YENƏ İCRA BAŞÇISI, YENƏ RÜŞVƏT, YENƏ RƏZALƏT! – Belə əclaflar bizdən biri ola bilərmi?...

00:56 12-01-2021 450

Uzun illərdir əksər müstəqil müşahidəçilər və mütəxəssislər Azərbaycanın ərazi idarəetmə sistemindəki rayon icra hakimiyyəti idarəçiliyinin ləğv olunmasına dair çağırışlar edirlər. Lakin təəssüf ki, hələlik bu çağırışlara məhəl qoyan yoxdur. Təbii ki, bununla bağlı çağırış və təkliflər həmin idarəçilik sisteminin yaratdığı eybəcər fəsadlara söykənir. O fəsadlara ki, bir tərəfdən cəmiyyətin və dövlətin əsaslarını, digər yandan isə elə mövcud siyasi hakimiyyətin özünün xalq arasındakı dayaqlarını zərbə altında qoyur.

Pis odur ki, bir neçə icra başçısının həbsi, sözün əsl mənasında ictimai qınağa tuş gəlməsi, rəzil durumda televiziya ekranlarına çıxarılması da vəziyyəti dəyişmir ki, dəyişmir. Son olaraq Cəlilabad İcra Hakimiyyətinin başçısı Namiq Zeynalovun digər məlum həmkarları kimi yenə də külli miqdarda rüşvət, mənimsəmə ittihamlarıyla həbs olunması bunu bir daha sübut edir. Belə təəssürat yaranır ki, “icra başçısı bərabərdir rüşvət” bərabərliyi aksiomadır, onun isbata ehtiyacı yoxdur və bu bərabərlik daimidir.

Görün, icra orqanlarının rüşvət, korrupsiya mexanizmi necə bir sistemdir ki, nə müharibə tanıyır, nə pandemiya, nə də təbii fəlakət. Hər şəraitə uyğunlaşır və ondan istifadə edir. Müharibədən əvvəl də işləyib, müharibə dövründə də, ondan sonra da. Bu sistem nə kasıba, nə xəstəyə, nə yetimə, nə qaziyə, nə də şəhidə baxır. Nə xalqı dinləyir, nə Prezidentin xəbərdarlığına məhəl qoyur, nə polis tanıyır, nə prokurorluq, nə Allah, nə də din. Yalnız DTX-nın qara maskalılarını görəndə cücəyə dönürlər…

Cəlilabadın yenicə həbs olunan icra başçısı barədə mətbuat yazdı ki, şəhid ailəsindən şəhidin dəfn mərasiminə icazə vermək üçün rüşvət alıbmış. Bunun nə dərəcədə həqiqətə uyğun olduğunu deyə bilmərik və doğrusu, bu qədərinə inanmaq da istəməzdik. Çünki bizim xalq hər halda belə bir alçaqlığa əl atacaq ünsür yetişdirə bilməzdi… Lakin maraqlı və həm də acı təəssüf doğuran hal odur ki, insanlarımız bir icra başçısının hətta şəhid ailəsindən dəfn mərasiminə icazə üçün rüşvət almaq kimi misilsiz əclaflığa belə əl atmaq qabiliyyətində olduğuna inanır. Bəli, idarəçilik üçün ən böyük biabırçılıq, bədbəxtlik də məhz budur – xalqın rayon icra hakimiyyəti strukturlarından istənilən nadanlığı, miskinliyi, heysiyyatsızlığı, bir sözlə əksik əməli gözləməsi…

 

 

Yəqin bundan əvvəl həbs olunan başçılardan biri – Biləsuvarın icra başçısının “pandemiya sərf edir” deyərək, hökumətin kasıb-küsub üçün ayırdığı qəpik-quruşa tamah salmasını və mənimsəməsini əks etdirən kadrlar hamının yadındadır. İnsanlar haqlı olaraq fikirləşirlər ki, millət üçün bəlaya çevrilən xəstəlikdən də pul qazanan belələri şəhid ailəsinin cibinə də göz dikər, hələ o yana da keçər. Odur ki, Cəlilabadın icra başçısının həbsi səbəbinə dair yayılan şayiələr onun oturduğu kresloya olduqca rahat şəkildə yapışır….

Təəssüf ki, son illərdə ayrı-ayrı rayonlarda icra başçılarının dəyişdirilməsi, gənc kadrların vəzifələrə təyin olunması da vətəndaşların bu idarəçilik strukturuna münasibətini dəyişmədi. Çünki yenə də icra orqanı əlçatan, xalqa yaxın, onun problemlərini həll edən yox, daha çox vətəndaşlara problem, maneə yaradan, qadağalar qoyan qurum funksiyasını daşıyır. Və bir çox hallarda da özünün süni şəkildə yaratdığı bu “maneələrin” aşılması üçün rüşvət tələb edir. İcra başçıları uzun illərdən bəri müasir idarəçilik anlayışı ilə yaxından-uzaqdan əlaqəsi olmayan bir zümrəyə çevriliblər.

Hakimiyyəti tənqid edənlərin bir çoxu başçıların həbsinin sadəcə, rüşvət və korrupsiya deyil, hansısa hakimiyyətdaxili çəkişmələrə, bu və ya digər fiqura sədaqətə və digər səbəblərə görə baş verdiyini iddia edirlər. Və bəzən onların dediklərində həqiqət olduğuina dair təsəvvür yaranır. Çünki icra başçılarının “kor qardaş”ın başına gələnləri görüb də nəticə çıxarmayacaq qədər düşüncəsiz, ağılsız olduğuna inanmaq çətindir. Görünür, kimsə, hansı qüvvəsə bunları arxayın salır ki, “işində ol, yığ, bizə də göndər”. Yoxsa doğrudan da icra başçılarının korrupsiya mexanizminin hələ də saat kimi işləməsinin məntiqini anlamaq çətindir…

 

 

Artıq bu sistemin əsas “xaç atası” sayılan şəxs xeyli müddətdir Prezident Administrasiyasındakı postundan uzaqlaşdırılıb. Ancaq onun patriarxı olduğu bu miskin idarəçilik təcrübəsi sanki koronavirus kimi rədd olub canımızdan çıxmaq bilmir. Bəs görəsən, nədir, kimdir bu idarəçilik sistemini “həmişəyaşar” edən?...

Hələ nə qədər də həbs olunan başçılardan geri qalmayanlar var və vəzifədə qalırlar. Bu günlərdə bir qazi atası ölkə başçısına müracət edərək yazmışdı ki, Göyçayın icra başçısı Mehdi Səlimzadə onun ağır yaralı qazi oğluna baş çəkmir, dava-dərmanı, sağlamlığı, ailəsinin problemlərilə maraqlanmır. Niyə? Çünki özünü mənəvi cəhətdən buna borclu hesab etmir. Təbii ki, bu hal təkcə ona aid deyil. “Köhnə qvardiya”ya və məlum idarəçilik məktəbinə aid icra başçılarının demək olar hamısı eyni “inancın” sahibidir – pul, pul, yenə də pul! Və bu bəla, heç də Şəhidlərimizin ölümünə səbəb olan, yaxud Qazilərimizin bədənində gəzdirdiyi erməni qəlpəsindən az təhlükəli deyil. Onu zərərsizləşdirməyin yolu isə ağır da olsa, açıq əməliyyatdır. Və bu, sadəcə DTX əməliyyatı yox, bütünlükdə rayon icra hakimiyyəti sisteminə söykənən idarəçiliyin kəsilib atılması və başqa sistemlə dəyişdirilməsi əməliyyatı olmalıdır!

Cəlal Məmmədov

“AzPolitika.info”