Rusiya rəqiblərini oyundankənar vəziyyətə saldı-Qərb şokdan nə zaman ayılacaq?

22:12 20-11-2020 115

Müharibədən sonra Qərbin Qarabağ münaqişəsi ətrafında gedən proseslərdə necə iştirak edəcəyi qeyri-müəyyən olaraq qalır. ABŞ və Avropa ölkələri ayrı-ayrılıqda hərbi əməliyyatların dayandırılmasını alqışlayıb, prosesin Minsk Qrupu çərçivəsində dialoq və sülh yolu ilə başa çatdırılmasının vacibliyini bəyan ediblər.

Bu gün isə Avropa Birliyi Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında atəşkəsin əldə olunmasını alqışlayıb. Qurum bildirir ki, atəşkəs razılaşmasının müddəalarının icrasını diqqətlə izləyəcək:

 “Əməliyyatların dayandırılması çoxdan davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoymaq yolunda ilk addımdır. AB hesab edir ki, münaqişənin, eləcə də Dağlıq Qarabağın statusunun danışıqlar yolu ilə hərtərəfli və davamlı həlli cəhdləri yenilənməlidir. Bu səbəbdən AB ATƏT-in Minsk Qrupuna tam dəstəyini ifadə edir”.

Avropa Birliyi bilavasitə münaqişənin həlli prosesinə cəlb olunmayıb. Amma təşkilatın 2 aparıcı üzvündən biri – Fransa Minsk Qrupunun həmsədridir. 28 il davam edən vasitəçilik missiyasının hansı nəticələrlə yadda qaldığı məlumdur. Rəsmi Parisin müharibə dövründə Ermənistanı açıq şəkildə dəstəkləməsi onun tərəfsiz vasitəçi öhdəliklərinə zidd idi. Paris bu gün də mövqeyində qalır və Ermənistana siyasi dəstəyini davam etdirir, üstəlik Fransa Senatına olmayan “DQR”in tanınması barədə absurd və beynəlxalq hüquqa zidd layihə təqdim edilib.

Avropa Birliyinin bəyanatından görünür ki, təşkilat Minsk Qrupunu prosesin bundan sonrakı mərhələsində əsas rol oynayacaq institut sayır. Amma Fransanın birtərəfli mövqeyinə, onun Brüsselin mövqeyi ilə ziddiyyət təşkil edib-etmədiyinə aydınlıq gətirilmir. Azərbaycan üçün qəbuledilməz olan bu məsələyə AB-nin izahat verməsinə ehtiyac var.

Bundan başqa, bəyanatda AB bildirir ki, atəşkəs razılaşmasının müddəalarının icrasını, xüsusən atəşkəsə nəzarət prosesini diqqətlə izləyəcək. Məlumdur ki, Rusiya və Türkiyə arasında əldə olunan razılaşmaya görə, atəşkəsin icrasına nəzarət etmək üçün Monitorinq Mərkəzi qurulacaq və iki ölkə hərbçiləri bu qurumda birgə çalışacaqlar. Görünür, Avropa ölkələri ilə Türkiyə arasında münasibətlərin gərginliyi burada da özünü göstərir. AB məhz Türkiyənin Qarabağdakı fəaliyyətini ciddi nəzarət altında saxlayacağına işarə edir.

Qərbin bundan sonrakı roluna gəlincə, bu barədə ümidverici nəsə demək çətindir. Rusiya Qərbin heç bir müqaviməti ilə üzləşmədən regiondakı üstünlüyünü birə-beş artırıb. Nəticə etibarilə aparıcı ölkələr Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşmasını dəstəkləmək məcburiyyətində qalıblar.

Karnegi Fondunun aparıcı əməkdaşı, “Qara bağ” kitabının müəllifi  Tomas de Vaal bu barədə bildirir ki, Rusiyanın Ermənistan və Azərbaycanla razılaşdırdığı atəşkəs razılaşması Dağlıq Qarabağda müharibəni dayandırdı və Qərb ölkələrini oyundankənar vəziyyətə saldı. İndi avropalılar davamlı sülhə kömək etməyə çalışmalıdırlar. Ekspert qeyd edib ki, atəşkəs bəyanatında yüz minlərlə azərbaycanlı köçkünün torpağına qayıtması nəzərdə tutulsa da, daha öncə nəhəng bərpa proqramı həyata keçirilməlidir:

“Bu, çox vacib atəşkəsdir, amma sülh razılaşması deyil. Ermənistan tərəfdə böyük məyusluq var. Dağlıq Qarabağdan minlərlə erməni köçkün düşüb və onların gələcəyi müəyyən deyil. Dağlıq Qarabağın statusu məsələsi müzakirə masasından kənarda qaldığı müddətdə Ermənistanla Azərbaycanın münasibətlərinin normallaşmasından da danışmaq mümkün deyil”.

Tom de Vaal münaqişənin bir nəticəsinin aydın olduğunu bildirib:

“Qərb ölkələri kənarda qaldılar və indi özlərini xatırlatmaq üçün çox işləməli olacaqlar”.

Qərbin bundan sonra ədalətli mövqeyi və prosesdə aktiv iştirak etməsi Azərbaycanın maraqlarına uyğundur. Bakı böyük ölçüdə problemi həll edib, amma bundan sonra görüləcək işlər də az deyil. Əvvəla, beynəlxalq hüququn prinsiplərnə uyğun olaraq Qarabağın bütün ərazisinin Azərbaycanın suverenliyinə qaytarılmasına dəstək verilməlidir. Daha sonra məskunlaşma, humanitar məsələlərin həlli, bərpa, reabilitasiya proqramlarının icrasında Qərb fondlarının iştirakı vacibdir. Çünki bu sahələrdə Qərb institutlarının böyük təcrübəsi və geniş maliyyə imkanları var.(pressklub)

Turqut