışılıb, təhlillər aparılıb ki, mənim nə deməyimdən asılı olmayaraq insanların onu qəbul etməyəcəklərinə əminəm. Çünki, necə deyərlər, bütün məsələlərdə hər kəsin özünün maraqları və mövqeləri var. Qeyd etdiyim kimi, bu günün özündə də, dünyada belə bir virusun mövcudluğuna inanmayan minlərlə, milyonlarla insan var. Onların da mövqelərinə hörmətlə yanaşmaq lazımdır. Lakin bir şeyi yaddan çıxarmaq olmaz ki, sən buna inanmaya bilərsən, lakin kiminsə bir başqasının həyatına təhlükə yaratmaq haqqı da yoxdur. Bu səbəbdən ölkəmizdə tətbiq olunan məhdudiyyətlərə, qaydalara sözsüz əməl etmək lazımdır. Lakin bəzən elə situasiyalar olur ki, burada qadağaların tətbiqi bir növ insan haqq və azadlıqlarının pozulması həddinə çatır. Belə məqamlarda isə daha həssas davranış tələb olunur. 

Məni bu yazını yazmağa vadar edən bizim təhsil sistemində tətbiq olunan qaydalar və qadağalardır. Ən yaralı yerimiz isə təhsilin distant, yaxud onlayn formasındakı boşluqlar. Bu boşluqları doldurmağın yolları tapılmadıqca narazılıqlar da artmaqda davam edəcək. Mən bunu keçən yazılarımın birində qeyd etmişdim. Əgər hər bir valideyin öz övladına evdə dərs keçə bilərsə, onda bunca məktələrə, pedoqoqlar və pedaqoqların hazırlanmasına nə ehtiyac var?

Bax, burada həm də uşaqların məktəbə getmək arzularının puça çıxmasını xüsusi qeyd etmək lazımdır. İllərlə ali məktəbə qəbul olunmaq arzusu ilə yaşayan tələbənin universitetə getmək, müəllimlərlə, tələbə yoldaşları ilə tanış olmaq imkanından məhrum olmasını göz önünə almaq lazımdır. Orta məktəbi bitirib, ali məktəbə qəbul olunan tələbə istəyir ki, yeni dostlarla tanış olsun, ali məktəb müəllimləri ilə tanışlıq həyacanını yaşasın, lənətə gəlmiş korona isə onların bu arzularını gözündə qoydu.  

Bu bir yana dursun. Gec-tez koronanı da ermənilərin dalınca göndərəcəyik, gedəcək. Tələbələr də bir-birini, müəllimlərini tanıyacıq, lakin bu müddətdə keçirilən dərslərin hesabını kim verəcək? Axı internet sisteminin yarıtmazlığı səbəbindən bir çoxları ümumiyyətlə təhsildən kənarda qalıblar. Böyük bir qismi isə ala-yarımçıq dərslərə qatılıb. Bu, onu deməyə əsas vermirmi ki, bizim təhsil sistemi tələbələrə təhsil yox, diplom verməkdə maraqlıdır. Yaddan çıxarmayaq ki, bu gün mənfur düşmənlə mübarizədə bizim savadlı, intellektli gənclərə nə dərəcədə ehtyacımızın olduğunu açıq şəkildə ortaya çıxdı. Müasir dövürdə müharibə ancaq cəbhədə aparılmır. Müharibə həm diplomatiya, həm media sahəsində aparılır. İnformasiya və diplomatiya müharibəsin deyilən bir anlayış var. Bu gün biz məhz, müharibəni bu mərhələsindəyik. Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan ordusu cəbhədə tam qələbə çaldı. Arxa cəbhədə də biz Prezident İlham Əliyevin dünya mediasına qarşı, necə qətiyyət və inamla mübarizə apardığını və qalib gəldiyin gördük. Eləcə də onun köməkçiləri Hikmət Hacıyevin, Elçin Əmirbəyovun,  Müdafiə Nazirliyinin əməkdaşı Anar Eyvazov timsalında biz ölkəmizin son illərdə yetişdirdiyi gənc kadrlarla qürur duyduq.    

Bizim belə kadrlara ehtiyacımız çoxdur və onları bizə təhsil verə bilər. Bunun üçün də ölkənin təhsil sisteminə ciddi diqqət ayrılmalıdır. İmkan vermək olmaz ki, yetişməkdə olan gənc nəsil diplomlu savadsızlar ordusuna çevrilsin.

Bugünkü reallıqlar isə bizi bu yola sürükləyir və bütün bunlar yarımçıq qalan arzuların inkaredilməz faktına çevrilir. Universitetlərimiz nüfuzdan düşür. Azərbaycanda təhsil alan gəncləri heç kim işə götürmək istəmir. Tələbələrin özləri də bu cür təhsilin heç bir səmərəsinin olmadığını etiraf edirlər?

Bir maraqlı məqam da odur ki, bütün bunlara baxmayaraq, tələbələrdən təhsil haqqı tələb olunur. Bəs bu, hansı məntiqə sığır.

Azərbaycan bu gün bütün dünyaya sübüt etdi ki, heç bir kənar müdaxilə olmadan öz problemlərini həll etmək gücündədir. Belədirsə, nə üçün ölkəmizdə normal internet təminatı yoxdur? Mən burada müharibə şəraiti ilə bağlı tətbiq olunan məhdudiyyətləri nəzərdə tutmuram. Əksinə, hesab edirəm ki, müharibə tam sona çatana qədər məhdudiyyətlər daha da sərtləşdirilməlidir.

Məktəblilərin, tələbələrin yarımçıq qalan arzularını gerçəkləşdirməyin yolu isə tez bir zamanda korona virusuna qarşı tətbiq olunan qaydalara əməl etməklə dərslərə start verilməsidir. Müəllim- tələbə təması dərslərin effektivliyini artıran ən əsas amillərdən biridir. Bu gün tələbələrin onlayn dərs keçməsi, sovet dönəmində bəzi imkanlı işbazların hər hansı bir ali məktəbi qiyabi bitirməsinə oxşayır. Yəni nə dərs var, nə təhsil, hər şeyi pul həll edir. Bu vəziyyətdən çıxmaq lazımdır. Nə qədər tez olsa, bir o qədər yaxşıdır.  

Korona gəldiyi kimi də, bir gün yox olub gedəcək cəhənnəmin dibinə, ancaq həm də, həmdə bizim arzuları yarımçıq qalan tələbələrimizin bilik səviyyələri yarımçıq qalacaq.

Burada nədənsə, "Yarımştat" tamaşası yadıma düşdü. Allah bizi betərindən qorusun, inşəallah!

 Yusif Seyid