Vətən Müharibəsi qazisinin problemini Şirvan Şəhər İcra Hakimiyyətində dinləyən yoxdu

13:41 13-01-2021 90

Vətən Müharibəsi qazisi, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Gözəlov Ruslan yaşadığı küçədəki problemlə bağlı Şirvan Şəhər İcra Hakimiyyətinə üz tutub, lakin burada nəinki onun problemini dinləməyiblər, hətta görüş üçün qəbul etməyiblər.


Bu barədə mediaya məlumat verən hərbçimiz bildirir ki, Şirvan şəhərində Xəqani küçəsində yaşayır və yaşadığı küçənin yolları bərbad vəziyyətdədir: “İcra başçısı və müavini Məharət Mustafayev çox saymamazlıq edir. Bizim yolumuz pis gündədir, qazıb pis günə qoyublar. Mən getmişdim ki, heç olmazsa o yolu düzəltsinlər. Müavinə dedim ki, bu məsələ ilə bağlı icra başçısı ilə görüşmək istəyirəm. Dedi qəbul edəcəyik, amma etmədilər”.

Ruslan Gözəlov bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib və Şuşada yaralanıb: “Naxçıvandan gələn Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantıyam, medalla da təltif olunmuşam, özüm də Şuşada yaralanmışam. Şuşanın Sığnaq kəndi uğrunda gedən döyüşlərdə, Daşaltı əməliyyatlarında iştirak etmişəm. Hal-hazırda da Naxçıvanda xidmət edirəm, sadəcə olaraq məzuniyyətimlə əlaqədar olaraq Şirvandayam. Məzuniyyətdən sonra hərbi hospitalda müalicəmi davam etdirəcəyəm”.

sirvan-seher-kuce-qazi-gozelov-ruslan

Məsələ ilə bağlı Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Mustafayev bildirdi ki, yanvar ayının 2-dən etibarən səhhəti ilə bağlı fəaliyyətini müvəqqəti dayandırıb. 

Vətən Müharibəsi qazisinin İcra Hakimiyyətində qəbul edilməməsi məsələsinə isə başçının müavini belə münasibət bildirib: “Pandemiya ilə əlaqədar müvəqqəti olaraq vətəndaş qəbulu dayandırılıb. Çalışırıq ki, vətəndaşla təmasda olmayaq. Amma telefon vasitəsilə onlarla əlaqə saxlayırıq”.