Qazi anası Göyçay rayon icra başçısından Prezident İlham Əliyevə şikayət etdi

21:43 04-01-2021 441

Göyçay rayonu Mallı-Şıxlı kənd sakini Qazi anası Məmmədova Maygül Bahadur qızı tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb.

Bir nüsxəsi də MillətinSəsi.info-ya daxil olan müraciətdə deyilir:

"Hörmətli, cənab Prezident,
Hörmətli, Mehriban xanım Əliyeva!


Mənim oğlum Məmmədov Yusif Müşfiq oğlu Vətən müharibəsi qazisidir.Yusif həqiqi hərbi xidmət keçən müddətdə 27 sentyabr 2020-ci il tarixdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanılan müharibədə iştirak edib. Oğlum 01 oktyabr 2020-ci il tarixdə ağır yaralanıb. Buna görə o hospitalda cərrahiyə əməliyatı olunub.

Diaqnozu qapalı fəqərə sütunu onurğa beyin travması olub. Cərrahiyyə əməliyyatından sonra sol aşağı ətrafı yüngül, sağ aşağı ətrafı isə dərin monoparest, çanaq orqanları funksiyasının pozulmasından əziyyət çəkir. Ağır yaralı oğlumu bir yerdən digər yerə qucaqda aparırıq hərəkət edə bilmir. Böyrəkləri işləmir, şlank vasitəsi ilə sidiyi ifraz edilir. Oğlum hospitaldan hazırda evə məzuniyyətə buraxılıb. Mənim həkimlərdən heç bir şikayətim yoxdur əksinə tam razıyam.

Hörmətli, cənab Prezident,
Hörmətli, Mehriban xanım Əliyeva!

Ancaq Göyçay rayon icra hakimiyyəti başçısı Mehdi Səlimzadə bizim ailəyə qarşı hörmətsizlik etdi. Dəfələrlə onun qəbuluna getsəmdə nə qəbul etmədi nədə köməklik göstərmədi.Mənə köməkçisi vasitəsi ilə sözü bu oldu ki, biz qazi ailələrinə kömək etmirik prezident özü kömək edəcək.

Gördüyünüz kimi yararsız qəzalı daxmada yaşayırıq.Döşəməsi torpaq, tavanı isə tam yararsız olan bu daxmada xəstə qazinin yaşaması onun sağalmasına çətinlik yaradır səhətini dahada ağırlaşdıracaq. Həyat yoldaşım rəhmətə gedib.Yetimçiliklə 4 övlad böyütmüşəm.

Hörmətli, cənab Prezident,
Hörmətli, Mehriban xanım Əliyeva!

Uzun illərdi Yusif və qardaşı Rəvan fəhləçilik edib, həyətdə ev inşa etdirirdik. Yarımçıq qalmış həmin evin hasarı hörülüb, üstü bağlansada tavanı, döşəməsi, qapıları yoxdur, qazı, işığı çəkilməyib.

Buna isə bizim maddi imkanımız yoxdur.İstəyim odur ki, həmin yarımçıq evin bir otağını tezliklə hazırlayaq ki, ağır xəstə olan oğlum Yusif orada yaşasın. Mən icra başçısından buna görə xahiş etmişdim ki, Allah və Vətən xatirinə bizə köməklik göstərsin.

Ancaq o bizə qarşı yaramaz hərkət edib qəbul və kömək etmədi.Bir o sözü bizə çatdırdı ki, gedin deyin başçı qazi ailələrinə köməklik etmir bu işlərə Prezident baxır. Mən həmçinin kömək üçün deputat Sabir Hacıyevə də teleqram göndərmişəm. Ancaq oda kömək etmədi.

Hörmətli, cənab Prezident,
Hörmətli, Mehriban xanım Əliyeva!

Qeyd edim ki, biz özümüz YAŞAT Fonduna müraciət etmişik. Göyçay rayon İcra başçısı Mehdi Səlimzadə reklam xəstəliyinə tutulub. Bir iki qazini yığıb otağına şəkil çəkdirib, özünün əlində saxladığı bir iki saytda nümayiş etdirib prezidenti, ictimaiyyəti aldadır.

Ancaq əslində isə Mehdi Səlimzadə vətəndaşa qarşı çox haqsız və laqeyid icra başçısıdır. Sağ olsun qohum-qonşular bizə ərzaq yardımı edirlər.

Hörmətli, cənab Prezident,
Hörmətli, Mehriban xanım Əliyeva!


Qazi anası olaraq Sizdən çox-çox xahiş edirəm bizim vəziyyətimizi araşdırıb nəzərə alıb yaxından köməklik göstərəsiniz.

P.S. Göyçay rayonu Mallı-Şıxlı kənd sakini Qazi anası Məmmədova Maygül Bahadur qızının şikayəti ilə bağlı Göyçay rayon icra hakimiyyətinin səlahiyyətli nümayəndələrilə əlaqə saxlamaq mümkün olmadı. Qarşı tərəf kimi adları çəkilən şəxslərin və dövlət qurumunun münasibətində ictimailəşdirməyə hazırıq.