Hacərül - əsvəd- qara daş

18:59 18-11-2020 162

Allah evinə aparan yol Bəndə evindən başlayır

 Rəbbin hər işində bir hikməti var. Kəbə də bu hikmətə şahidlik edən bir binadır. Belə ki, müsəlman namaz qılarkən üzünü həmin səmtə çevirir. Lakin onun bu dönüşü binaya deyil, Allahadır. Bina Onun qüdsiyyət lütf etdiyi sərhədi, nişanı və bələdçisidir.

Mülk sahibi Allahdır. Və O, mülkündə istədiyi kimi təsərrüf edir. Hər şeyə qadir olan Rəbb, öz hikməti ilə bəşəri bütün məxluqatdan uca tutduğu kimi, həmin hikmətlə də iki cahan Sərvərini mələklərdən artıq şərəfləndirib. İzzətli və əziz tutmaq da, alçaltmaq və zəlil etmək də Onun əlindədir. Kim Ona nə verib ki, Ondan bir şey tələb etsin. Elə isə Rəbbin şərəfləndirdiyi Qara daş insanlar üçün də müqəddəs olmalıdır və o, müqəddəsdir də. Başqa sözlə, insanın vəzifəsi, bu daşın Allahın hansı nur və sirri ilə müqəddəs etməsi deyil, Onun mübarək saydığı şeylərə sayğı və hörmət göstərməsidir.

Kəbəni Allahın əmri ilə Adəm (ə) tikib. O, Nuh tufanına qədər dəfələrlə təmir edilib. Tufandan İbrahim (ə) zamanına qədər isə daşın yeri naməlum qalıb. Əksər mənbələrə görə, Hacərül-əsvədi Həzrət İbrahim Əbu - Qubeys təpəsindən gətirib. Belə ki, oğlu İsmayıl (ə) ilə Kəbəni inşa edən İbrahim (ə), binanın yuxarı divarlarını tikmək üçün Qara daşdan nərdivan kimi istifadə edib. Təbii ki, Allahın dostunun (Həzrət İbrahimin) Allah evini inşa edərkən istifadə etdiyi bu daş bəşərin ilk məbədi sayılan Kəbənin özü kimi müqəddəs və əzizdir. Bəzi mənbələrdə isə Hacərül - əsvədin cənnətdən göndərilən bir daş olduğu da vurğulanır. Bəlkə də göydən düşən bir meteoritdir o? Doğrusunu Allah bilir. Deməli, iman sahibləri üçün bu daşın haradan və necə gəlməsi əsas deyil. Əsas odur ki, o, müqəddəsdir. Biz Hacərül - əsvədin mahiyyətini ifadə edə bilmədiyimiz üçün ona daş deyirik. Oraya bir taxta parçası da qoyulsaydı və Qara daşa verilən qüdsiyyət o taxta parçasına da verilsəydi, şübhəsiz ki, biz ona da eyni sayğını göstərərdik. Zira saleh insan nəticəni Rəbbə istinad edib, xeyrini də Ondan gözləyir.

Kəbənin təmiri ilə əlaqədar olaraq Qara daşın yenidən yerinə qoyulması bilavasitə Peyğəmbər (ə)-nin iştirakı ilə olub. Belə ki, binanı bərpa edən məkkəlilər "Qara daşı kim qoyacaq?" məsələsində bir-birlərinə heç vəchlə güzəştə getmirdilər. Həzrət Məhəmməd daşı qaldırmaq üçün onlardan bir şey istədi. Sonra o, hər qəbilənin nümayəndəsini çağırıb, daşı həmin əşyanın üstünə qoydurdu. Beləliklə, Qara daş bütün qəbilə nümayəndələrinin iştirakı ilə yenidən öz yerinə bərpa edildi.

Kəbənin gündoğan divarında yerləşdirilən və hündürlüyü 1,5 m olan bu daş çox şeylərə şahidlik edir. Dini dünya malına, siyasətə alət edənlər Qara daşa nələr etmədilər?! Onu parçalayıb, başqa yerlərə apardılar. Hələ bu az imiş kimi bəzi münkirlər, hətta onu murdarlamağa belə cürət etdilər...

 Qısa tarixi oçerk

 Kəbə və Qara daşı dağıtmaq cəhdi 570-ci ildə Əbrəhə tərəfindən olub. Həmin ildə Yəmən xaçpərəst həbəşilərin əlində idi. Əbrəhə fillərlə təchiz olunan bir ordu ilə Məkkəyə hücum edir. Amma bu yürüş onun üçün çox acınacaqlı oldu. Rəbb onların hiyləsini Əbabil quşları ilə puça çıxartdı. Həmin quşlar Allahın iradəsi ilə ordunun başına daşlar yağdırdı. Nəticədə ordu həşəratlar tərəfindən yeyilən əkin sahəsinə döndərildi. Bu döyüş Peyğəmbər (ə)-nin anadan olduğu ilə təsadüf edir. Hadisənin mötəbərliliyinə isə müqəddəs Quranın Fil surəsi şahidlik edir. Sonralar İslamın ismaililər təriqətinin bir qolu olan ləməzhəb qərmətilər isə Qara daşa edilən təcavüzlə "öndərlər" oldular. Onlar X əsrdə nəzəriyyələrini qəbul etməyən camaatı belə öldürürdülər. Qərmətilər Həccə gedən zəvvarları qarət edib öldürür, bəzilərini də əsir alıb qul kimi satırdılar. 930-cu ildə qərmətilər Məkkəyə hücum edib, şəhər əhalisini qılıncdan keçirtdilər. Qənimət kimi onlar Kəbənin Qara daşını ikiyə bölüb, Bəhreynə apardılar. Bu daş, parçaları ilə birlikdə böyük xərac müqabilində Məkkəyə yalnız 20 ildən sonra gətirildi. Və az sonra onun parçaları dəmir həlqələrlə bərpa edilib, əvvəlki vəziyyətinə salındı. Qara daş ilk dəfə 683-cü ildə Məscidi - Haramda baş verən yanğın nəticəsində parçalanıb.

Qara daşda bəndə bilməyən sirlər var. Məsələn, Məhəmməd (ə) onun qiyamət günü şahidlik edəcəyini bildirib. Bu, necə olacaq? Elmin bugünkü səviyyəsi insan və onun hafizə mexanizmini açmada aciz olduğu kimi, o, həmin sirri açmada da acizdir. Həzrət Ömər bu daşı öpərkən deyib: "Ey daş, bilirəm ki, sən bir daşsan, nə fayda, nə də zərər verə bilirsən. Əgər Allah Rəsulunun səni öpdüyünü görməsəydim, səni əsla öpməzdim".

Bu zaman Həzrət (ə) ona dedi: "Ya Ömər! Ondakı gizli sirləri bilsəydin, belə deməzdin".

İslam aləmində Kəbə Həcc mərasiminin başlıca obyektidir. Ziyarətçilər yeddi dəfə Kəbənin dövrəsinə dolanır və əllərini sirli Qara daşa toxundurmaqla Allahdan məxfirət diləyirlər. Tavafı Qara daşdan başlayıb, orada bitirmək isə Peyğəmbər (ə)-dən qalan əməldir. Həmin Peyğəmbər (ə) əməli 1400 ildir ki, davam edir və inşallah, qiyamətə qədər belə olacaq. Şübhəsiz ki, bu əminlik Allahın İslam dinini qoruyacağı barədə verdiyi vəddən qaynaqlanır. Lakin Allah Həcc ziyarətində olan və olmayan müsəlmanların İslama sahib çıxmalarını öz vədinə bir şərt qoyub. Bu isə hər bir müsəlmanın, hər bir potensial hacının, hər şeydən öncə öz doğma vətənində iman və Quran, bayraq və millətə xidmətindən keçir. Başqa sözlə, Allah evinə aparan yol bəndə evindən başlayır. "Özünü dərk edən Rəbbini tanıyar".

Elə isə əlini müqəddəs Qara daşa toxunduran hacı da, titulu ilə yox, qoy Allah ilə öyünsün!

 ÖLƏN DƏ BİR DƏLİLLƏ ÖLSÜN, YAŞAYAN DA BİR DƏLİLLƏ YAŞASIN

 İslamın qaynağı Qurani-Kərim və Peyğəmbər (ə) kəlamları olan hədislərdir. İcma, qiyas, əxbər və digər şəriət dəlilləri də Qurana tabedirlər. Məlumdur ki, İslam bütün millətləri və qiyamətə qədər olan zamanı ehtiva edir. Lakin o da məlumdur ki, həmin müddət içərisində baş verəcək ictimai, siyasi, mədəni və elmi hadisələr fasiləsiz və sonsuz saydadır. Halbuki, Quranın ifadə etdiyi hökmlər, bunların əsası olan ayələr və onların sayı məhdud və məlumdur. Məhdud hökmlər sonsuz olayları açıq-aydın anlatmayacağına görə, meydana çıxan yeni hadisələr və elmi kəşflərə Quran hikmətinə uyğun aydınlıq gətirmək üçün bir mənbə, qaynaq olmalıdır ki, o da ictihaddır. İctihad, Quran və hədislərdə açıq bildirilməyən hökm və şəri məsələləri, anladılan və şərh edilən məsələlərə bənzədilərək hökm vermək deməkdir. İctihad edən şəxsə isə müctəhid deyilir.

Peyğəmbər (ə) Muazı Yəmənə vali göndərərkən soruşdu: "Orada necə idarə edəcəksən?".

O, dedi: "Allahın kitabı və Rəsulun sünnəti ilə".

Peyğəmbər (ə)-nin "Əgər bu hökmləri Allahın kitabı və Rəsulun sünnətində tapmasan, necə?" sualına isə Muaz: "İctihadla" cavab verdi.

Göründüyü kimi, ictihad bidət deyil. Çünki o Quran ayələrinin məna və hikmətinə söykənir. İslamda hər dövr üçün müctəhid yetişdirmək bütün müsəlmanlar üçün "fərzi-kifayə"dir. Çünki hər dövr öz spesifik inkişafına uyğun və hökmü bəlli olmayan şəri məsələləri ortaya çıxardır. Allahın Rəsulu həyatda ikən həmin məsələlər vəhy yolu ilə həll olunduğu üçün, bu sahədə heç bir problem yox idi. Peyğəmbər (ə)-nin vəfatından sonra zərurətdən doğan məsələlər barədə hökmü müctəhid olan səhabələr verirdi. Səhabələrin vəfatından sonra isə bu vəzifəni onları izləyənlər - tabiunlar icra edirdi. Tabiunlar içərisində də tarix yalnız beş imamın məzhəbini saxlayıb. Onlardan dördü sünnü - Əbu Hənifə (699-767), Şafi (767-820), Malik (715-795) və Əhməd Həmbəli (780-855), biri isə şiə məzhəbinin banisi Cəfəri Sadiqdir (700-765). Beləliklə, bu məzhəblər həm Quran və sünnətin açıqlanmasında, həm də şəri məsələlərin həllində hökm verə bilən məktəblər statusuna malikdirlər. Zira həmin məzhəblərin baniləri hədislərin səhih olanlarını və özlərindən əvvəlki səhabələrin ittifaq etdikləri məsələləri daha yaxşı bilirdilər. Sonradan gələn müctəhidlər isə bəşərin inkişaf səviyyəsinə uyğun olaraq öz baxışlarını bu beş imamın məzhəbləri əsasında qurublar.

Sual olunur: İslamda əsas qaynaq Quran və Peyğəmbər (ə) kəlamlarıdırsa, müsəlmanın onları deyil, bu beş məzhəbin birini təqlid etməsi nə dərəcədə doğrudur?

Qeyd edək ki, üsuli-dində (dinin əsasları) təqlid etmək caiz deyil. Müsəlman dinin əsaslarında yəqinə çatmalıdır. Dinin digər hökmlərində isə o, ya müctəhid olub öz ictihadına uyğun əməl etməli, ya müctəhidə təqlid etməli, ya da ehtiyata (dinə uyğun olmayan bir işi görmə şübhəsindən xilas olmaq üçün tədbirli hərəkət etmə) əməl etməlidir. Deməli, müctəhidə uymaq və ona təqlid etmək, Quran və sünnəti onların yozumu ilə anlamaq deməkdir.

 Ardı gələn sayımızda 

Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru