Adil Vəliyevi Sabunçu rayon sakinləri maraqlandırmır...

19:00 09-01-2021 162

“Daşlar qopub yerə düşür. Uşaqları, qocaları evdə qoyub getməyə qorxuruq. Həyatımıza təhlükə günbəgün artır”. Bunu Ramana qəsəbəsi, 9-cu Mədən küçəsi 29 ünvanında yaşayan sakinlər deyir.

Onların sözlərinə görə, bir neçə ailə 23 ildən çoxdur ki, qəzalı binada canını dişinə tutub yaşayır. İstismar müddətini çoxdan başa vurmuş ikimərtəbəli binada 8 yerli, 5 köçkün ailəsi – ümumilikdə 35 nəfər yaşayır.

Ailələr bu binaya 1997-ci ildə köçüb. Ailələrdə məktəbli uşaqlar, astma-bronxitdən, böyrək çatışmazlığından, xərçəngdən əziyyət çəkənlər, ahıl yaşda insanlar var. Həmin ünvanda yaşayan Kəmalə Ağayeva binanın durumundan danışır:

“Deyirlər, bu bina əvvəl 29 saylı yataqxana olub. Sonra ayaqqabı sexi kimi istifadə ediblər. Sonra da otaqlar ayrı-ayrı adamlara satılıb. Şəxsən mən evi bir köçkündən almışam. Əvvəl deyirdilər, əsaslı təmir olunacaq, hər cür şəraiti olacaq. Ancaq yaşadıqca anladıq ki, boş söhbətlərdir. Bizə MİS-dən deyilənə görə, bina 139 il əvvəl tikilib, istifadəyə verilib. İcra hakimiyyəti deyir, bina onların balansında deyil. Biz də bilmirik bu bina hansı quruma tabedir, kim sahib çıxmalıdır. Hamının ayrıca işıq, qaz, su sayğacı var, telefon xətti var, hamısı öz adımızadır. Ancaq bina hansı qurumun balansındadır, bilmirik. Deyilənə görə, əvvəllər Neft Şirkətinin balansında olub”.

Kəmalə xanımın sözlərinə görə, onsuz da pis vəziyyətdə olan bina son yağıntılardan sonra daha da bərbadlaşıb: “Son yağışlardan sonra binanın onsuz da yararsız vəziyyətdə olan dam örtüyü daha da çökdü. Yuxarıda 6 ev vardı, hamısının üstü çöküb. Hər iki mərtəbədə olan ayaqyolu, hamam tamamilə dağılıb, istifadə etmək mümkün deyil. Bura xəstəlik mənbəyidir, dəhlizlərdəki yekə siçovullar az qala adamın üzərinə atılır. Belə şəraitdə oğullar böyüdürük, bu evlərimizdən çıxıb əsgər gedirlər, əsgərlikdən bu evlərimizə qayıdırlar. Bir neçə ay əvvəl lap yaxınlığımızdakı 28 saylı yataqxananı sökdülər, bizi təəccübləndirən bu oldu ki, o yataqxananın vəziyyəti, şəraiti bizim qaldığımız binadan qat-qat yaxşı idi, hələ uzun illər istifadə oluna bilərdi, ancaq sökdülər. Biz icra başçısına yalvarırıq ki, bina başımıza çökür, ya əsaslı təmir olunsun, ya da bizi başqa yerdə mənzillə təmin edib köçürsünlər, deyir, mümkün deyil”.

milletinsesi.info