Səfər Mehdiyev milyonları "Progress"ə asta-asta ötürür...

19:23 18-11-2020 90

Dövlət Gömrük Komitəsi yeni inzibati binasının zirzəmi hissəsinin tikinti işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Vahid dövlət satınalmaları portalına istinadən xəbər veririk ki, tenderin qalibi “Progress” Sənaye İstehsalat Şirkətidir. Qalib şirkətə 1 091,7 min manat ödəniləcək.

Təbii ki, işin içində Dövlət Gömrük Komitəsinin adının olması və bu qurumun başında Səfər Mehdiyevin dayanması ilk başdan şübhələrə yol açır və bu şübhə ilə apardığımız qlısa araşdırma nəticəsində ilginc fakt ortaya çıxıb,

Aydın olur ki, Dövlət Gömrük Komitəsi bu ilin 12 sentyabr tarixində də “Progress” Sənaye-İstehsalat Şirkəti ilə maliyyə dəyəri 1 331 832.61 AZN olan müqavilə imzalayıb.

Müqaviləyə əsasən şirkət bu məbləğə DGK-nın yeni inzibati binasının tikintisi ilə əlaqədar bünövrə işlərini həyata keçirməlidir. Aydın olanı odur ki, DGK rəhbəri Səfər Mehdiyev “Progress” Sənaye-İstehsalat Şirkətinə milyonları asta-asta ötürür. Əvvəlcə bünövrə tikintisi adı altında, sonra zirzəmi və...

Biz də “Progress” Sənaye-İstehsalat Şirkəti ilə bağlı da araşdırma aparmaq istədik. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Progres” Sənaye-İstehsalat Şirkəti 26 dekabr 1994-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, İslam Səfərli küçəsi, ev 20, mənzil 5B-də yerləşir. “Progress”in qanuni təmsilçisi Atakişiyev Azər Mətləb oğludur.

Açıq mənbələrdə Azər Atakişiyev barəsində hər hansı məlumat yoxdur. Elə “Progress” də 26 ildir fəaliyyət göstərməsinə baxmayaraq o qədər də tanınan şirkət deyil. Hər halda şirkət haqqında axtarışlarımız nəticə vermədi. Buna baxmayaraq, “Progress” ayrı-ayrı yerli və mərkəzi icra hakimiyyətlərinin keçirdiyi milyonluq tenderlərin qalibi olub.

Məsələn, şirkət Kürdəmir, Ucar, Ağcabədi, Abşeron rayonları ərazisində məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturu olan çoxmərtəbəli və fərdi yaşayış evlərinin tikintisi işləri üzrə 1 may 2019-cu ildən 13 mart 2020-ci ilə qədər ümumi dəyəri 18 milyon manat civarında 6 tender udub.

Dövlət qurumlarının 20 manatlıq şirkətə iri məbləğli layihələri hansı səbəbdən etibar etdiyi bəlli deyil.

P.S. Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Mənbə dia.az