Yanacaq yenə gecə bahalaşdı

19:16 06-01-2021 216

TŞ: Yenə gecə xəlvətcə bizə sevgili "təklif" gəlmiş idi...

 Hər il olduğu kimi, bu il də Azərbaycan hökuməti vətəndaşları yeni ilin ilk iş günündə bahalaşma ilə "təbrik etdi". Əvvəlki cümləmizə bir qədər aydınlıq gətirək ki, Tarif (qiymət) Şurası (TŞ) qeyri-iş günündə, yəni 2021-ci il, yanvar ayının 4-də qiymət artımı ilə bağlı qərar qəbul edib. Birincisi, TŞ buna aydınlıq gətirməlidir ki, nə üçün qərarı qeyri-iş günündə və iş vaxtı bitəndən sonra (ən azı mediaya açıqlama belə edilib) verib, buna hansı fövqaladə hadisə zərurət yaradıb? İkincisi, TŞ-nın nizamnaməsində nəzərdə tutulur ki, qurum verdiyi qərarları elə qərarların girişindəcə iqtisadi cəhətdən əsaslandırmalıdır. Bu da TŞ-nın qərarında ikinci qanun pozuntusu kimi qeydə alına bilər. Qeyd edək ki, TŞ yarandığı gündən verdiyi bütün qərarlarda nizamnamənin bu bəndinə əməl etmir - heç vaxt qərarla bərabər iqtisadi əsaslandırma verilməyib. Bütün bunlar qərarın texniki çatışmazlıqlarıdır, qərarın sosial-iqtisadi əsaslandırılmasına gəldikdə isə vəziyyət daha pisdir.

 Əvvəla onu qeyd edək ki, ölkədə əsas yanacaq növü olan dizel və Aİ-92 markalı benzinin qiymətinin bahalaşması bütün istehsal və xidmət sahələrində az və ya çox miqdarda maya dəyərinin artmasına, bu isə öz növbəsində qiymətlərin bahalaşmasına gətirib çıxaracaq. Ona görə ki, yanacaq iqtisadiyyatda xidmət və istehsal prosesində əsas xərc maddəsidir - bütün məhsullarda onun xüsusi çəkisi ən azı ikinci sırada, bir çox hallarda isə birinci olur. Bugün hamının diqqəti daha çox benzin və dizel yanacağının bahalaşmasına yönəlib, amma xam neftin da qiyməti bahalaşıb. Hansı ki, ölkədə daha çox elektrik enrjisi xam neftin emalından alınan mazutun yandırılmasından əldə edilir. Xam neftin qiyməti bahalaşacaqsa, deməli bir neçə aydan sonra "Azərenerji" ASC haqlı olaraq elektrik enerjisinin bahalaşması barədə təkliflə çıxış edəcək və bu əsaslı təklif olacaq ki, TŞ tərəddüd etmədən elektrik enerjisinin qiymətlərini qaldıracaq. Sonra da əsaslandıracaq ki, xam neft bahalaşıb, maya dəyəri artıb, qurum qeyri-rentabelli işləyir, digər tərəfdən də yaxın-uzaq ölkələrdə elektrik enerjisi bizdəkindən bahadır və s. Bu addımdan sonra bahalaşmanın ikinci dalğası gələcək.

TŞ-nın sonradan şifahi şəkildə verdiyi iqtisadi əsaslandırma daha maraqlıdır. Əsaslandırmanın birinci bəndi ondan ibarətdir ki, 2022-ci ilin iyun ayında dizel yanacağının, 2023-cü ilin iyul ayında isə Aİ-92 markalı benzinin Avropa standartlarına uyğun istehsalına başlanacaq, ona görə də biz 5 yanvar 2021-ci ildən bu məhsulların qiymətini qaldırırıq. Nə qədər absurd və gülünc arqumentdir - iki il yarım və üç il yarımdan sonra keyfiyyəti qaldıracaqsansa, qiymətləri nə üçün indidən bahalaşdırırsan? Deməli, Azərbaycan hökuməti iki il yarım dizel yanacağını, üç il yarım isə Aİ-92 benzinini sahibkarlara və vətəndaşlara indiki keyfiyyətlə, lakin Avropa standartlarına uyğun yanacaq qiymətlərinə satacaq. Bu da məntiqsiz yanaşmadır, yanacağın keyfiyyətində heç bir dəyişiklik yoxdursa və o ölkədə hasil edilən xam neftdən alınırsa, onun qiyməti zərurət olmadan nə üçün artırılmalıdır?

TŞ-nın açıqlamasında liberallaşmadan da söz açılır, qiymət artımı liberallaşma səbəbindən bahalaşsaydı, bu məntiqli görünərdi. Amma bütün növ yanacaq istehsalçısı dövlət özüdürsə, burada hansı liberallaşdırmadan söhbət gedə bilər?

Əsaslandırmanın ikinci müddəası ondan ibarətdir ki, TŞ ekologiyanın qayğısına qalaraq, dizel yanacağını 20, benzini isə 10 qəpik bahalaşdırıb. Guya qiymət fərqini azaldıblar ki, sahibkarlar və vətəndaşlar dizel mühəriklərinə üstünlük verərək atmosferi daha çox çirkləndirməsinlər. Bunların xəbəri yoxdur ki, nə qazı, nə də nefti olmayan Pribaltika ölkələri bu məqsədlə milyardlarla dollar xərc çəkərək şəhər nəqliyyatının ödənişsiz əsaslarla işləməsini təmin edir. Bunlar isə neft ölkəsində ekologiyanı 10 qəpiyin ümidinə buraxır, əhsən!

Şura iddiada bulunur ki, heç bir sahibkar bu qiymət artımından zərər çəkməyəcək, təsirlənən sahələr kompensasiya ilə təmin ediləcək. Qurumun açıqlamasına inansaq, qiymət artımının əsas hədəfi, yalnız şəxsi avtomobil sahiblərinin cibi olacaq. Yəni rəsmi olaraq hökumət yanacağın qiymətini bahalaşdırmaqla şəxsi avtomobil istifadəçisi olan varlı vətəndaşların imkanları hesabına pul qazanacaq. Yəni bu qədər vətəndaş etirazına səbəb olan bahalaşmanın fəlsəfəsi bu qədərmi sadədir? İllah da ki, ölkənin avtomobil istifadəçisi olan varlı vətəndaşların böyük əksəriyyəti dövlət məmurları, onların ailə üzvləri və məmurların himayə etdiyi sahibkarlardır.

Əslində, bizim fikrimizcə ölkədə yeni ilin başlanğıcı ilə start götürən qiymət artımı ilin və ümumiyyətlə bundan sonrakı iqtisadi siyasətin müqəddiməsi sayıla bilər. hesab edirik ki, bu günlərdə qüvvəyə minən bahalaşma qərarı ölkədə daha çox korrupsiyanın çiçəklənməsinə xidmət edəcək. Belə ki, TŞ nümayəndəsi özü deyir ki, bu qiymət artımından təsirlənən bütün sahələrə kompensasiya veriləcək. Bu o deməkdir ki, dövlət büdcəsindən ayrılan kompensasiyaların həcmi genişləndiriləcək və daha çox sahibkar bu ödənişdən yararlanacaq. Təcrübədən məlumdur ki, Azərbaycanda bütün kompensasiyalar sonda korrupsiyanın yeminə çevrilir. Kompensasiya və subsidyaların həcmi artacaqsa, deməli korrupsiyanın da həcmi artacaq və biznesmen məmurlar daha çox qazanc əldə edəcək. Sonuncu qiymət artımı qərarının fəlsəfəsi bu qədər açıq və net.

Təəssüflər olsun ki, pandemiyadan hələ canını qurtara bilməyən, müharibənin acılarını yaşayan cəmiyyət hökumətdən daha konstriktiv iqtisadi siyasət gözləyirdisə, bu qərarla bütün ümidlər puça çıxdı. Cəmiyyət yeni mərhələdə hökumətdə daha səmimi, daha səmərəli və korrekt iqtisadi siyasət gözləyirdi, lakin bu ilk addım artıq gələcəkdə nələrin baş verəcəyinin anonsunu verir. Yuxarıda qeyd etdiyimiz kimi, bir neçə aydan sonra elektrik enerjisi qiymətlərinin bahalaşması gündəmə gələcəksə, hökumət heç cür cəmiyyətin çəkdiyi zərərləri kompensasiya edə bilməyəcək. Üstəlik valyuta ehtiyatlarımız daha sürətlə əriməyə başlayacaq və manatın dəyərdən düşmə ehtimalı  güclənəcək.

P.S. Möhrərəm Elman Rüstəmov da iddia edir ki, manat dəyərdən düşməyəcə, o, belə deyirsə, tam əmin olun ki, düşəcək!

 Akif Nəsirli