2021-ci ildən nə gözləyək?

00:06 01-01-2021 315

Qarabağ məsələsi, pandemiyanın nəticələrinin aradan qaldırılması, sosial-iqtisadi problemlərin həlli, islahatlar sahəsində sözdən işə keçilməsi növbəti ilin əsas mövzuları olacaq

 

2020-ci il bitsə də, dünyada və Azərbaycanda onun təsirləri 2021-ci ildə də davam edəcək. Planetimiz üçün ən aktual problem şübhəsiz ki, koronavirus pandemiyasıdır. Bir çox ölkədə artıq peyvəndləmə başlayıb, Azərbaycanda da gələn ilin əvvəlləri başlamalıdır. Bu, ümid verir ki, problemin sağlamlıqla əlaqəli tərəfi 2021-ci ildə həllini tapacaq. Sırf Azərbaycana aid əsas problem isə Qarabağ məsələsi olaraq qalır. 2020-ci ildə nəhayət ki, bu istiqamətdə çox önəmli addımlar atıldı, Azərbaycan işğal altındakı ərazilərinin böyük hissəsini hərbi yolla geri qaytararaq tarixi uğura imza atdı. Amma təəssüf ki, münaqişə tam həllini tapmadı. Hərbi əməliyyatları dayandıran Rusiya prezidenti Putinin təbiri ilə desək, bu məsələ gələcəyə buraxıldı və əvvəlkindən daha kiçik ərazidə donduruldu. Azərbaycanda qarşıdakı ilin əsas trendini bu 2 problem ətrafında cərəyan edəcək hadisələr müəyyənləşdirəcək.

Təbii ki, 44 günlük müharibə Azərbaycanın son 100 illik tarxinin ən mühüm hadisələrindən biridir. Birinici Qarabağ müharibəsinin qalibi olmuş Ermənistan ordusu cəmi 6 həftə ərzində hərbi texnikasının və canlı qüvvəsinin əhəmiyyətli hissəsi məhv edilməklə, darmadağın olundu. İki il əvvəl inqilabla hakimiyyətə gəlmiş Nikol Paşinyan hökuməti məğlubiyyətin məsuliyyətini özündən əvvəlki siyasi qüvvələrlə paylaşmağa cəhd etsə də, ölkədə siyasi böhranın qarşısını ala bilmədi. Hazırda Ermənistan ağır siyasi, iqtisadi, sosial, mənəvi böhran içərisindədir.

Azərbaycan müharibədə böyük zəfər qazanıb, amma qarşıdakı illərdə bütün Dağlıq Qarabağ ərazisində dövlət suverenliyinin təmin olunması bir nömrəli vəzifə olaraq qalır. Bu istiqamətdə atılmalı olan addımları aşağıdakı kimi sıralaya bilərik:

– Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətinə beynəlxalq təşkilatların və Türkiyənin nəzarətinin təmin olunması;

– Dağlıq Qarabağdakı erməni silahlı birləşmələrinin tərksilah edilməsi və bölgədən çıxarılması;

– Bölgəyə giriş-çıxışa Azərbaycan sərhəd qoşunlarının və gömrük orqanlarının nəzarətinin təmin edilməsi;

– Dağlıq Qarabağda məskunlaşmanın Azərbaycanın və BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında aparılmasının təmin edilməsi. Azərbaycanlı məcburi köçkünlərin Rusiya sülhməramlılarının nəzarətindəki əraziyə təhlükəsiz qayıdışının təmin edilməsi;

– Azərbaycan üçün bütün kommunikasiyaların açılması, o cümlədən Kəlbəcərə, Şuşaya ənənəvi marşrutlar üzrə gediş-gəlişin təmin edilməsi;

– Azərbaycan hüquq-mühafizə, ədliyyə və digər dövlət orqanlarının sülhməramlıların cavabdeh olduğu ərazilərdə fəaliyyətinə şərait yaradılması və s…

Əlbəttə, yazmaq, danışmaq, təklif irəli sürmək  asandır, praktikada bunlara nail olmaq isə xeyli çətin. Xüsusən Rusiyanın bölgədəki fəaliyyəti ciddi maneələrin olacağından xəbər verir. Amma vəziyyəti ümidsiz, çarəsiz kimi qiymətləndirmək də doğru olmaz. Ortada 10 noyabr razılaşması var, onun düzgün şəkildə icra olunmasını tələb etmək Azərbaycanın hüququdur.

Müharibədən sonra həlli vacib problemlərdən biri də müdafiə və təhlükəsizlik sahəsində islahatların həyata keçirilməsidir. Döyüşlərin gedişi və nəticəsi, xüsusi təyinatlı qüvvələrin yüksək peşəkarlığı göstərdi ki, müqaviləli ordu sisteminə keçid son dərəcə zəruridir. Bundan başqa, ordunun müasir standartlara uyğun idarə olunması, sovet hərbi məktəbinin qaydaları və ənənələrindən vaz keçilməsi, texnoloji silah sistemləri və hərbi texnika, keyfiyyətli ərzaq və tibbi ləvazimatlarla təchizat sahəsində üzə çıxan problemlər təhlil olunmalı və bu sahədə yeni sistem qurulmalıdır. Səfərbərlik və hərbi prokurorluq sistemindəki qüsurların aradan qaldırılmasına xüsusi diqqət yetirilməlidir.

Müharibə iştirakçılarının, şəhid ailələrinin sosial müdafiəsi, dövlət qayğısı ilə əhatə olunması da dövlətin prioritetlərindən biridir. Məlumdur ki, bu sahədə həmişə ciddi nöqsanlar olub, sosial sahəyə məsul qurumlar həssas təbəqələrin problemlərinə biganə yanaşıb. Nəticədə ölkə miqyasına çıxan etirazlar, gərginliklər baş verib. Doğrudur, müharibədən sonra aidiyyəti qurumlar bu zümrəyə diqqəti artırıb. Amma ehtiyac var ki, bu sahədə dəstək, reabilitasiya proqramları qəbul edilsin və onların icrası üçün işlək mexanizmlər formalaşdırılsın.

İşğaldan azad olunmuş ərazilərin bərpası, yenidən qurulması gələn ilin əsas vəzifələri sırasında ön sırada dayanır. 2021-ci ilin dövlət büdcsində bu məqsədlə 2.2 milyard manat vəsait ayrılıb. Burada əsas məsələ dövlət investisiyalarının xərclənməsində şəffaflığın təmin olunması, yerli şirkətlərin ədalətli şəkildə prosesə cəlb edilməsidir. Çünki böyük miqyaslı tikinti-abadlıq işləri yerli sahibkarlıq, biznes üçün gəlir mənbəyi olmaqla yanaşı, məşğulluğun təmin olunmasına da müsbət təsir göstərə bilər.

2021-ci il həm də ötən il pandemiyanın üzə çıxardığı problemlərin həlli ili ola bilər. İlk növbədə Azərbaycan səhiyyəsinin tamamilə yenidən qurulmasına ehtiyac var. Bu sektordakı ikihakimiyyətlilik, korrupsiya, rüşvətxorluq və bərbad idarəçilik 2020-ci ildə daha qabarıq üzə çıxdı. Faktiki olaraq, Azərbayan vətəndaşları zəruri və keyfiyyətli tibbi yardım almaq hüquqlarından faydalana bilmir. Əhali bəşəri fələkətə səbəb olan koronavirus pandemiyasının qarşısında demək olar, çarəsiz qaldı. Tibbi sığortanın olmadığı bir şəratdə bahalı tibbi xidmətlər bütün təbəqlər üçün əlçatan olmadı. Bütövlükdə səhiyyə sistemi iflas etdi. Dərman firmalarının, klinikaların, testləşmə aparan səhiyyə qurumlarının fəaliyyəti isə hansısa tənqidə sığmır, bu problemlər təkcə hökumət səviyyəsində deyil, hüquq-mühafizə orqanlarının da araşdırma predmeti olmalıdır.

Pandemiya dövründə iqtisadiyyatın ağır zərər görmüş sahələrinin dirçəldilməsi, yoxsullaşan əhali təbqələrinin rifahının yaxşılaşdırılması da 2021-ci ilin prioritetləri sırasında olmalıdır. Məlumdur ki, ötən il bu sahədə hökumət olduqca bərbad yanaşma ortaya qoydu, nəticədə sahibkarlıq, biznes pandemiyanın vurduğu zərbələr qarşısında köməksiz qaldı. Hökumət rəsmiləri etiraf edirlər ki, bir il ərzində Azərbaycan iqtisadiyyatı 4 faiz kiçilib. Əlbəttə, real vəziyyət qat-qat pisdir. Bu sahədə görüləsi işləri uzun-uzadı sadalamağa ehtiyac yoxdur. Onu qeyd etmək zəruridir ki, bu tədbirlər həyata keçirilməsə, 2021-ci ildə özümüzü qalib ölkənin vətəndaşı kimi hiss edə bilməyəcəyik.

Azərbaycan dəyişməlidir.

Barəsində çox danışılan, amma praktikada heç cür gözə dəyməyən islahatlar 2021-ci ildə həyata keçirilməlidir.(pressklub)

Turqut