Putindən sonrakı Rusiya: Dövləti nə gözləyir? –“O qurum yeni lideri iqtidara gətirəcək”- Politoloq

23:12 02-01-2021 243

Azərbaycan işğal altında olan ərazilərini öz hərbi və iqtisadi gücü hesabına azad etsə də, hazırkı duruma iki dövlətin – Türkiyə və Rusiyanın müəyyən təsirlərinin olması danılmaz fakta çevirib.

Yenixeber.org: Bu baxımdan da hər iki dövlətdə hansı siyasi qüvvələrin təmsil olunması, ölkələrin strateji mövqeləri Azərbaycanda son vaxtlar daha çox müzakirə olunmağa başlanıb.

Maraq doğuran cəhətlərdən biri də hər iki ölkənin hazırkı mövqeyinin şəxslərə bağlanmasıdır.

Ekspertlər hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin xəstədir və özünə varis axtarır. O olmasa, indiki şəraitdə Rusiya imperiya əzəmətini qoruyub saxlaya bilməyəcək. Eləcə də Rəcəb Tayyib Ərdoğan iqtidarda olmazsa “Yeni Osmanlıçılıq” siyasətini aparmaq mümkün olmayacaq, inancı var.

Bu iddialar nə dərəcədə doğrudur, Türkiyə və Rusiyanın liderlərsiz “ayaqda saxlayacaq” sistemi mövcud deyilmi?

Milli Cəbhə Partiyası sədrinin siyasi məsələlər üzrə müavini, politoloq Məhəmməd Əsədullazadə deyilən iddialarla qismən razılaşır. O, Cebhe.info-ya açıqlamasında bildirib ki, Türkiyə və Rusiyanın hazırkı siyasətində liderlər də mühüm rol oynayır: “İki ölkənin regionda siyasəti düzgün qiymətləndirməsi, liderlərinin müstəqil siyasətə üstünlük verməsi, öz dövlətlərinin tarixi keçmişini qiymətləndirməsi hazırkı durumu formalaşdırır. Rəcəb Tayyib Ərdoğanın apardığı siyasət Türkiyəni müstəqil, dayanıqlı, güclü bir ölkəyə çevirib. Hesab edirəm ki, CHP və digər partiyalar hakimiyyətdə olardılarsa, müstəqil siyasət formalaşdıra bilməyəcəkdilər. AKP hakimiyyətdən gedərsə, CHP və digər partiyalar Türkiyəni zəiflədər, ABŞ və Qərbdən asılı vəziyyətə salar”.

Rusiyaya gəldikdə isə, politoloq Rusiyanı hərbi elitanın idarə etdiyini qeyd edir: “Vladimir Putin hakimiyyətdən gedərsə, Hərbi Kəşfiyyat İdarəsi yeni lideri hakimiyyətə gətirib, ona nəzarət edəcək. Rusiya təkcə prezidentdən asılı dövlət deyil. Burada prezidenti hərbi elita seçir. Orada keçirilən prezident seçkiləri manipulyasiyadır”.