Dövr və qövr edən problemlər...

19:01 18-11-2020 225

O, artıq mövsümi deyil, daimi xarakter alıb

 Qış mövsümünün başlamasıyla illərin problemləri yenə də baş qaldırır. Əslində, həmin problemlər ötən fəsillərdən bu ilə “miras” olaraq ötürüldüyündən, həll edilmədiyindən, yenə də onlarla baş-başayıq. Həllolunmaz saysaq da, həlli mümkün problemlərlə həmişə olduğu kimi, “dinc-yanaşı” yaşamaqdayıq...

Lakin demək olmaz ki, qışa hazırlıqla bağlı hansısa köklü işlər görülmür, yaxud, keçən ildən qalma problemlər həll edilmir. Ölkənin kommunikasiya sisteminin yenilənməsi, əsaslı təmir, yenidənqurma, ya da ki, təmir-bərpa edilməsi istiqamətində müəyyən işlər aparılır, bu barədə məlumatlar ictimailəşdirilir. Lakin nə sirdisə, hər il qış qapını “döyməmiş”, bəlli problemlər kandarın kənarını kəsdirir...

Elə bu ilin, konkret, qışın necə olacağı indidən məlumdur. Bir müddətdir ki, davam edən mövsümi yağışlar paytaxt yollarının hansı vəziyyətdə olduğunu açıq-aydın şəkildə göstərir. Bir neçə gün ardıcıl şəkildə davam edən, sonra səngiyən, az müddət sonra yenidən başlayan və günlərdir davam edən yağıntıdan əziyyət çəkən də sıravi əhali qrupudur. Zaman-zaman təmirə, bərpaya, yenidən təmirə, bərpaya bağlanan yolların nasazlığından isə həm sürücülər, həm də əhali şikayət edir. Məlum virus səbəbindən ən kütləvi şəkildə istifadə edilən ictimai nəqliyyatın - metronun bağlanmasından sonra onu əvəz edən, metro stansiyaları aralığında fəaliyyət göstərən M-1-M-8 avtobusları da əhalinin narazılığını səngidə bilmir. Çünki adi günlərdə də sürət həddinə görə paytaxt yollarında narahat hərəkət edən bu avtobuslardan yağışlı havada istifadə etmək, az qala fəlakətə, faciəyə səbəb ola bilər. Sürətlə hərəkət edən avtobusun içində bir-birinə dəyən, biri digərinin üstünə aşan, yalan olmasın, yıxılan, burulan, ayağı, əli, kürəyi burxulan, bundan narahat, narazı olan sərnişinlərin halını yağıntılı günlərdə təsəvvür edək. Ya da, ən yaxşısı, təsəvvürümüzə gətirməyək ki, ekstremal məqamlarda özümüz də həmin avtobuslara üz tuta bilək. Başqa çıxış yolu yoxdur axı. Paytaxt yollarında olumla-ölüm haqq-hesabı aparan ictimai nəqliyyatdan gündəlik istifadə etmək ölümünə könüllü çəkildə imza atmaq kimi bir işdir...

Könüllü demişkən, bu mövzuda hər dəfə material yazmaq, yazı hazırlamaq heç də könüloxşayan iş deyil. Çünki soyuq havalarda ictimai nəqliyyatın fəaliyyətindən istifadə edəndən sonra insanda hisslərin, duyğuların korşalması prosesi gedir ki, ondan sonra hansısa gözəllikdən söhbət açmaq, bəhs etmək heç yerinə düşmür. Konkret, koronaviruslu gündəmdə sıxlığın, sosial məsafə saxlamamağın insan həyatı, sağlamlıq üçün, sağ qalmaq mənasında nə demək olduğunu, hansı anlam daşıdığını demək bəri başdan bəllidir.

Bəlli olmayan isə virusun tüğyan etdiyi, hər gün statistikanın artdığı şəraitdə insan həyatının əlavə problemlərlə, çətinliklərlə daha da ağırlaşdırılmasıdır. Əslində, həmin problemlər əlavə deyil, əsasdır. Lakin doğma problemlərimizlə birgəyaşayış fonunda, onlarsız bir günümüzün olmamasına da adət etmişik. Yetər ki, kimsə, yəni aidiyyatı qurumlar bəlli, ildən-ilə ötürülən problemlərin “qocalmasını” nəzərə alıb onları təqaüdə - dincəlməyə göndərsin. Problemlərin dincliyi də onların herikə qoyulması mənasında deyil, birmənalı şəkildə anlaşılsın. Ki, bizlər də heç olmasa, bir qışı rahat qarşılayaq, ilin dörd fəslinin ən sərt aylarını az qala çöldə qalmış, bayırda yaşamış kimi qarşılamayaq. Çünki, kombi sistemindən məhrum binalarıın sakinlərinin vəziyyətinin belə hallarda necə olduğunu təsəvvür etmək kiməsə çətin olmaz...

Qışa hazırsızlıq isə təkcə yolların, asfalt örtüyünün bərbad olmasından, çala-çuxurlardan, küçələrdə yağış suyunun axması üçün məlum çuxurların nəzərdə tutulmamasından və s. ibarət deyil. O qədər vacib məsələ var ki, onlar haqqında ətraflı yazmaq, bəhs etmək az qala qış nağılına bənzər. Elə bir nağıla ki, onu vaxtilə başımızı nənələrimizin dizi üstünə qoyub, isti soba, od-ocaq qırağında mürgüləyərək zaman-zaman dinləmişik. Amma vaxt gəldi və həyatın təkcə elə nağıllarda problemsiz yaşandığını dərk edərək, böyüdük. Anladıq ki, vaxtında qarşısı alınmayan, həllini gecikdirdiyimiz çətinliklər sonradan azman problemlərə çevrilir. İndi də “siçan” formasında başlayan problemlərin “fil” gücü qarşısında “nə edim, necə edim” sualıyla qarşı-qarşıyayıq...

Elə qarşıdan da qış gəlir, bəlli ki, soyuq, adətən, yağışlı, ola bilsin, hətta qar da yağdı. Problemlərdən başımıza “qar” yağsa da, saçımızın öncəki rəngini problemin ömrünə-gününə yaza bilməmişik, nə yazıq...

Qışa hazırlıqla, özü də ən həssas məqamlarla bağlı, qonşu Türkiyədən nümunə gətirmək də çətin deyil.

Deməli, Ərzurumda qışın sərt keçməsi səbəbindən qəbirqazanlar qış gəlməmiş öncədən bu işə hazırlıq görürlər. Çünki orada qışda havanın hərarəti mənfi 35 dərəcəyə düşür və nəticədə torpağı qazmaq mümkün olmur. Ona görə də Ərzurumun Abdurrahman qazi qəbristanlığında qış hazırlığını bitirmək üzrədirlər. İdarənin işçi qrupları 600 qəbri qış fəslinə hazırlayıb, daha 200 qəbrin hazırlanması işi də davam etdirilir. Bu işə hələ payızdan başlanılır, çünki qışda torpaq çox sərt olur, qəbri yalnız kompressorun köməyilə qazmaq olur. Ona görə də payızdan başlayaraq tək, cüt, üç, dördlü qəbir yeri qazılaraq hazır vəziyyətə gətirilir. Bu da nəticədə işin asanlaşdırılması, qışda gün ərzində bir neçə cənazənin dəfninin həyata keçirilməsi deməkdir...

Bəli, istər çətin, istərsə də asan, istər gündəlik, dünyəvi, istərsə də əbədi həyata hazır olmalıyıq. Olumla ölüm arasındakı bu zaman kəsiyində isə həyatımızı süni yaradılmış problemlərlə daha da çətinləşdirməyək. Bunu onsuz da hər il deyirik, amma...

İşin “əmma”sı da elə ondadır - ömrümüzü-günümüzü karusel-problemlərə fəda etməkdə. Fəqət onun həlli üçün də bir az məsuliyyət, bir azacıq da öhdəlik gərəkir, nəinki fədakarlıq...

 Nigar Orucova