Qarabağı Rusiyadan necə alacağıq?

19:08 18-11-2020 300

Rusiya Qarabağı əlində saxlamağa çalışır

 SSRİ dağılandan sonra Rusiya Cənubi Qafqazı tam nəzarətə almaq məqsədilə çoxdan hazırladığı Ermənistan kartından 90-cı illərdə istifadə etdi. Çirkin məqsədinə yetişmək üçün Rusiya Moskvada və xaricdəki erməni lobbilərini hərəkətə gətirdi. Qısa müddətdə Ermənistan, Dağlıq Qarabağ və ermənilər tərəfindən işğal olunmuş 7 rayondan bir milyon azərbaycanlını yurdundan didərgin saldı. Erməniləri öncədən silahlandıran Rusiya regiondakı hərbçilərilə ermənilərə dəstək verdi! 1990-cı ildə 20 Yanvar, 1992-ci ildə 26 fevral, Xocalı və digər çoxsaylı faciələri törədərək, Rusiya 30 min insanımızı şəhid etdirdi, 7 rayon daxil olmaqla, Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağı ələ keçirdi. Rusiyanın hərbi müdaxiləsi ilə regionda yaranmış bu acı reallıq düz 30 il davam etdi!

Otuz il davam edən Rusiya dəstəkli erməni işğalı altında qalan Azərbaycan torpaqlarının azad olunması uğrunda müharibə isə, heç kimin gözləmədiyi halda, Rusiyanın müdaxiləsindən çəkinmədən, 27 sentyabrda ermənilər təmas xəttində hərbi təxribat törətdikdən sonra başladı. Azərbaycanın şanlı ordusu ilk gündən əks- hücuma başlayaraq, qısa zamanda müharibədə döyüş üstünlüyünü ələ aldı, düşmənin hərbi qüvvələrini darmadağın etdi.

Rusiya ermənilərin döyüş meydanından qaçdığı anı seçdi, həm Qərbə meyllənən Ermənistana özünü xilaskarı kimi göstərdi, həm də çoxdan ələ keçirmək istədiyi Qarabağa girdi! Azərbaycan ordusu  Ermənistan hərbi birləşmələrini məhv edib, Şuşanı işğaldan azad etdikdən və Xankəndini götürməyə yaxınlaşdığı zaman Rusiya prezidenti V. Putin hərəkətə keçdi! Müharibəni dayandırmaq, atəşkəs elan etmək üçün, guya Azərbaycan hərbçiləri tərəfindən vurulduğu iddia edilən, şübhəli "Rusiya hərbi vertolyotunun Azərbaycan tərəfindən vurulması!" hədəsilə təhdid edərək, Azərbaycanı atəşkəsə məcbur etdi!

Müzəffər Ali Baş Komandanın rəhbərliyi, qardaş Türkiyənin mənəvi dəstəyilə Azərbaycanın şanlı ordusunun azğın, şərəfsiz, faşist düşmənlə müharibədə çox böyük üstünlüklə qalib gəlməsi hər birimizi çox sevindirir və ruhlandırır! Qeyd edək ki, ordumuzun düşmən işğal altında qalmış torpaqlarımızın  hərbi yolla böyük hissəsini azad etməsi hər birimizi nə qədər sevindirirsə, Rusiya ordusunun "sülhməramlı" adı ilə Qarabağa girməsi, torpağımızdan asanlıqla çıxmayacağı və ərazimizdə erməni əhali ilə bərabər, silahlı erməni terroristlərin yenidən məskunlaşması bizi əndişəsindən narahatlığımızda qalır!

 Mahir Abbaszadə