Ərdoğan Azərbaycandakı türk əsgərlərə müraciət etdi: -“Sizin orada olmağınız şərəf nişanəsidir”

23:55 31-12-2020 279
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda xidmət edəcək türk hərbçilərinin iştirakı ilə Bakıda keçirilən mərasimə telefonla qatılıb.
 Ərdoğan dost və qardaş Azərbaycan xalqına salamlarını çatdırıb.

“Can Azərbaycanın Prezidenti, qardaşım İlham Əliyevin rəhbərliyi altında 44 gündə böyük qələbə qazandınız. Azərbaycan Ordusunu Dağlıq Qarabağın və işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi uğrunda mübarizədə qazandıqları qələbəyə görə təbrik edirəm. Bu qələbə bizi azərbaycanlı qardaşlarımız qədər sevindirdi və qürurlandırdı".

10 dekabrda Azadlıq Meydanında təşkil edilən Zəfər paradında Azərbaycan xalqının sevincinə şərik olduqlarını xatırladan Ərdoğan deyib: "Qardaş Azərbaycan Türkiyə Silahlı Qüvvələrini Qafqaz İslam Ordusunu sevinc göz yaşları ilə qarşıladığı kimi eyni həyəcanla qarşıladı”.

Yaxın tarixin ən mühüm hərbi və siyasi hadisələrindən olan “Bir Vətən hərəkatı”nda şəhid olmuş qəhrəmanlara Allahdan rəhmət diləyən Prezident Ərdoğan, 102 il əvvəl Bakının işğaldan azad olunmasında əldə edilən birliyi və həmrəyliyi xatırladıb.

"Sizin oradakı varlığınız ölkələrimiz arasındakı münasibətlərin gəldiyi nöqtəni göstərən bir şərəf nişanəsidir. Türkiyə olaraq hərbi qələbəni diplomatik uğurla taclandırmaqda olan Azərbaycanın mübarizəsini meydanda və bütün beynəlxalq platformalarda dəstəkləyirik.

Azərbaycan və Ermənistan arasında əldə edilən atəşkəsin həyata keçirilməsini müşahidə etmək üçün bölgədə xidmət edəcək əsgərlərimizə uğurlar diləyirəm Atəşkəsə riayət etmək üçün qurulacaq mərkəzin ən qısa müddətdə işə düşəcəyinə ümid edirəm. Silahların lülələrindən tüstü dağılmamışkən, atəşkəsi pozmağa çalışan erməni qüvvələrinə bir an öncə bu yanlış hərəkətdən çəkinməyi tövsiyə edirəm. Keçmişi şan və şərəflə dolu olan Türk ordusu əsrlər boyu olduğu kimi üç qitə və yeddi iqlimdə öz işinə xidmət etməyə davam edəcəkdir.

Türk əsgəri "ölsəm şəhid, qalsam qazi" inancı ilə ölkəmiz və bütün dünyada, xüsusən də Azərbaycanda ona verilən vəzifəni yerinə yetirəcəkdir. Suriyadan Liviyaya, Somalidən Kosovoya, Əfqanıstandan Qətərə qədər bir çox yerdə sülhün, əmin-amanlığın və sabitliyin qorunması üçün mübarizə aparan bütün əsgərlərimizə uğurlar arzulayıram. Rəbbim köməyimiz olsun. Azərbaycandakı dəyərli əsgərlərimizi bir daha ürəkdən təbrik edirəm və sizi Yeni il münasibətilə təbrik edirəm".