İmişli Rayon İcra Hakimiyyəti “Orion-E” MMC ilə 1 milyon 268.545 manatlıq müqavilə bağlayıb

11:50 07-01-2021 279

2020-cu ildə İmişli rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 1 milyon 898 min 579 manat məbləğində 9 tender keçirilib. 

FED.az-ın məlumatına görə, İmişli Suvarma Sistemləri İdarəsi  ümumi məbləği 532 min 912 manat olan 2 tender müsabiqəsi keçirib. Ən böyük tenderin qalibləri  Əkbərov Rahib Ağamusa oğlu(287 min 245 manat) və "Ruzi" MMC (245 min 667 manat) olmuşdur.

İmişli rayon İcra hakimiyyəti təkcə 3 tenderə 1 milyon 268 min 545 manat xərcləyib. İmişli Rayonun İcra Hakimiyyətinin keçirdiyi hər 3 tenderin qalibi "Orion-E" MMC olmuşdur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Orion-E” MMC 10 dekabr 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 130 030 AZN olan şirkətin hüquqi ünvanı İmişli rayonu İmişli şəhəri, Ziya Bünyadov küçəsi, ev 8-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Qasımov Mürsəl İsa oğludur.

Açıq mənbələrdə Mürsəl Qasımov haqqında hər hansı məlumat yoxdur. Mediada isə “Orion-E” MMC-nin sahibi kimi Şükür Astanovun adı çəkilir. O “Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin rəisi olub, hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 6 saylı regional yol istismar idarəsinin müdiridir. Şükür Astanovun adı həm də İmişli Asfalt Zavodunun direktoru kimi çəkilir.

2020-ci ildə mediada gedən məlumatlarda Şükür Astanov 6 saylı regional yol istismar idarəsinin müdiri ilə yanaşı “Orion-E” MMC-nin sahibi kimi təqdim edilir. Onun özünün MMC-nin rəhbəri kimi açıqlamaları var.

Dövlət Vergi Xidmətinin məlumatlarından görünür ki, 14  avqust 2020-ci ildə şirkətdə dəyişiklik edilib. Güman ki, bu tarixdən Mürsəl Qasımov şirkətin qanuni təmsilçisinə çevrilib. Bununla belə, MMC-nin Şükür Astanovun nəzarətində olduğu deylir. Yəni, Mürsəl Qasımov əslində proxy fiqurdur.

Mediada Şükür Astanovun İmişlinin keçmiş icra başçısı hazırda həbsdə olan Vilyam Hacıyevlə də yaxınlığının olması barədə də iddialar yer alıb. Bildirilir ki, İmişlidə həyata keçirilən tiktinti, yol çəkilişləri, abadlıq işləri, çoxsaylı dövlət layihələri Vilyam Hacıyev tərəfindən onun şirkətinə tapşırılıb. İddialara görə, o, keçmiş icra başçısının oğlu Məhəmməd Hacıyevin toyuna 5000 manat nəmər salıb.

“Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin rəisi Şükür Astanovun icra hakimiyyətlərindən birinin oğlunun aprel 28-də keçirilən toy məclisinə 5000 manat məbləğində nəmər yazdırdığı haqqında məlumat daxil olub. Mənbə əlavə olaraq bildirdi ki, bu Şükür Aslanovun yalnız toya yazdırdığı məbləğdir. Belə ki, icra hakimiyyətinin başçısı ilə münasibətlərindən ekstaza gələn idarə rəisi əlavə olaraq, yazdıqdığı məbləğin bir neçə qat miqdarında da toyda pul xərcləyib”, - yayılan məlumatlarda qeyd edilir.

Şükür Astanovun Bəhrəmtəpə yolunda dəyəri 500 000 AZN olan iki mərtəbəli “Qonaq Evi” tikdirdiyi də yayılan məlumatlar sırasındadır.

FED.az 2020-cu ildə İmişli Rayonunda keçirilən tenderləri təqdim edir.

image

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq.