Üçtərəfli razılaşma icra edilir- gözləntilər və perspektivlər

19:04 18-11-2020 153

Qabil Hüseynli: "Hesab edirəm ki, Azərbaycan-Rusiya
münasibətləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir"

 Sülhəddin Əkbər: "Azərbaycan Ermənistana qalib
gəldi, amma Rusiyanın qarşısını ala bilmədi"

 Azərbaycanla Ermənistan arasındakı münaqişənin eskalasya mərhələsi artıq arxada qaldı, münaqişənin siyasi-diplomatik dönəmi isə noyabrın 10-da - Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladığı bəyanatla başladı. Üç ölkə rəhbərinin imzaladığı bəyanatda hər iki ölkə üçün kifayət qədər aydın olmayan, suallar doğuran məqamlar var ki, prosesin kimin xeyrinə, kimin zərərinə inkişaf etdiyini hələ aydınlaşdırmaq mümkün deyil. Lakin dünyanın müharibələr tarixini vərəqlədikdə görürük ki, sonda bütün məsələlər qalib gələn tərəfin xeyrinə, məğlubun cavabdehliyi ilə yekunlaşır. Məsələyə ənənəvi müharibələr nəzəriyyəsindən yanaşsaq, Azərbaycan qalib tərəf kimi diqtə etməli, Ermənistan tərəfi isə bundan doğan öhdəlikləri yerinə yetirməyə çalışmalıdır. Lakin bu münaqişənin üçüncü tərəfi də var - bu üçüncü tərəf, əslində elə münaqişənin müəllifi, banisidir. Başqa sözlə desək, Azərbaycan Ermənistanı qalib tərəf statusundan məhrum etdiyi məqamda Rusiya məsələyə müdaxilə etdi, rəsmi Bakını müharibəni məntiqi sonluğa çatdırmağa imkan vermədi. Sonda isə yuxarıda qeyd etdiyimiz qeyri-müəyyən, suallarla dolu bəyanat ortaya çıxdı. Sənəddə qeyri-müəyyənlik olsa da, artıq onun icrasına başlanılıb, hətta, bəyanatın bəndlərinə dəyişikliklər də edilib. Məsələn, ermənilər Kəlbəcəri noyabr ayının 15-dək boşaltmalı idi, lakin Rusiya vasitəsi ilə edilən müraciət əsasında bu müddət 25 noyabra qədər uzadıldı. Bununla yanaşı, Ermənistan silahlı qüvvələri hökumətin çağrışlarına məhəl qoymadan Ağdam bölgəsində Rusiya sülhməramlılarına müqavimət göstərdi. Bütün bunlar üç dövlət başçısının imzaladığı bəyanatdan kənarlaşmalardır. Sadə vətəndaşlar üçün bəzi məqamları qaranlıq qalan, suallar doğuran bu bəyanata yəqin ki, peşəkar baxış bir qədər aydınlıq gətirə bilər. Ona görə də bu məsələni siyasi şərhçilərlə müzakirə etdik.

İlk müraciət etdiyimiz siyasi şərhçi, AzDP sədri Sülhəddin Əkbər bildirdi ki, atəşkəs barədə anlaşma Rusiyanın təşəbbüsüdür, bu, Azərbaycanın tam və qəti qələbəsinin qarşısını almaq, Dağlıq Qarabağ ermənilərini xilas etmək və gələcəkdə öz varlığını Azərbaycanda qoruyub saxlamaq üçün ortaya qoyulan bir platformadır: "Ermənistan bu bəyanatı imzalamağa məcbur idi, rəsmi Yerevanın başqa yolu yox idi. Azərbaycan isə buna məcbur edildi. Hazırki şəraitdə vəziyyətdən ən yaxşı çıxış yolu Türkiyə sülhməramlılarının bölgəyə gəlişindən sonra durumu tədricən balanslaşdırmaqdır. Bunun başqa yolu mövcud deyil. Azərbaycan Ermənistana qalib gəldi, amma Rusiyanın qarşısını ala bilmədi. Ona görə də bizim növbəti vəzifəmiz Rusiyanın bölgəyə təsirini neytrallaşdırmaqdır. Bu vəzifəni isə qardaş Türkiyənin sülhməramlılarının dəstəyi ilə reallaşdırmaq mümkündür. Əks təqdirdə, Azərbaycan nə Rusiyanın təsirini məhdudlaşdıra, nə də ona nəzarət edə bilər. Sülhməramlı adı ilə gəliblər, üzərində nəzarət olmasa orada istədiyini edəcək. Artıq Dağlıq Qarabağ Ermənistanın deyil, Rusiyanın nəzarətindədir. Mən hər zaman deyirdim ki, biz Ermənistanla deyil, Rusiya ilə vəkalət müharibəsi aparırıq, vəkilin (Ermənistanın) başını Azərbaycan əzdi, Rusiya ortaya çıxdı. Ermənistanı da, "DQR"i də yaradan Rusiyadı, o üzdən də bizim qarşımızda indi rus qoşunlarıdır. Bu baxımdan hazırda vəziyyət daha aydındır, Rusiya heç kimin arxasında gizlənməyib. Azərbaycan bundan sonra öz siyasətini, məhz indiki şəraitə uyğun qurmalıdır. Artıq Rusiya Türkiyənin regionda geopolitik iştirakını qəbul etməyə məcbur oldu, ardınca V.Putin etiraf etdi ki, bu, SSRİ-nin dağılmasının siyasi nəticəsidir. Yəni bütün günahları yıxdı SSRİ-ni dağıdanların üzərinə. İkincisi isə uzunmüddətli perspektivdə Türkiyə regionda güclənən, Rusiya isə zəifləyən güc olacaq. Bu səbəbdən də orta və uzunmüddətli perspektivdə heç bir narahatçılıq olmayacaq, əsas problemlər qısamüddətli perspektivdə ola bilər".

Politoloq Qabil Hüseynli bizimlə söhbətinə Rusiya prezidenti Vladimir Putinin "Rossiya24" kanalına müsahibəsindən iqtibasla başladı: "V. Putin söylədi ki, Dağlıq Qarabağ həmişə Azərbaycanın tərkib hissəsi olub. Bu bizim üçün normal yanaşmadı, düşünürəm ki, hamının da ürəyincədir. Putin həmçinin bildirdi ki, bölgədə sabitlik yaranır, Rusiya sülhməramlıları tədricən iki ölkə arasındakı münasibətlərin rəvan məcraya düşməsi üçün səylər göstərir və buna nail olmaqdayıq. V.Putinin Türkiyə barədə fikirləri də pozitiv təsir bağışlayır, türk qoşunlarının bölgəyə gəlməsinə də münasibəti normaldır. Türkiyənin sülhməramlı missiya kimi Azərbaycana gəlməsi beynəlxalq hüquqa uyğundur. Rəsmi Ankara Cənubi Qafqazda münasibətlərin normallaşması üçün əlindən gələni əsirgəmir. Bu onun göstəricisidir ki, Rusiyada, xüsusən onun prezidentində bu bölgədə proseslərin nizamlanması üçün hələ ki normal siyasi iradə var. Bu siyasi iradə sona qədər qorunsa, əlbəttə, pozitiv perspektivlər gözləmək olar. Mən hesab edirəm ki, Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir. Qarşıda hələ bizi sülhyaratma prosesləri, Ermənistanla danışıqlar gözləyir. Hazırki dövrdə erməni qoşunlarının rayonlardan çıxarılması məsələsi durur. Rusiya sülhməramlıları bu işdə aktivlik göstərir. Düşünürəm ki, tezliklə bu missiyanın öhtəsindən gələcək. Qərbdə sülhyaratma prosesinə əngəllər törətmək istəyənlər var, ən çox arapozanlıq edən Fransadı, Amerikanın özüdü - dünyanın o başından gəlib burda ağalıq eləmək istəyir. Amma Rusiya bizim yaxın qonşumuzdur, Türkiyə və Rusiya Qafqaz ölkəsidir, onlar bir-biri ilə anlaşaraq prosesi perspektivdə də öz nəzarətləri altında aparacaqlarına inanıram".

Siyasi şərhçilərin dediklərindən belə bir nəticə çıxarmaq olar ki, Azərbaycan hərbi qələbəni qazansa da, hələ proses tam başa çatmayıb. Prosesin məntiqi sonluğa çatdırılması üçün ciddi siyasi-diplomatik fəaliyyət dönəminə artıq start verilib. Parlaq hərbi qələbəni siyasi-diplomatik cəbhədə təkrar etmək üçün bizi qarşıda gərgin mübarizə gözləyir.

 Akif Nəsirli