Psevdo-ekspertlər yaxud, söz xatirinə danışanlar

20:23 06-01-2021 324

İlk əvvəl ondan başlayım ki, mən bildiyim qədəri ekspert sözünün mənası, mütəxəssis deməkdir. Yəni siyasət, iqtisadiyyat, mədəniyyət, və s. sahələr üzrə mütəxəssislər. Onların da əsas vəzifəsi insanları öz sahələri üzrə baş verən olaylarla tanış etməkdir. Onlara bəzən şərhçi, icmalçı, təhlilçi, yaxud aradırmaçı deyənlər də olur. Əslində, əsas məsələ onların necə adlandırılması deyil, insanların onlara inanıb-inanmamasıdır. Biz də bütün beynəlxalq aləmdə qəbul olduğu kimi, onları ekspert adlandıraq.

Onu da qeyd edim ki, hər hansı sahə üzrə özünü ekspert hesab edən bir şəxsin bu sahədə ən azından 10-15 il təcrübəsi olmalıdır ki, təcrübəsinə əsaslanaraq hansısa məsələləri təhlil və şərh edə bilsin.

Gəlin görək Azərbaycanda vəziyyət necədir? Əvvəla onu deyim ki, bizim bəzi deputatlarımız özlərini bütün sahələr üzrə ekspert hesab edirlər və məhz bu səbəbdən də, onların açıqlamaları cəmiyyətdə qıcıq yaradır.

Məsələn, parlamentdə "uşaq pulu" məsələsi müzakirə olunur. Milyonluq villada yaşayan, 200-300 minlik avtomobildən istifadən edən, 5 min manata qədər maaş alan, bir sıra digər gəlir sahələrinə sahib olan deputatlardan biri (Millət vəkili yox ha!) durub deyir ki, Azərbaycanda uşaqpulunun verilməsinə ehtiyac yoxdur. Saxlaya bilmirsə, uşaq dünyaya gətirməsin. Sonradan aydın olur ki, həmin deputatın özü çoxuşaqlı ailədə böyüyüb və sovet dönəmində valideynləri onları uşaqpulu hesabına saxlayıb, boya-başa çatdırıb, təhsil verib.

Bax, belə!

Bildiyiniz kimi, bugünlərdə benzinin və dizel yanacağının qiymətinin artırılması barədə qərar verildi. Hörmətli deputatlarımızdan biri, ixtisasca həkim olan Musa Urud deyib ki, 20-30 minlik maşın sürənlər üçün 10 qəpik nədir ki, buna narazılıq edirlər. Əlbəttə ki, 5 min manata qədər maaş alan, özünün şəxsi klinikası olan bir deputat üçün 10 qəpik pul deyil. Amma, hörmətli Musa doktor yaddan çıxarır ki, maşına ən azından 10-20 litr benzin tökməlisən ki, 100 km yol gedəsən. Bu da ən azından 1-2 manat pul deməkdir. Bütün günü küçədə taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandıran bir sürücü üçün isə bu ən azından gündəlik qazancının yarısı deməkdir. Danışmazdan əvvəl sizi vəkil seçən millət barədə də düşünsəniz pis olmazdı.

Məlumdur ki, heç bir qiymət artımı səbəbsiz olmur, bu, dünyada qəbul olunmuş bir normadır. Dünya ölkələrində əsaslandırılmayan hər hansı bir qiymət artımının olması mümkün deyil. Görün bizim qiymət artıranlar bunu necə əsaslandırır və şərh edirlər.

Tarif (qiymət) Şurasının katibi Ceyhun Nəcəfovun mətbuata açıqlamasına diqqət edin. SOCAR-ın H.Əliyev adına Neft Emalı Zavodunda istehsal olunan məhsulun göstəriciləri beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı modernləşdirmə işləri aparılır. Bu mötəbər şəxsin sözlərində belə anlaşılır ki, SOCAR-ın öz zavodunda yenidənqurma işləri aparmaq üçün pulu yoxdur. Bu pul heç bir standartlar uyğun olmayan (zavodda aparılan işlərdən sonra standartlara uyğun olacaq?!) məhsulu vətəndaşlar baha qimətə satmaqla əldə olunmalıdır. C. Nəcəfov digər bir səbəb kimi isə dizel yanacağının ekoloji zərərli yanacaq olmasını göstərib. Əgər belədirsə, nə üçün ekologiya üçün daha az zərərli olan benzinin də qiyməti qaldırılıb?. Məntiqlə benzinin qiyməti aşağı salınmalı idi. Deməli, bu səbəblərin heç biri qimət artımı üçün əsas deyil. Sadəcə olaraq istəyiblər və qaldırıblar!

Özünü avtoekspert kimi təqdim edən Eldəniz Cəfərov isə iddia edir ki, yanacağın qiymətinin artması, nəqliyyatla bağlı xidmətlərə heç bir təsir göstərməyəcək. O, eyni zamanda qeyd edib ki, cəmiyyətdə yanacaqın qiymətinin artması ilə hər şeyin qimətinin artacağı barədə deyilənlər absurddur. Bu zaman özü də etiraf edir ki, sahibkarlar tərəfindən qiymətlərin süni şəkildə qaldırılması qanunaziddir. Amma süni qiymət artımının hansı formada baş verdiyini deməyib. Ancaq fakt- faktlığında qalır ki, istər süni, istər təbii qimətlər artacaq. Ekspert onu da bildirib ki, qiymət artımı taksi, ümumiyyətlə nəqliyyat sektorunun xidmətlərinə təsir etməyəcək. Əslində isə ekspertin dediklərində heç bir məntiq yoxdur və absurddur. Hörmətli ekspertin fikrincə, taksi sürücüləri SOCAR-ın imkanlarını nəzərə alaraq müştərilərə pulsuz xidmət göstərməlidirlər ki, SOCAR şefinin oğlu 2 milyonluq saatla İspaniya küçələrində şellənə bilsin.

Və sonda. Bu gün Azərbaycanda, məhz bu kimi ekspert, deputat və məmurların açıqlamaları hesabına elə bir situasiya yaranıb ki, heç kim, heç kimə inanmır.

Mən ekspert deyiləm. Amma görən gözüm və eşidən qulağım var. Əgər biz ölkədə nəqliyyatın yaratdığı ekoloji təhlükənin qarşısına almaq istəyiriksə, yanacağın qiymətini qaldırmaq yox, ölkəyə gətirilən avtomobillərə tətbiq olunan kömrük rüsumunu minumuma endirməliyik. Ekoloji zərəri az olan avtomobillərin gətirilməsini isə stimullaşdırmalıyıq ki, ölkənin nəqliyyat sektoru yenilənsin. Əks-təqdirdə qiymət artımının heç bir mənası olmayacaq, əksinə sosial narazılıq artacaq.

Bu qədər bəsit!

 Yusif Seyid