Azərbaycan cəmiyyətində “siyasi apatiya” nədən doğur?-Ölkədə partiya institutu lider institutundan daha zəifdir

15:34 06-01-2021 342

Yenixeber.org: Azərbaycan vətəndaşı siyasi proseslərdə iştirakdan məlumatsız olduğu üçün yox, şüurlu şəkildə imtina edir və “siyasi apatiya” kimi qiymətləndirilən bu fenomenin əsas səbəbləri inamsızlıq, etimadsızlıq, ümidsizlikdir – “İmpuls” Tədqiqat Mərkəzi “Azərbaycan vətəndaşlarının sosial-iqtisadi və ictimai-siyasi baxışlarının ölçülməsi” ilə bağlı rəy sorğusu nəticəsində bu qənaətə gəlir.

Sorğunun 2020-ci ilin iyun-avqust aylarında, Mərkəzin təşəbbüsü və resursları hesabına keçirildiyi bildirilir. O, Azərbaycanın 3 ən böyük şəhəri – Bakı, Sumqayıt və Gəncə də daxil olmaqla, 19 inzibati ərazi vahidi üzrə 1107 respondenti əhatə edib. Respondent seçimi zamanı ölkədəki gender və müxtəlif sosial qrupların mövcud nisbəti nəzərə alınıb. Sorğuda iştirak edənlərin 50,2%-i qadın, 49,8%-i kişi olub. Respondentlər 5 yaş qrupuna bölünüb.

Mərkəzin hesabatında bildirilir ki, tədqiqatın nəticələrinin səhv olma ehtimalı 5%, etibarlılıq dərəcəsi 95%-dir.

Sorğu ölkədə əhalinin ictimai-siyasi, sosial-iqtisadi vəziyyətlə bağlı ümumi düşüncələrini, seçki institutuna olan münasibətini, informasiyaya çatımlılığını (xüsusilə siyasi məlumatlılığını), siyasi partiyalara və siyasətçilərə yanaşmasını, siyasi proseslərdə iştirak dərəcəsini və bunların səbəblərini araşdırmaq məqsədilə həyata keçirilib.

Azərbaycan cəmiyyətində uzun illər irəli sürülən bir tezis mövcud olub:

“Cəmiyyətin böyük kəsimi siyasi məlumatlı deyil və bu da özünü siyasi aktivliyin çox aşağı olmasında göstərir. Digər tərəfdən, siyasi iştirakçılığın belə aşağı olması siyasi apatiyaya bağlıdır. Vətəndaşların siyasi apatiyada olması isə əsasən onların siyasi aktorlara etimadsızlığından və seçki institutuna inanmsızlığından irəli gəlir”.

Keçirilən sorğunun nəticələrinin təhlili əhalinin siyasi məlumatsızlığına dair irəli sürülən tezis istisna olmaqla, sadalanan digər faktorların, demək olar ki, hamısını mövcudluğunu təsdiqləmiş oldu.

Nəticələr göstərib ki, əhalinin böyük kəsimi (81,5%) siyasi məlumatlıdır, bu kəsimin də böyük hissəsi (cəmi 46,8%) məlumatları sosial şəbəkələrdən (33,3%) və internetdən (13,5%) alır. Yerli TV-ləri isə əhalinin yalnız 29%-i izləyir.

Sorğu həmçinin göstərib ki, ölkə insanı üçün əsas dəyər ailə institutudur. Ölkəmiqyaslı başlıca problem isə Qarabağ münaqişəsi (32,6%), ondan sonra sosial-iqtisadi problemlərdir (27,7%). Respondentlərin 70,4%-i əhalinin pis və çox pis yaşadığını hesab edir.

Rəyi soruşulanların 77%-nin fikrincə, ölkənin xoşbəxt gələcəyi güclü liderə sahib olmaqla birbaşa bağlıdır. İnsanlar üçün vacib olanı ölkəni idarə edən şəxsin ilk növbədə ciddi sosial-iqtisadi çətinliklər yaşayan cəmiyyətin problemlərini çözməsi və ədaləti təmin etməsidir. (Qeyd edək ki, sorğudakı digər sualların cavablarının təhlili də partiya institutunun lider institutundan daha zəif olduğunu göstərib.)

Sorğunun nəticələrindən belə qənaətə gəlmək olar ki, bu gün Azərbaycan cəmiyyətində “mən siyasətə qarışmıram” yanaşması respondentlərin böyük hissəsinin (79,2%) ümidsiz olması ilə əlaqədardır. Respondentlərin 82%-i vəziyyətin dəyişməsini istəyib, 28,5%-i isə cəmiyyətin xoşbəxtliyinin vətəndaşların ictimai-siyasi birliklərdə fəal iştirakından asılı olması fikrilə tam razılıq ifadə edib. Lakin bu seqment siyasi iştirakçılığın vacibliyini nəzəri olaraq ifadə edib, yəni, onların heç də hamısı şəxsən öz rollarını nəzərdə tutmurlar. “Sizcə, ölkədəki vəziyyəti qoruyub saxlamaq, yoxsa dəyişmək lazımdır; siz bunun üçün nə etməyə hazırsınız?” sualına cavab verən respondentlərin yalnız 11%-i siyasi aktivliyə, yəni, inana biləcəyi partiyaya bu və ya digər şəkildə dəstək verməyə hazır olduğunu bildirir, başqa sözlə, siyasi fəal kəsimdir. Respondentlərin 22%-i isə siyasi iştiraka, yəni, seçkidə iştiraka hazır olan kəsimdir. Bu suala cavabdan görünür ki, əgər inandığı siyasi qüvvə seçkidə iştirak edərsə, yalnız 22% vətəndaş seçkiyə getməyə hazırdır. Respondentlərin ümumiyyətlə ölkədə seçki institutuna etibar edib-etmədiklərini araşdırdıqda məlum olub ki, onların toplam 82,1%-i ölkədə azad seçki olmadığını hesab edir.

Say olaraq respondentlərin ən yüksək yaş qrupu 25-44 yaş arasında olanların qrupudur (48,4%). Bu qrupda siyasətə maraq göstərənlər (siyasi xəbərlərlə maraqlananların) 36% təşkil edib, lakin aktiv siyasi fəaliyyətə getməyə razı olanlar cəmi 10,4%-dir. Bunun başlıca səbəbi siyasi səhnənin oyunçularına inamsızlıqla əlaqəli olsa da, görünür, 25-44 yaş qrupunun özəlliyindən irəli gələn başqa bir səbəb də var. Böyük ehtimal ki, həmin yaş qrupunun qapalı cəmiyyətdə siyasi perspektivlərə ümidsizlikdən qaynaqlanan “karyeranı qoruyub saxlamaq” kimi qayğıları var.

Sorğunun nəticələrinə söykənərək, cəmiyyətdə hökm sürən siyasi apatiyanın başlıca səbəbinin mövcud siyasi partiyalara və siyasətçilərə olan etimadsızlıqdan irəli gəldiyini demək olar. Siyasi partiyalara (həm hakim, həm müxalifət partiyalarına) respondentlərin 31,6%-i dəstək verib, 68% respondent isə mövcud siyasi partiyalardan heç birinə etimad göstərməyib. Ölkənin siyasi səhnəsində görünən bütün siyasətçilər respondentlərin toplam 42,9%-nin səsini qazanıb. 57% respondent isə onlara güvənmədiklərini ifadə ediblər.

“İmpuls” Mərkəzi keçirdiyi sorğudan əldə etdiyi nəticələr əsasında yekun qənaətə gəlir:

“İnsanların böyük kəsimi siyasi məlumatlıdır. Siyasi məlumatlılıq siyasi proseslər haqqında fikrin formalaşmasına imkan yaradır və nəticə etibarilə siyasi davranışı tənzimləyir. Görünən odur ki, vətəndaşlar siyasi davranışlarında passiv mövqe tutaraq, şüurlu şəkildə siyasi proseslərdə (istər siyasilərə dəstək verməkdə, istərsə də seçkidə) iştirakdan imtina edir. Siyasi apatiya kimi görünən cəmiyyətin bu halının ən başlıca səbəbi inamsızlıqdan, etimadsızlıqdan və ümidsizlikdən qaynaqlanır.

Redaksiyadan: Sorğu haqqında məlumat Press Kluba “İmpuls” Mərkəzi tərəfindən təqdim olunub. Müstəqil ictimai qurumun belə mühüm mövzuda apardığı araşdırmanın aktuallığı şəksizdir. Eyni zamanda onun iyun-avqust aylarında, yəni, Qarabağ müharibəsindən öncə keçirildiyi diqqəti cəlb edir. Tədqiqatın yaxın vaxtlarda təkrarlanması, çox güman ki, son aylarda ictimai rəydə baş vermiş dəyişiklik barədə maraqlı materiallar verə bilər, bu dəyişikliyin dinamikası, ictimai rəyə təsir mexanizmləri və hazırkı vəziyyət haqqında daha dolğun təsəvvür yaradar. “İmpuls” Mərkəzi özü də bunu etiraf edir və sorğuya dair geniş hesabatında bildirir: “Xüsusi qeyd etmək istəyirik ki, müharibədən sonrakı dövrdə ictimai rəyin müəyyən məsələlər haqqında dəyişmiş olma ehtimalı yüksəkdir. Çünki müharibə kimi ölkənin həyatı üçün vacib olan ictimai hadisələr insanların siyasi və mənəvi durumuna təsir edən fundamental faktordur”.