Yağış  yağdı, sel oldu

18:56 18-11-2020 198

Bakının küçələri göl oldu

 "Yenə həmin dalğa, yenə həmin koordinat" - ötən həftənin sonu və yaşadığımız həftənin əvvəlində paytaxt Bakıda yaşananlar nə birinci, nə də sonuncudur. Bazar ertəsi Bakının göbəyində xarici ölkə səfirliyinin xidməti avtomobilinin küçənin ortasında "sel sularına qərq olması" Bakını bir qədər də ecazkar göstərdi. Deyək ki, qeyri-adi leysan yağdı, musson yağışları başladı. Belə deyil axı, iki gün fasilələrlə davam edən adi payız yağışı Azərbaycanın paytaxtı Bakıda nəqliyyatın hərəkətini iflic vəziyyətə saldı. Hələ hava düzəlməyib, yağışlar fasilə ilə davam edir, tıxaclar əsəbləri onsuz da korona virusu məhdudiyyətləri ilə gərginləşən paytaxt sakinlərinin sinirlərini bir qədər də tarıma çəkdi. Bir tərəfdən də sürüşmə - Bayıl yamacının qoynunda qeyri-qanuni yurd salan vətəndaşlarımıza məxsus evlərin uçması, uçan divarların yol infrastrukturunda ciddi maneələr yaratması və s. problemlər nədən bizdən əl çəkmir? Bəlkə də sualı düz qoymadım, əslində biz o problemlərdən əl çəkmirik, illərdir yağış yağanda, qarın küləyi gələndə Bakıda xaos yaşanır və hamı bu mənzərəni seyr etməkdən başqa çarə tapa bilmir. Lap elə avtomobili sulara qərq olan səfirlik nümayəndəsi kimi, bəlkə də bir anlığa təsəvvür edib ki, Bakıda yox, Venetsiyada xidmətdədi - təəccüblə sükanın arxasında oturaraq, şırhaşır axan selə tamaşa edir, bu mənzərəni smartfonu ilə lentə almaqdan da vaz keçmir. Maşının dövlət qeydiyyat nişanından anladım ki, səfirlik avtomobilidir, çox təəssüf ki, yaxınlaşıb təəssüratlarını bölüşə bilmədim, o, çayın ortasında, mən isə sahildə...

Mübaliğə və mübahisə bir yana, bu, hər bir Bakı sakini üçün üzqarasıdır, utancgətirici bir haldır - şəhərin infrastrukturunun heç bir xırda gərginliyə belə, immuniteti mövcud deyil. Elə bil şəhər aul, ucqar dağ kəndi "planı" ilə - yəni heç bir plana əsaslanmadan qurulub. Kim harda gəldi, yerli icra hakimiyyətinə rüşvət verərək, özünə ev tikib, dövlət büdcəsindən yol tikintisinə ayrılan vəsaitlərin əsas hissəsi korrupsiya yolu ilə mənimsənilib, yol tikintisi əvəzinə yola yalnız asfalt basılıb, vəssalam. Ölkənin bir nömrəli şəhərinin mərkəzindən keçən yollarda, yol keçidlərində su selləri axırsa, bu, nəqliyyatın və vətəndaşların hərəkətini məhdudlaşdırırsa, bu infrastrukturu sifariş verən və bu sifarişi həyata keçirənlər məsuliyyətə cəlb olunmalıdırlar. Onlardan bu problemin həlli üçün "xərclədikləri" vəsait geri alınmalı və həmin vəsait hesabına şəhərin infrastrukturu yenidən qurulmalıdır. Yalnız bu yolla paytaxt küçələrindəki biabırçılığa son qoymaq olar.

Onu da diqqətinizə çatdıraq ki, Bakı şəhərinin yol infrastrukturunun qurulması əsasən Ziya Məmmədovun nəqliyyat naziri olduğu dövrə təsadüf edir. O üzdən də yol infrastrukturu layihələrinin icrası Z. Məmmədova yaxın şirkətlər tərəfindən reallaşdırılıb. Həmin layihələr hesabına Z. Məmmədov milyardlarla vəsait qazanıb, qazandığı vəsaitin böyük əksəriyyətini də xaricdəki banklara daşımağa nail olub. Maraqlıdır ki, Azərbaycanın siması olan Bakını bu günə qoyan, indi isə dindar olub Şeyx həzrətlərinin yerinə keçməyə çalışan bu şəxs nə üçün məsuliyyətə cəlb edilmir?

Müasir dünyada yol tikintisi kifayət qədər inkişaf edib və inkişafla yanaşı, bu tip layihələrin qiyməti də bahalaşıb. Bu bahalaşmanın səbəbi yolun əsaslı tikintisi ilə bağlıdır, yəni belə bahalı layihələr əsasında tikilən yollarda yağışdan tutmuş, qara, şaxtaya, bombardmana qədər hər şey nəzərə alınır. Bu o deməkdir ki, belə layihələr əsasında tikilən yola neçə gün yağış yağır-yağsın, nə qədər qar, şaxta düşür-düşsün, yolda hərəkət sürətini azaldan maneə yaranmır. Bildiyimiz qədər, Bakının yol infrastrukturu da, məhz həmin layihələr əsasında tikilib. Məsələn, Bakıda yollar var ki, bir kilometri 60 milyon dollara başa gəlib, lakin bu gün həmin yolda adi yağış zamanı keçilməz göllər yaranır. 30 il təmirsiz işləməsinə zəmanət verilməsinə rəğmən, yolların hər tərəfi yamaq-yamaqdır. Bu onun göstəricisidir ki, yol tikintisinə ayrılan dövlət vəsaiti mənimsənilib, əvəzində isə keyfiyyətsiz, kanalizasiya sistemi belə olmayan yollar çəkilib, daha doğrusu, mövcud yola sadəcə, asfalt basılıb. Həmin vaxtda isə köhnə yoldan qalan kanalizasiya və yağışdanların da üstü örtülüb - qaş düzəltdikləri yerdə vurub, gözü də çıxarıblar. İndi Bakıda sovetlər dönəmindən miras qalan yağış suyu axıdan kanalizasiya sistemi və yağışdanlar da qalmayıb. Belə yerdə atalar deyir: "Yumurtamadı, bəs falı hanı?". Ona görə də şəhərin, hətta, köhnə mərkəzlərində yağış bir neçə saat davam edəndə xaos yaşanır.

O ki qaldı sürüşmə zonalarında uçan evlərə, bu hadisələrin günahkarları hamıya bəllidir. Məlumdur ki, Bakıda müvafiq icra hakimiyyətinin xəbəri olmadan daşı daş üstə qoymaq mümkün deyil. Buna görə də, evi uçan vətəndaşlara dəyən zərəri hansısa məbləğ qarşılığında şifahi icazə verən məmurların üzərinə yönəltmək lazımdır - necə icazə veriblərsə, elə də şəxsi büdcələrindən ödəsinlər. Yoxsa, məmurlar səhv edəcək, Azərbaycan hökuməti də bu səhvlərdən dolayı yaranan xərcləri dövlət büdcəsindən ödəyəcək. Bunu hansı məntiqə yazaq?

 Akif Nəsirli