Əli Həsənovun dövləti və dövlətçiliyi aldatması haqda bəzi düşüncələr

13:11 10-01-2021 576

2019-cu ildə, tutduğu vəzifədən kənarlaşdırılması ilə uzun müddət əyləşmiş olduğu kreslo ilə romantik münasibət yaşayan Əli Həsənov kreslosundan qalxan kimi bütün gördüyü işlərin qoxusu Azərbaycan cəmiyyətinə məlum oldu.

Üzərindən 1 ildən çox vaxt keçməsinə baxmayaraq hələ də ara-sıra bu qoxu cəmiyyəti narahat etməyə davam edir.

Əli Həsənov vəzifədən uzaqlaşdırıldığı andan etibarən fəaliyyət göstərdiyi illər ərzində yol verdiyi pozuntular, az qala dövlətə xəyanət həddinə gəlib çatan özbaşına davranışları bir-bir ifşa olmağa başladı. Ortaya çıxdı ki, Əli Həsənov tutduğu vəzifəyə uyğun olaraq dövlətin təmin etdiyi imkanlarla nəhəng bir “YALAN MAŞINI” yaradıb.

Fəaliyyətdə olduğu, yəqin ki, özünün “dövlətə xidmət” hesab etdiyi dövr ərzində Əli Həsənov başda media sahəsi olmaqla QHT sektoru və siyasi partiyalara yönəlmiş dövlət siyasətini iflasa uğradıb.

Bu ancaq Əli Həsənovun bacara biləcəyi keyfiyyətdə bir iş idi. Bu yerdə “professor” qarşımızda sual qoyur: Güclənməkdə olan bir dövləti, onun mediasını, siyasi partiyalarını necə çirkaba batırmaq olar?


Keçmişə çox qısa baxış


Əli Həsənov öz yalan maşınını ilk olaraq media sahəsində işə salıb. Əli Həsənovun fəaliyyətdə olduğu dövrdə Azərbaycan media məkanında kifayət qədər qəzet mövcud idi.

Əli Həsənov bu sahədə reallaşdırdığı işlərlər bu qəzetlərin Azərbaycanın ictimai-siyasi həyatında hansı rolu oynadığını da sual altında qoyub. Cavablar isə Əli Həsənovdan başqa heç kimə məlum deyil. Əli Həsənovun birbaşa məsuliyyət daşıdığı sahə qəzetlərin və media qurumlarının fəaliyyətinin yaxşılaşdırılması və ictimai-siyasi həyatda yaxından iştirakının təmin edilməsi idi.

Azərbaycanda qəzetlərin sosial vəziyyətini daha da yaxşılaşdırmaq istiqamətində işlər görülməli, media qrumlarına göstərilən diqqət artırılmalı, jurnalistlər üçün daha yaxşı həyat şərtləri təmin olunmalı idi.

Təəssüflər olsun ki, Əli Həsənov öz fəaliyyəti müddətində qarşıya qoyulan bu vəzifələrin heç birinə nail olmayıb, hətta daha da pis vəziyyətə salıb. Hər nə qədər Əli Həsənovun dövründə jurnalistlərə ev verilməsi prosesi həyata keçirilmiş olsa da unutmayaq ki, bunun özü də birbaşa Cənab Prezidentin iradəsi və istəyi ilə reallaşmış təşəbbüs idi. Jurnalistlərin daha yaxşı həyat şəraiti ilə təmin olunması Əli Həsənovun yaradıcılığına olduqca yad bir anlayış idi. Əli Həsənov informasiya dövründə xüsusilə çap qəzetlərə fəaliyyətinə ciddi zərbə vurub.

Təbii ki, onun bu addımı məlumatsızlıqdan və ya köhnə düşüncəli olmaqdan qaynaqlanmırdı. Əksinə qəzetlərin müxtəlif tirajlarla çap olunması üçün ciddi maddi vəsait tələb olunurdu. Bu vəsait isə dövlət büdcəsindən qarşılanırdı. Məlumatlı şəxslərdən aldığımız informasiyaya əsasən, minimum 1000 tirajla çap olunan qəzetlərin əksəriyyəti Əli Həsənovun marağına uyğun qeyd olunduğu sayda çap olunmurdu.

“Professorun” nəzarətində olan qəzetlər süni şəkildə çap tirajını yüksək yazır, minimum çap xərcləri ilə maksimum tiraj üçün ayrılan dövlət vəsaiti arasındakı miqdar isə yox olurdu. Bu işdə “professor” ilə “Azərbaycan Dövlət Nəşriyyatı”nın  əməkdaşlığını, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun fəaliyyətini də xüsusilə qeyd etmək lazımdır. Sonuncu şəxs media sahəsində Əli Həsənovun özbaşına hərəkətlərinə səssizcə göz yumaraq azad mətbuatın çökdürülməsi işində elə Əli Həsənovun özü qədər pay sahibi olub.


Nə oldu QASİD?

Digər maraqlı məsələ isə çap qəzetlərin satışı ilə bağlı idi. Qəzetlərin satılması üçün nəzərdə tutulan köşklər (QASİD-ə məxsus) Əli Həsənovun nəzarətində olan sahə olmasına baxmayaraq biznes obyektlərinə çevrilməyə başlandı.

QASİD konseptini öldürən Əli Həsənov onların əvəzinə, yenilənmiş qəzet köşkləri gətizdirdi və qəzetlə yanaşı gündəlik istifadə üçün yararlı satış məntəqələrinə çevirməsinə şərait yaratdı. Deyilənə görə, bu köşklərdən gələn gəliri də özü əldə etdi. Özündən məlumatı dəqiqləşdirmək imkanı olmadı, çünki telefonu hər zaman sönülüdür. Onsuz da oxunmayan çap qəzetlərin satışı üçün nəzərdə tutulan yerlər artıq sahibkarlıq məntəqlərinə çevrilmiş oldu.


Gəncləri qazanmaq, yoxsa itirmək?

Əli Həsənovun fəaliyyəti dövründə çökdürülən sahələrdən bir digəri isə gənclər sektoru idi. Əli Həsənovun fəaliyyətə başladığı dövrdə ölkədə bir sıra fəal gənclər təşkilatları mövcud idi.

Gənclər təşkilatlarının maliyələşməsini təmin edən Azərbaycan Respublikası Gənclər Fondu vasitəsilə Əli Həsənov gənclər sahəsində fəaliyyət göstərən təşkilatları bir-bir sıradan çıxarmağa başladı. Əli Həsənovun tapşırığı ilə gənclər təşkilatlarına təklif etdikləri layihələr üçün ildə 5-10 min arası vəsait ayırmaq tapşırıldı. Ayrılan bu vəsaitlər isə təşkilat rəhbərlərinin gündəlik xərclərini ödəyirdi, layihələr isə icra olunmadan qalırdı. Ciddi layihələr icra edən təşkilatlar isə növbəti il fonddan daha az maliyyələşir və bir neçə il sonra fəaliyyətini tamamilə dayandırırdı.

Gənclər təşkilatları Əli Həsənovun sayəsində sadəcə sədrdən ibarət yalançı qurumlara çevrildi. Bu təşkilatların tək vəzifəsi isə Əli Həsənovun tədbirlərindəki çıxışlarını alqışlamaq idi. Bu cür təşkilatlara maliyyə yardımları ayrıldığı halda real iş görən təşkilatlar maliyyədən məhrum edilirdi, onların rəhbərləri müxtəlif səbəblər ilə gənclər sektorundan uzaqlaşdırılırdı. Əli Həsənov perspektivli kadrları öz itaətkarları ilə əvəz edirdi.

Bu illər ərzində Əli Həsənovun gənclər təşkilatları sahəsindəki fəaliyyəti bu sahədə məsuliyyət daşıyan qurumların nəzarətindən də kənarda qaldı. Xüsusilə Gənclər və İdman Nazirliyinin gənclər sahəsini kurasiya edən bəzi şəxslərinin passiv fəaliyyəti isə təəssüf doğurur.

Əli Həsənov mövcud olan qurumların və təşkilatların azad fəaliyyətinə maneə olmaq, onları özündən asılı və ələ baxımlı vəziyyətə salmaq, idarəçiliyini özü ilə “oxşar təfəkkürlü” şəxslərə tapşırmaqla gənclər sahəsini diz çökdürmüş oldu.


KİV-lərin “xaç atası”


Əli Həsənovun çoxillik fəaliyyəti nəticəsində adi jurnalist düşünürdü ki, yazdığı məqalə müqabilində o, dövlətdən pul almalıdır. Bu düşüncəni də Əli Həsənov birbaşa nəzərəti altında olan KİVDDF vasitəsilə həyata keçiridi. Əli Həsənovun bu sahədə planlaşdırdığı əməllər məhz KİVDDF-nin keçmiş rəhbəri Vüqar Səfərlinin köməkliyi ilə icra edilirdi.


Əli Həsənovla əlbir hərəkət edən Vüqar Səfərlinin, KİVDDF kimi lazımsız qurumun və təbii ki də, Əli Həsənov yaradıcılığının nəticəsində media sahəsindəki bir çox şəxs pul almağa meylləndi.

Nəticədə cəmi bir neçə ilə Əli Həsənov yazmaq xatirinə yazan, dövlətdən pul gözləyən, media sahəsində şantaj və söyüş mədəniyyətini, reket jurnalistika anlayışını formalaşdıran jurnalist ordusu yaratdı. Hansı ki, Əli Həsənovun mirası olan bu jurnalist ordusunun təmsilçiləri bu gün də sosial şəbəkələrdə öz vərdişlərinə davam edirlər.

44 günlik Vətən müharibəsinin davam etdiyi günlərdə də Əli Həsənovdan xəbər almaq mümkün olmadı. Uzun müddət ictimai-siyasi sahəni idarə etməyə cəhd göstərən, öz uğursuz fəaliyyəti ilə Azərbaycan mediasını ağlar günə qoyan Əli Həsənov sadəcə olaraq müalicə adı altında ölkədən çıxmağı (oxu: qaçmağı) bacardı.

Xalqın çətin günlərində öz yetişdirdiyi jurnalistlər kimi, Əli Həsənovun da səsi başqa qucaqlardan gəldi.

Əli Həsənovun birbaşa tapşırığı ilə Londonda yaşayıb fəaliyyət göstərən vəkil Qurban Məmmədova Nərimanov rayonu ərazisində ev verilməsi faktı ictimailəşmişdi. Qurban Məmmədov Avropaya köçdükdən sonra onun Azərbaycanın müxalif mühacirətinin siması olması qarşılığında Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovdan Nərimanov rayonunda M.Nağıyev küçəsi 19/27 ünvanında “Atlant-inşaat” tərəfindən yeni tikilmiş 16 mərtəbəli binada ümumi sahəsi 1500 kvadratmetr olan mənzillər alıbmış.

Hansı ki, hazırda Qurban Məmmədovun ailə üzvləri və qohumları həmin mənzillərdə yaşayır. Qurban Məmmədov da hakimiyyətin və bilavasitə prezidentin aktivl tənqidçilərindən hesab olunur. Sual oluna bilər Əli Həsənov Qurban Məmmədov kimi adamları himayə etməklə əslində nəyə nail olmaq istəyirdi?

Bəlkə, öz ürəyindən keçən sözləri dilinə gətirməyə qorxan Əli Həsənov uzunmüddətdir Qabil kimilərin dili ilə danışırmış?

Əli Həsənovun oğlu Şamxal Həsənov da atasının yolunu gedərək Azərbaycan jurnalistikasına və media sahəsinə qarşısı alınmaz zərərlər vurub.


“Xəzər TV” və “Dalğa Tv” kimi telekanalların, bir neçə radionun rəhbərliyini icra edən oğul Həsənov, öz qanunsuz fəaliyyəti, milyonlarla vəsaitin oğurlanmasından, telekanal jurnalistlərinin əmək haqqların mənimsənilməsinə qədər bir çox sahədə atası ilə az qala yarışa çıxırdı.  Ata və oğul Həsənovların Azərbaycan jurnalistikasını çökdürmək istiqamətində böyük səylə gördükləri işlər sadalamaqla bitəcək qəbildən deyil.

İndi isə Şamxal Həsənov ABŞ-a köçüb və FETO-çu dostlarının dəstəyi ilə orada ev alqı-satqısı ilə məşğul olmaq niyyətindədir.

Məlumatlı mənbələr Əli Həsənovun da xanımı ilə birgə yaxın aylar ərzində ABŞ-a köçəcəyini istisna etmir. ABŞ-da Demokratların hakimiyyətə gəlməsi Əli Həsənova FETO dəstəyi ilə ABŞ-da rahat və sakit həyat sürməyə yeni imkanlar açması qeyd edilir.


QHT-lərin məhvi


Əli Həsənovun fəaliyyəti ərzində gördüyü işlər arasında QHT sahəsinin bilərəkdən məhv edilməsi istəyi xüsusi yer tutur. Əli Həsənov QHT-lər istiqamətində görülən işləri “QHT-lərə Dövlət Dəstəyi Şurası” və “Azərbaycan Milli QHT Forumu” kimi qurumlarla öz əlində cəmləşdirib və bu qurumlar vasitəsilə QHT sektorunun sıradan çıxarılması işini həyata keçirirdi. 

Bu istiqamətlərdə daha səmərəli fəaliyyəti icra etmək üçün QHT-lər gərəkli maliyyə imkanları ilə təmin edilməlidir. Bu reallaşdırılmadığı təqdirdə isə bu təşkilatlar tədricən sıradan çıxır. Bu gün də Azərbaycanda səmərli QHT-lərin sayı azalıb.

Regionların İnkişafı İctimai Birliyindən başqa üzdə olan və sosial məsələri həll edən hər hansı QHT görünmür. Varsa belə, bunun QHT şurasına aidiyyatı yoxdur. Bu gün Azərbaycanda QHT sektorunun zəif vəziyyətdə olması isə birbaşa Əli Həsənov düşüncəsinin məntiqi nəticəsidir.


Siyasi konkyukturada Əli Həsənov fenomeni


Əli Həsənovun əllərinin uzandığı bir digər sahə isə siyasi partiyalarla iş istiqamətidir. Bu gün "Azərbaycanda siyasi partiyaların vəziyyəti nə yerdədir?" sualını vermək Əli Həsənovun fəaliyyətinin nədən ibarət olduğunu göstərir.

Əli Həsənov siyasi partiyalar, xüsusilə müxalifət partiyalara istiqamətindəki "işi" diqqət cəlb edir. Onun birbaşa təşəbbüsü ilə bəzi müxalifət partiyaları daxilində süni olaraq fikri ayrılıqları yaradılırdı və  nəticədə bəzi müxalifətçilərlə (MirMahmud Mirəlioğlu və Qulamhüseyn Əlibəyli) öz partiyalarından çıxararaq rasional düşüncəli və adekvat müxalifətə çevirmək istiqamətində iş aparılmalı idi. Lakin nədənsə bu gün biz siyasi arenada bu adamların fəaliyyətini görə bilmirik.

Yaxşı bəs bu adamlar Əli Həsənovun “fəaliyyəti” ilə müxalifət partiyalardan çıxdıqdan sonra nə baş verdi? Niyə yox oldular?

Əgər Əli Həsənov müxalifət partiyaları daxilində fikir ayrılığı yaratmağı bacarırdısa, elə birbaşa partiyanı içəridən dağıtsa daha yaxşı olmazdımı?

Əli Həsənovun siyasi partiyalarla bağlı yanaşmasında ciddi məntiq xətalarının olduğu göz önündədir.

Məlumdur ki, Əli Həsənov xüsusi adamları vasitəsilə danışıqlar keçirir, daha sonra isə görülən bütün işləri batırırdı. Əli Həsənov dövlətlə işləyə biləcək normal müxalifət formalaşdırmaq işində bacarıqsız olduğunu sübut etdi.

Ancaq eyni şərait və eyni müxalifət bu gün də var. Nəticə isə tamamilə fərqlidir. Bu gün Prezident Administrasiyasının şöbə müdiri olan Ədalət Vəliyevin siyasi partiyalar istiqamətində uğurla həyata keçirdiyi görüşləri Əli Həsənov 20 il ərzində həyata keçirə bilmədi. Bəs səbəb nə idi? Məgər Cənab Prezident bu fəaliyyətləri qadağan edirdi? Əgər elədirsə, bəs bu gün niyə bu işlər qadağan edilmir?

Prezident milli təhlükəsizlik və milli müdafiə strategiyasının hazırlanması, xarici siyasət də daxil olmaqla fərqli sahələrdə çalışır. O, siyasi partiyalarla gündəlik görülən işlərlə məşğul ola bilməz, əgər olsaydı bu vəzifədə illərini sərf etmiş şəxslərə nə ehtiyac var idi?

Cənab Prezident hakimiyyətinin hər dövründə siyasi proseslərə yanaşmasında modernist olub, amma Əli Həsənov bu  yanaşmanı anlamayıb. Bu gün Ədalət Vəliyevin gördüyü işlər həmin modernist baxışların tətbiqi üçün imkan və zəmin hazırladı. 


Özünü Göbbels hesab edən dövlət məmuru

Əli Həsənovun fəaliyyətinin kuliminasiya nöqtəsi isə Azərbaycanda yalan və iftira siyasətini və bu siyasəti həyata keçirən insanlar ordusunu formalaşdırdı.

Əli Həsənov nasist liderlərindən Jozef Gebbelsin “Yalan nə qədər ifrat olarsa, insanlar ona bir o qədər çox inanacaqlar” məntiqi ilə çıxış edir və yaşayırdı.

Hətta vəzifədən uzaqlaşdırıldıqdan sonra da yalançı xislətini gizlətməyən Əli Həsənov xaricdən 10 günə qayıdacağını qeyd edərək öz yaxınlarının belə gözünü yolda qoymuşdu. Əli Həsənov öz həyatında müqəddəs heç nə olmadığı üçün başqasına qarşı yalan və iftiradan istifadə edilməsi onun vicdanına təsir etmirdi.

Əli Həsənov cəmiyyətdə yalan və iftira siyasəti formalaşdırmaqla özünə yer edirdi. Bu yalan və iftira siyasətininin qurbanı olan şəxslər arasında bu gün hakimiyyətdə təmsil olunanlar və olunmayanlar da var.

Məqalə ərzində verilən suallara Əli Həsənovdan və “Əli Həsənovçulardan” hər hansı cavab tələb edilmir.

Çünki Əli Həsənovun özü elə fəaliyyəti ərzində bu sualları artıqlaması ilə cavablandırıb.

Mənbə: Hit.az