"Smart Customs” niyə çöküb? Texniki problem yoxsa korrupsiya?

11:54 07-01-2021 234

"İki gündür ki, Dövlət Gömrük Komitəsinin faydalı və vacib resursları olan "Smart Customs” mobil tətbiqi və e.customs.gov.az portalı çöküb. Bu isə xaricdən mal sifariş edən çoxsaylı istifadəçilər, kargo şirkətləri, onların xarici ölkələrdəki anbarları arasında ciddi narazılıqlar və problemlər yaradıb". Bu barədə "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkədə yazıb. 

Osman Gündüz qeyd edir ki, DGK ötən gün və bu gün də bununla bağlı açıqlama verib, mütəxəssilər tərəfindən müvafiq tədbirlər görüldüyünü və yaxın saatlarda problemin aradan qaldırılacağını bildirib. Lakin yaranmış problem hələ də həllini tapmayıb. 

"Problemin aradan qaldırılmasının uzanması ciddi suallar doğurub. Nə baş verib? Müşahidələr və əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki, DGK-nın adı çəkilən resurslarında kargo şirkətlərdən daxil olan çoxsaylı müraciətləri emal etməkdə problem yaşanıb. 

Xatırladıram ki, DGK məhz daşıyıcı şirkətlərlə daha çevik və effektiv formada iş qurmaq üçün "Smart Customs” tətbiqini istifadəyə vermişdi. Əslində, sistem normal çalışsa bu, olduqca uğurlu bir addımdır. Yəni sistemin normal işləyəcəyi təqdirdə bu mobil tətbiqlə real vaxrt rejimində malların bəyanetmə prosesini, gömrük problemlərini həll etmək, digər gömrük xidmətlərini əldə etmək mümkündür".

O.Gündüz hesab edir ki, "Smart Customs”-un sisteminin gücü tələbata uyğun deyil.

"Təəssüf ki, ölkədə mövcud olan 40-dək kargo şirkəti bu sistemə qoşulandan sonra problemlər yaşanmağa başlayıb. Yəni, güman ki, sistemin qabaqcadan müəyyən olunan resursları kargo şirkətlərdən daxil olan çoxsaylı sorğuları emal edə bilməyib. Nəticədə sistem çöküb. Oxşar problemlər, zamanında MİDA, İpoteka və Kredit Zəmanəti Fondu, XİN və digər dövlət resurslarında da yaşanıb.

Düşünürəm ki, DGK İT komandası mümkün qoşulmaları, mümkün sorğuları, qabaqcdan nəzərə almalı, "stress test" təşkil etməliydi, qabaqcadan sistemin resursları optimallaşdırılmalıydı. Təəccüblənirəm ki, nə əcəb, DGK-nın peşəkar mütəxəssisləri bu tip gərəkən addımları zamanında atmayıblar. 

 

Ümid edirəm DGK-nın mütəxəssisləri bu sahədə təcrübəsi olan səlahiyyətli dövlət qurumlarını, digər ekspertləri və kargo şirkətlərin developerlərini də cəlb etməklə, çoxsaylı kargo şirkətlərin gözlənilən sorğularını və digər problemləri nəzərə almaqla sistemi tez bir zamanda bərpa edə biləcəklər."

Dövlət Gömrük Komitəsinin sosial şəbəkələr vasitəsilə verdiyi açıqlamada problemin hələ də davam etdiyi bildirilir və daşıyıcı şirkətlərin mallarını xarici ölkələrdəki anbarlardan ölkəyə gətirə biləcəkləri qeyd olunur. Həmçinin açıqlamada bununla bağlı heç bir məhdudiyyətin tətbiq edilməyəcəyi göstərilib:

““Smart Customs” tətbiqinin və e.customs.gov.az portalının fəaliyyətində yaranan texniki problemlərin aradan qaldırılıması istiqamətində müvafiq tədbirlər həyata keçirilir və bəyanetmə prosesində yaranan çətinliklər tezliklə aradan qaldırılacaq. Dövlət Gömrük Komitəsi bildirir ki, daşıyıcı şirkətlər yaranmış problem həllini tapana qədər xarici anbarlarındakı malları ölkəyə gətirə bilərlər və bununla bağlı heç bir məhdudiyyət yoxdur”.


Qeyd edək ki, istehlakçıların digər bir narazılığı isə tətbiqin mahiyyəti ilə bağlıdır. Çünki daşıyıcı şirkətlər vasitəsilə xaricdən məhsul gətirən vətəndaşlar da sadələşdirilmiş bəyannamə verməlidirlər ki, bu da təkrarçılıq deməkdir. Çünki daşıyıcı şirkətlər onlar vasitəsilə məhsul sifariş verən istehlakçılar adından DGK-ya bəyannamə təqdim edirlər.

milletinsesi.info