Paşinyanı gizli toplantıya məcbur edən ciddi təhlükə: Tezliklə bir çox sirrlərin üstü açıla bilər

21:22 09-01-2021 234

Azərbaycan Prezidenti İlham Əliyevin son sərt xəbərdarlıq mesajı Ermənistanın siyasi çevrələrində narahatlıq və qarışıqlıq yaradıb. İndi ermənilər yeni müharibə təhlükəsindən yayınmağın yollarını axtarırlar...

Baş nazir Nikol Paşinyan Ermənistanda artıq heç kimə güvənmir və kabinetində siyasi rəqiblərinin "qulaqlar"ının ola biləcəyindən narahatdır...

Ermənistan mətbuatı baş nazir Nikol Paşinyanın Rusiya paytaxtına gedəcəyi təqdirdə, Moskvadan ölkə üçün olduqca ağır və əzici yeni öhdəliklər ilə dönəcəyini ehtimal edir...

Müharibə bitsə də, müəyyən problemlər hələ də qalmaqdadır. Bir çox həlli vacib olan məsələlər olmamış deyil. Və həmin problemlərin ən qısa zamanda nizamlanması bölgədə tezliklə sülhün və əmin-amanlığın təmin olunmasına müsbət təsiri ola bilər.

Əslində, savaşdan sonra bütün problemlərin dərhal aradan qalxacağına inanmaq da sadəlövhlük olardı. Çünki savaşın özü ciddi bir problem olduğu kimi, özündən sonra müəyyən çətinliklər buraxması da normal haldır.

Ancaq əsas məsələ mövcud problemləri vaxtında və doğru metodlar ilə qanunlar çərçivəsində həll etməyə nail olmaqdır. Rəsmi Bakının bu istiqamətdə planı və proqramlı addımlar atdığı artıq açıq-aşkar müşahidə olunur. Və hazırda Azərbaycanın əsas hədəfinin məhz işğaldan azad olunmuş ərazilərdə həyat şəraitinin ən qısa zamanda bərpa edilməsi olduğu şübhə doğurmur.

Eyni zamanda, Azərbaycan və Ermənistan arasında dövlət sərhədləri beynəlxalq hüquq çərçivəsində dəqiqləşdirilir. Bu prosesin mümkün qədər tez bir zamanda bitməsi hər iki ölkə üçün vacibdir.

Çünki iki qonşu dövlət əbədi olaraq, hərbi qarşıdurma şəraitində qala bilməzlər. Əvvəl-axır dinc qonşuluq, hətta normal əməkdaşlıq mühitinin yaradılması istiqamətində uyğun yolların tapılması vacibdir. Bu prosesin son olaraq, iki ölkə arasında dövlət sərhədlərinin və qarşılıqlı ərazi bütövlüyünün rəsmən tanınması qaçılmazdır.

Ancaq bütün bunların baş verməsi, regionda dinc inkişaf mərhələsinin başlaması üçün bölgədə silahlı toqquşma təhlükəsinin aradan qaldırılması lazımdır. Deməli, bölgədə erməni mənşəli heç kimin əlində silah qalmamalıdır. Yəni ermənilər Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazidə yalnız Azərbaycan vətəndaşlığı və qanunları altında yaşamağa hazır olmalıdırlar.

Bundan fərqli hədəf və ya davranış hərbi əməliyyatların bərpasına yol aça bilər. Üstəlik, bu dəfə hərbi əməliyyatların iki qonşu ölkə arasında legitim müharibə standartlarından fərqli məzmun daşıyacağı da şübhə doğurmur. Çünki Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilər Azərbaycana məxsusdur.

Azərbaycan ərazilərində isə bizim ordumuzdan başqa kimsədə silah ola bilməz. Əgər varsa, Azərbaycan qanunlarına görə, həmin şəxslər milli mənsubiyyətindən asılı olmayaraq, terrorçu hesab olunurlar. Deməli, Azərbaycan bu dəfə antiterror əməliyyatları aparmaq barədə qərar vermək məcburiyyətində qala bilər.

Maraqlıdır ki, bölgədə silahlı erməni terrorçuların olduğu artıq inkaredilməz reallıqdır. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT baş katibinə göndərdiyi məlumat da təsdiqləyir. Həmin məlumatda Azərbaycan ordusunun son antiterror əməliyyatlarından və ələ keçirilmiş erməni terrorçulardan bəhs olunur.

Yəni, Azərbaycan Ermənistanın bölgədə terrorizmlə məşğul olduğunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Bununla da bölgədə baş qaldıran erməni terrorizminin beynəlxalq terrorizmin tərkib hissəsi olduğu dünya ictimaiyyəti qarşısında rəsmən elan edilmiş olur. Və belə vəziyyət isə rəsmi Bakının tezliklə antiterror əməliyyatlarına başlayacağı təqdirdə, buna kiminsə fərqli don geyindirmək şansını əlindən alacaq.

Onu da qeyd edək ki, Ermənistan ordusunun tör-töküntülərinin Xankəndi və ətraf ərazilərdə qaldığını rəsmi İrəvan da dolayısı ilə etiraf edir. Belə ki, Ermənistan Xarici İşlər Nazirliyi müharibə bitdikdən sonra ələ keçirilən erməni hərbçilərin həbs edilməsini qınayıb. Bu, orada silahlı ermənilərin olduğunun etirafıdır.

Ona görə də, rəsmi İrəvan erməni terrorçuların həbsini qınamaq əvəzinə "erməni hərbçilər"in bölgədə nə işinin olduğuna aydınlıq gətirməlidir. Axı, doğrudan da müharibə bitib. Əgər, həmin silahlı ermənilər Ermənistan ordusuna aiddirsə, onlar Azərbaycan ərazilərində niyə qalıblar. Rəsmi İrəvan onları Ermənistana niyə aparmayıb.

Maraqlıdır ki, Ermənistanda əsgər valideynləri də bundan narazıdırlar. Onlar Ermənistan Müdafiə Nazirliyinin qarşısına toplaşaraq, öz evladlarının Xankəndi və ətraf ərazilərdə "xidmət keçməsinə" etiraz edirlər.

Digər tərəfdən bu məsələ artıq Rusiyanın hərbi-siyasi dairələrində ciddi şəkildə müzakirə edilməyə başlayıb. Çünki bu situasiya Rusiya sülhməramlı qüvvələrinə öz öhdəliklərini yerinə yetirməkdə müəyyən problemlər yaratmaqdadır. Üstəlik, silahlı ermənilərin bölgədə qalması Rusiya sülhməramlı qüvvələrinin missiyası üzərinə də istər-istəməz kölgə salır.

Ona görə də, əksər rus hərbi analitiklər Rusiyanın sülhməramlı missiyanın öhdəliklərini üçtərəfli anlaşmaya uyğun şəkildə yerinə yetirməsi üçün “Qarabağdakı qanunsuz qurumlar və silahlılar problemi təcili həllini tapmalıdır” tezisini qabardırlar.

Onların qənaətinə görə, Qarabağ müharibəsinin bitməsi haqda Rusiya, Azərbaycan və Ermənistanın imzaladığı üçtərəfli bəyannamənin müddəalarını konkretləşdirməyə artıq ehtiyac var: "Xüsusilə də söhbət Ermənistanın Azərbaycan ərazisində yaratdığı strukturların taleyindən gedir, çünki ağır silahlara və bütün hərbi infrastruktura malik erməni hərbçiləri hələ də oradadır”.

Göründüyü kimi, rus analitiklər problemin kökünü çox doğru müəyyən ediblər. Onlar da hesab edirlər ki, Araik Arutyunyan və onun separatçılar dəstəsi Xankəndidə olmamalıdırlar. Separaçılar bölgədən dərhal çıxarılmalıdır.

Bunun əksinə, rəsmi İrəvanın son vaxtlar bölgəyə müxtəlif nazirləri və təşkilat rəhbərlərini göndərib, Araik Arutyunyan ilə görüşdürməsi isə açıq təxribatdır. Və bu, rəsmi Bakını sərt addımlar atmağa sövq edə bilər.

Əlbəttə, Ermənistanda da anlamamış deyillər ki, bütün bunlar boşuna cəhdlərdir. Situasiyanın savaşdan öncəki vəziyyətə qaytarmaq artıq qeyri-mümkündür. Azərbaycan situasiyaya tam nəzarət edir və hər hansı geriyə dönüş təxribatına imkan verməz.

Ola bilsin ki, Paşinyan hakimiyyəti bununla Ermənistan daxilində ictimai rəyi nisbətən yumşaldaraq, öz xeyrinə dəyişə biləcəyinə ümid bəsləyir. Ancaq Ermənistan daxilində siyasi mübarizənin aləti kimi olduqca təhlükəli variant seçilib. Çünki rəsmi Bakının səbri tükənib, sərt və qəti addımlar atsa, rəsmi İrəvanın bölgədəki təxribatları elə Paşinyan hakimiyyətinin əleyhinə də çevrilə bilər.

Əslində, Azərbaycan Prezidenti İlham Əliyev də bu barədə Ermənistana son xəbərdarlığını etdi. Azərbaycanın icazəsi olmadan bölgə xarici ölkə təmsilçilərinin dolaşmasına bundan sonra göz yumulmayacağını vurğuladı. Növbəti belə bir təxribatın ən sərt şəkildə cavablandırılacağının mesajını verdi.

Deməli, Ermənistanın hələ də havada hazır saxlanılan Azərbaycanın "dəmir yumruq" zərbəsini növbəti dəfə sınaqdan çıxartmaq üçün daha bir şansı var. Əgər, cəsarətləri varsa və "dəmir yumruq" qarşısında duruş gətirmək üçün taqətləri qalıbsa, bunu bir də yoxlaya bilərlər.

Ancaq rəsmi İrəvanın belə bir cəsarəti olacağı qətiyyən inandırıcı görünmür. Hər halda, Ermənistan indi növbəti dəfə savaşacaq durumda deyil. Əksinə, bundan sonra uzun müddət Ermənistanın mövcudluq problemlərini həll etməsi lazım olacaq. Ona görə də indi Ermənistanda Azərbaycan Prezidentinin sərt xəbərdarlığı ilə aktuallaşan yeni müharibə təhlükəsindən yayınmağın yolları daha ciddi şəkildə müzakirə edilməkdədir.

Ümumiyyətlə, hazırda Ermənistan qeyri-müəyyən situasiya ilə üzləşib. Hakimiyyət boşluğu hər ötən gün daha çox hiss olunur. Və rəsmi İrəvan intensiv şəkildə çıxış yolları axtarmağa məcburdur.

Maraqlıdır ki, Ermənistan mətbuatı baş nazir Nikol Paşinyanın təcili olaraq şəxsi evində iclas keçirdiyi barədə məlumat yayıb. Məlumatda bildirilir ki, həmin iclasa müdafiə naziri Vaqarşah Harutyunyan, Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Onik Qasparyan və DTX rəhbəri Armen Abazyan çağırılıb.

Tərkibə diqqət etdikdə iclasda önəmli məsələlərin müzakirə edildiyini də düşünmək olar. Birinci toplantı ev şəraitində keçirilib. Bəlli ki, gözdən uzaq olmaq və məxfiliyi qorumaq istəyiblər. Bu isə yaxın vaxtlarda atıla biləcək olduqca önəmli addımların gizli qalması üçün ehtiyat tədbirlər təəssüratı yaradır. Ola bilsin ki, baş nazir Nikol Paşinyan Ermənistanda artıq heç kimə güvənmir və kabinetində siyasi rəqiblərinin "qulaqlar"ının ola biləcəyindən narahatdır.

Bəzi erməni KİV-ləri bu məxfi iclasın 11 yanvarda Rusiya paytaxtında keçiriləcəyi ehtimal olunan üçtərəfli görüşdə müzakirə ediləcək məsələlər ilə bağlı ola biləcəyini iddia ediblər. Onların qənaətinə görə, baş nazir N.Paşinyan Moskvada Ermənistan üçün növbəti ağır öhdəlikləri qəbul etmək məcburiyyətində qalacağını bilir.

Həmin öhdəliklərin sırasında Ermənistan ordusunun tör-töküntülərinin bölgədən tamamilə çıxarılması məsələsinin də ola biləcəyi istisna edilmir. Sərhədlərin tanınması, yekun sülh sazişinin müddəalarının və s. önəmli məsələlərin müzakirə edilə biləcəyi də ehtimal olunur. Və baş nazir N.Paşinyanın bu üçtərəfli görüşdən Ermənistan üçün əzici öhdəliklərlə çıxacağı əsas qənaətlər sırasında yer alır.

Bütün bunların nə qədər doğru olduğu hələlik məlum deyil. Ancaq bəzi önəmli suallara konkret cavabların tapılacağı günə də hər halda, o qədər də çox qalmayıb.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)