Putinin siyasi şousu-ŞƏRH

19:11 12-01-2021 162

Moskva görüşü daha çox Rusiyanın bölgənin ağası olduğunu nümayiş etdirmək cəhdi ilə yadda qaldı

 

Moskvada keçirilən üçtərəfli görüş hələ hazırlıq mərhələsindən siyasi şou elementləri ilə zəngin idi. Kremldən göndərilən həkim briqadasının Rusiyaya yola düşəcək heyətlərin sağlıq durumunu yoxlaması və bunun mediaya sızdırılması Putinin Azərbaycan və Ermənistan liderlərinə Moskvada “sürprizlər” hazırlamasından xəbər verirdi. Bu ehtimallar özünü doğrultdu, Rusiya tərəfi görüş zamanı protokol qaydaları və diplomatik etiketə zidd olaraq öz hegemonluğunu nümayiş etdirməyə çalışdı. Müzakirə keçirilən masanın düzəni – liderlər üçün stulların qoyuluş forması ən diqqət çəkən detal oldu. Görüşü hazırlayanlar sanki Putinin öz tabeliyində olan məmurları qəbul etməsi görüntüsü yaratmağa çalışmışdılar…

Müzakirələrin Kremlin Pyotr zalında aparılması, Azərbaycan və Ermənistan bayraqlarının otağa qoyulmaması, rus imperiya tarixinin qüdrətini nümayiş etdirən heykəllər də siyasi şounun sublimativ mesajları sırasında idi. Putin Azərbaycan və Ermənistan liderlərinə və dünyaya, xüsusən Qərbə 1722-ci ildə Xəzərsahili ərazilərə yürüşlə ekspansiya siyasətinə başlayan rus çarı Birinci Pyotrun Qafqaz siyasətinə sadiq olduğunu nümayiş etdirmək istəmişdi. Məlumdur ki, Qafqaz XVIII yüzilliyin əvvələrindən Rusiya İmperiyasının xarici siyasətində mühüm yer tutub. Təxminən 100 il ərzində regionun başqa iki böyük imperiyası – İran şahlığı və Osmanlı ilə aparılmış müharibələr regionun təxminən indiki geosiyasi sərhədlərinin cızılması ilə nəticələnib. Putin göstərir ki, Qafqaz bu gün də Rusiya üçün mühüm strateji əhəmiyyət daşıyır. Amma Moskvanın bu maraqlarını nümayiş tərzi həm regionda, həm də dünyada ironiya doğrurmaqla Azərbaycan və erməni cəmiyyətlərində Rusiyaya qarşı münasibəti bir az da pisləşdirdi, ikrah doğurdu. Nəhəng Rusiya Federasiyasının regionun iki kiçik ölkəsinə qarşı bu nəzakətsizliyi dünyada heç bir halda ona hörmət, nüfuz gətirə bilməz.

Üçtərəfli görüşün yekunları 4 saat çəkən müzakirələrə rəğmən, münaqişə tərəfləri üçün elə də uğurlu sayıla bilməz. Çünki prinsipial məqamlarla bağlı razılaşma əldə etmək mümkün olmayıb. Şübhəsiz ki, Azərbaycanın əsas gözləntisi Dağlıq Qarabağdakı erməni silahlı birləşmələrinin çıxarılması, daxili kommunikasiyaların açılması, azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına qayıdışı kimi məsələlərdir. Bu məsələlərin hamısı 10 noyabrda qəbul edilmiş razılaşmada əksini tapıb. Bu günə qədər Ağdam-Şuşa, Tərtər-Kəlbəcər, Ağdam-Füzuli yolları Azərbaycan üçün açılmayıb. Nəticədə prezident 105 kilometrlik Füzuli-Şuşa yolunun inşası ilə bağlı qərar verib. Kəlbəcərə isə Göygöl üzərindən keçən çətin dağ yolunun yenidən qurulması, tunellərin inşa edilməsindən sonra rahat gəlib-getmək mümkün olacaq.

Ermənistanın baş naziri üçün prioritet məsələ Dağlıq Qarabağın statusu, əsirlərin (diversantların) geri qaytarılması idi. İlham Əliyev Paşinyanın qaldırdığı bu məsələlər üzrə əsaslı müzakirələr aparılmasına imkan verməyib. Status Rusiya üçün də vacib məsələ deyil, bölgədə yaratdığı status-kvo bu gün onu tamamilə qane edir. Əsirlərin dəyişdirilməsinə gəlincə, Azərbaycan müharibədən sonra saxlanılan şəxsləri əsir yox, diversant, terrorçu hesab edir. Onlar Xocavənddə Azərbaycan ordusuna qarşı hücum edərkən saxlanılıblar.

Moskva görüşü əsasən bir neçə vacib məsələyə görə Rusiya üçün əhəmiyyət daşıyırdı. Əvvəla, yuxarıda qeyd etdiyimiz kimi, Kreml Cənubi Qafqazda yeganə söz sahibi olduğunu və bu reallığı region ölkələrinin qeyd-şərtsiz qəbul etdiyini dünyaya göstərmək istəyirdi. Putin bu mesajı ötürməyə nail oldu. İkinci vacib məqam regionda onun maraqlarını təmin edən nəqliyyat dəhlizləri ilə bağlı razılaşmanın əldə olunması idi. Məlumdur ki, Azərbaycan iki mühüm nəqliyyat dəhlizinin – Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin kəsişməsində yerləşir. Bu dəhlizlərə nəzarət edən dövlət ciddi üstünlüklər əldə etmiş olur. Rusiya da sözsüz ki, bu kəsişmə nöqtəsinə nəzarəti əldə etməyə çalışır. Bu qovşaqda Şimal – Cənub dəhlizi Rusiyanın İrana, Yaxın Şərq ölkələrinə çox vacib çıxışını təmin edir. Bu, Rusiyanın Qərblə maraqlarının toqquşduğu regionlara çıxış olduğundan Moskva üçün çox önəmlidir.

Əlbəttə, Mehri dəhlizinin açılması Rusiyanın nəzarəti altında olsa belə, Azərbaycanın Naxçıvan MR və Türkiyə ilə quru əlaqəsini təmin edən vacib kommunikasiya olacaq. Qarabağ danışıqlarında bu məsələ həmişə rəsmi Bakı üçün prioritet olub və iqtisadi açılımda bütün tərəflərin özəl maraqları var. Ermənistanın Moskva görüşündən yeganə qazancı da hələlik Azərbaycan üzərindən İrana, Rusiyaya və Türkiyəyə çxış əldə etməsidir. Ermənistan Putinin dəstəyi ilə Azərbaycanın tələblərini icra etmədən iqtisadi blokadadan çıxmağa nail olur. Təbii ki, Azərbaycan rəhbərliyi Dağlıq Qarabağdan erməni ordusunun çıxarılmaması, məskunlaşma və daxili kommunikasiya imkanlarının buxovlandığı şəraitdə İrəvana bu imkanları tanımaq istəməzdi. Görünür, Rusiya bu məsələdə son dərəcə israrlı olub.

Moskva sammitində böyük ehtimalla Rusiya sülhməramlılarının statusu, fəaliyyət sferası ilə bağlı müzakirələr də aparılıb. Amma yekunda bu məsələyə toxunulmadı, güman ki, Azərbaycanın bəzi tələblərinin qəbul edilməməsi məsələnin açıq saxlanmasına səbəb olub. Rəsmi Bakı sülhməramlıların Xankəndində icra hakimiyyəti funksiyasını icra etməsi, separatçılarla birgə fəaliyyəti və Azərbaycanın suverenliyinə qarşı davranışından narazıdır. Ermənistanın isə Rusiya hərbi kontingentinə heç bir iradı ola bilməz.

Yekunda qeyd edək ki, Moskva görüşünün əsas nəticəsi Dağlıq Qarabağ probleminin həll edilmədiyinin bir daha nümayişi idi. Bu vəziyyət Rusiyanı tamamilə qane edir. Azərbaycan və Ermənistan arasında kiçik istisnalarla hələlik ciddi bir yaxınlaşma yoxdur. Rusiya isə prosesdə vasitəçidən bölgədə maraqlı tərəfə çevrilərək hər iki ölkəyə təzyiq göstərməklə istədiklərinə nail olmağa çalışır.(pressklub)

Turqut