Qiymət Artırma Şurası

19:08 06-01-2021 360

Gecə verilən qərarlar

 Hə millət, nəhayət ki koronanın ölkəmizə, eləcə də bütün dünyaya ayaq açdığı 2020-ci il sona çatdı. Lakin bütün səylərimizə rəğmən koronadan yaxamızı qurtara bilmədik və o, hələ də meydanda at çapır. Məhz buna görə də, bir çoxları keçən-2020-ci ili itirilmiş il kimi qəbul edirlər.

 Əslində, onları da başa düşmək olar. Çünki bu virus dünyanın hər bir yerində həm insanlara, həm də dövlətlərə ciddi zərər vurdu.

 Lakin bir şeyi yaddan çıxarmayaq ki, ötən-2020-ci il həm də bizim erməni işğalçıları üzərində parlaq Qələbə ilimizdir.

 Ötən-2020-ci il Vətən torpaqlarının düşmən tapdağından qurtardığımız bir ildir.

Keçən il otuz il gözlədiyimiz "Qarabağ Azərbaycandır" şüarının səsləndiyi və təsdiqləndiyi bir il kimi, hər zaman yaddaşlarımızda qalacaq.

Keçən il Azərbaycanın elm və mədəniyyət, incəsənət və musiqi incisi kimi tanınan Şuşanın erməni əsirliyindən xalis etdiyimiz bir ildir.

Keçən il həm də üç minə yaxın şəhid verdiyimiz müqəddəs bir ildir.

Keçən il öz canları, qanları bahasına torpaqlarımızı düşmən tapdağından azad edən qazilərimizin heç zaman yadlarından çıxmayacaq bir ildir.

Bu gün bütün Azərbaycan xalqı şəhidlərimizin ruhu və qazilərimizin qarşısında baş əyir, bu Möhtəşəm Qələbəyə görə, məhz onlara minnətdar olduqlarını bildirirlər.

Lakin çox təəssüflər olsun ki, koronavirus pandemiyasının insanlarımızı saldığı ağır maddi durum, bizə Qələbə sevincini ürəkdən qeyd etmək imkanı vermədi.

Bu günlərdə QAŞ-ın (Qiymət Artırma Şurası) bəyan etdiyi qərarlar da, onu deməyə əsas verir ki, hökumət insanları düşdükləri depressiya vəziyyətdən çıxmağa kömək göstərmək əvəzinə, vəziyyəti daha da ağırlaşdırmaq yolunu tutub.

Məlumdur ki, hazırda ölkəmizdə insanların həm maddi, həm də mənəvi dəstəyə çox böyük ehtiyacları var. Belə bir məqamda onların bütün ümidlərin puça çıxarmağı, yalnız Azərbaycan məmurları bacarardı. Dünyanın heç bir yerində məmurların vətəndaşlara qarşı belə zalım münasibətinə rast gəlmək mümkün deyil. Bu analoqu olmayan bir nümunədir.

QAŞ-abveaturasının da, nə qaşa, nə gözə aidiyyəti yoxdur. Bu söz, əslində Tarif (qiymət) Şurasındakı məmurlara aiddir. Məlumdur ki, ölkəmizdə belə bir Şura (bu "Şura" elə sövet hökumətinin də sonuna çıxdı ha, yaddan çıxarmayın) fəaliyyət göstərir, guya ölkədə qiymətləri tənzimləyir. Amma bu günə kimi bir nəfər də olsun şahidi olmayıb ki, bu qurum hansısa məhsulun qimətini aşağı salsın. Bunun işi ancaq qiymətləri qaldırmaqdır. Buna görə də,  belə qərara gəldim ki, onu fəaliyyətinə uyğun adla adlandırım "Qiymətartırma şurası".

Sözün açığı, ölkə vətəndaşları hər yeni ilin ilk günlərində belə qiymət artırmanın bir növ adətkarı olublar. Bu il qiymət artımının bir neçə gün gecikməsi, sən demə 5 yanvara kimi iş gün olmadığından baş verib. 5 yanvarda isə vətəndaşlar gözlədikləri Yeni il "hədiyyəsini" aldılar. Əhsən sənə QAŞ, insanları intizarda qoymadın!

Şəxsən, özüm də bir xeyli təəccübləndim ki, nə əcəb bu qurumdan bir səs -soraq yoxdur. 

Nəhayət, ayın 5-də öyrəndik ki, qurum həmişə olduğu kimi, gecələr yuxusuz qalaraq qərarlar hazırlayıb və səhər-səhər bəyan etdi ki, benzinin və dizel yanacağının qiyməti artıb. Bu isə o deməkdir ki, ölkədə hər şeyin qiyməti bu şuranın xəbəri olmasa belə, öz-özünə artacaq. Bunun üçün sadəcə yanacağın qiymətini qaldırmaq bəs edir. Artıq əhali də hər gün artan qiymətlərə öyrəşib. Maraqlıdır, Azərbaycanda gecə növbəsində işləyənlərə heç bir imtiyaz və güzəşt verilmədiyi halda, əcəba nə üçün QAŞ bayram günləri, həm də gecələr işləyir? Burada maraqlı bir əhvalat yadıma düşdü:

- Sovet dönəmində rayonlardan birinə döstumgilə getmişdim. Axşam hava qaralandan sonra  kəndi gəzməyə çıxdıq. Burada bir maraqlı məqamla qarşılaşdım. Küçədə rastlaşan insanlar nədənsə biri-biriləri ilə salamlaşmırdılar və bu mənə qəribə göründü. Dostum dedi ki, sənə bir sirr açacam, ancaq bunu heç bir yerdə danışma. Sən demə, bu kənddə qaranlıq çökən kim, hamı qonşu sovxoza oğurluğa gedir və bu səbəbdən də hava qaralandan sonra heç kimi, hətta qardaşına belə,  salam vermir ki, guya onu görməyib. Dostumun sözünə görə arada milis tərəfindən tutulma halları da baş verib. Orada sorğu-sual zamanı da, heç kim kimisə gördüyünü boynunu almır. Beləliklə də, hamı canını qurtarırmış.

Deyirəm, bəlkə QAŞ-da işləyənlər də həmin kənddəndirlər. 

Bunu ona görə deyirəm ki, bizim bu möhtəşəm və möhtərəm QAŞ-mız da nədənsə bütün qərarlarını ancaq gecə verir. Vətəndaşlar da səhər ayılıb görürlər ki, qazın, işığın qiyməti artıb, yaxud nəqliyyatda gediş haqqı artırılıb, yaxud da, indiki kimi, benizinin, dizelin litri olub 0,80- 1 manat.

Fikirləşdim ki, əgər QAŞ insanlara bu məlumatı 2-3 gün əvvəl versə nə olar görəsən?

Sonra ağlıma gəldi ki, qətiyyən olmaz. Nə yaxşı ki, onlar gecə işləyirlər və insanlara vaxtından əvvəl məlumat vermirlər. Əgər QAŞ iki gün əvvəl məlumat versəydi ki, benizinin və dizelin qiyməti 11-33 faiz artacaq, təsəvvür edirsiniz, yanacaqdoldurma məntəqələrində nələr baş verə bilərdi? Evlərdə vedrə, butulka, qazan, tava qalmayacaqdı ki, kasıb sürücülər benzin doldurmaq üçün məntəqələrə gətirməsinlər. Sonra da həmin qablardan məişətdə istifadə edəcəkdilər və ölkəni benzin və dizel virusu başına götürəcəkdir. Nə yaxşı ki, bu QAŞ var və orada çalışanlar bizim hamımızın əvəzinə fikirləşirlər. Əks-təqdirdə, yağışdan (koronadan) çıxıb yağmura (benzin-dizel virusu) düşərdik. Buna görə də, hesab edirəm ki, onların heç bir stimulsuz, əlavə maaşsız gecə vaxtlarında özlərinə əziyyət verib, xalq və dövlət naminə çalışmalarını dəyərldəndirmək lazımdır. Onlara "Azərbaycanın Xalq Qiymətqaldıranı", ən azından "Əməkdar Qimətqaldıran" fəxri adları vermək olar. Necə olur ki, iki gün səhnədə şıllaq atan əməkdar artist, üç gün şıllaq atan xalq artisti ola bilir, amma, bu insanlar biz evdə dincəldiyimiz, bayram keçirdiyimiz zaman gecə vaxtı xəlvəti yığışıb, qiymətləri qaldırır, bununla da məmurların talançılıq mənbəyi olan büdcəyə milyonlarla gəlir gətirirlər, onların əməyi isə heç bir formada qiymətləndirilmir?

Mən Azərbaycan hökumətinə təklif edirəm, eyni zamanda tələb edirəm ki, bu insanlara mütləq fəxri adlar verilməlidir ki, xalq onları tanısın. Onda, bəlkə də, bu xalqda bir oyanış baş verə, əks-təqdirdə bir də gördün ki, dollar da oldu 2 manat, onda Elman Rüstəmov xalqın qarşısına necə çıxacaq?

 Yusif Seyid