Korrupsiya cinayətlərinə görə 13 milyon 283 min manat dəyərində əmlaka həbs qoyulub

17:53 08-01-2021 243

Bu gün Baş Prokurorluqda 2020-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluqda 2020-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, qazilərə şəfa dilənib. 

Müşavirədə çıxış edən Baş prokuror Kamran Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik konsepsiyasını və ordu quruculuğunu inamla reallaşdıran Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi hərtərəfli düşünülmüş müdrik dövlət siyasəti və səriştəli idarəçiliyi, zabitlərimizin, əsgərlərimizin qəhrəmanlığı sayəsində əbədi və əzəli torpaqlarımızın işğaldan azad edilərək tariximizin parlaq səhifələrinə həkk olunan şanlı qələbənin milli birliyimizin, haqqın və ədalətin zəfəri olduğunu bildirib.

“Qarabağ Azərbaycandır və nida” devizini gerçəkliyə çevirən ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş torpaqlarımızın qısa müddət ərzində bərpa ediləcəyinə əminlik ifadə olunmaqla, bu istiqamətdə “Qarabağ Dirçəliş Fondu”nun yaradılması və Qarabağın döyünən ürəyi olan Şuşanın “Azərbaycanın mədəniyyət paytaxtı” elan edilməsi xüsusi vurğulanmaqla, işğaldan azad olunmuş bölgələrdə məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallığın təmin olunacağı, həyata keçiriləcək quruculuq-bərpa işlərinin ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirəcəyi diqqətə çatdırılıb.

Baş prokuror diqqətə çatdırıb ki, 2020-ci il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olub. Digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub.

Müşavirədə Baş prokuror Kamran Əliyev bildirib ki, hesabat dövründə korrupsiyaya qarşı mübarizə diqqət mərkəzində saxlanılmaqla 49 milyon 153 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib, həmçinin 13 milyon 283 min manat dəyərində əmlak üzərinə həbs qoyulub.

Əməliyyat müşavirəsində prokurorluq orqanlarının fəaliyyətinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyi qeyd edilməklə ölkə başçısının Sərəncamı ilə xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə prokurorluq orqanlarının 38 əməkdaşının yüksək dövlət mükafatları ilə təltif edilməsinin kollektivin böyük sevincinə səbəb olduğu vurğulanıb. Bu münasibətlə cənab İlham Əliyevə prokurorluq işçiləri adından dərin minnətdarlıq bildirilib, gündəlik fəaliyyətin daha yüksək tələblər səviyyəsində qurulacağına əminlik ifadə olunub.

O bildirib ki, hesabat dövründə korrupsiyaya qarşı mübarizə diqqət mərkəzində saxlanılmaqla, korrupsiya hüquqpozmasına yol verilən 281 şəxs barəsində 180 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.

Müşavirədə Baş prokuror Kamran Əliyev çıxış bildirib ki, hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib. Onlardan ikisi prokurorluq orqanlarından xaric edilib, səkkiz nəfər vəzifədən azad edilib, 15 nəfərə töhmət və ya şiddətli töhmət, beş nəfərə isə digər intizam tənbehi tədbiri tətbiq edilib.

Əməliyyat müşavirəsində ötən ilin prokurorluğun tarixində də əlamətdar olması qeyd edilməklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 1 may 2020-ci il tarixdə Baş prokuror vəzifəsinə təyinatla əlaqədar qəbul edilərkən verdiyi göstəriş və tapşırıqların prokurorluq orqanlarında genişmiqyaslı islahatların aparılmasını labüd etdiyi diqqətə çatdırılıb.

Həmin tapşırıqlardan irəli gələn vəzifələrin icrası məqsədilə Fəaliyyət Planı təsdiq olunmaqla qısa müddət ərzində prokurorluqda mütərəqqi struktur və kadr islahatları aparılmaqla prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi, işin çevikliyinin və səmərəliliyinin artırılması, dövrün tələblərinə cavab verən peşəkar dövlət təsisatı kimi yenidən formalaşdırılması məqsədilə zəruri tədbirlər görülüb.

Eyni zamanda, prokurorluğun fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın yenilənməsi, sistemli hala salınması məqsədilə “İşin Təşkili Qaydaları”, həmçinin prokurorluq orqanlarının yaxın gələcəkdə fəaliyyət və inkişaf istiqamətlərini müəyyənləşdirən rəhbər sənəd kimi “Prokurorluğun 2020-2023-cü illər ərzində Strateji İnkişaf Konsepsiyası” hazırlanaraq təsdiq olunub.