Rüşvətin ən mükəmməl forması

18:40 13-01-2021 369

İnternet sistemləri nə üçün işləmir?

 Uzun illər əvvəl məşhur və mərhum fizik Nizami Süleymanovla müsahibə zamanı belə bir maraqlı fikir söyləmişdi: "Əgər dünyada "Rüşvət Akademiyası" yaratmaq ideyası ortaya çıxarsa, bu ancaq Azərbaycanda gerçəkləşə bilər. Çünki ölkəmizdə uşaq bağçasından tutmuş, ən yüksək dövlət pilləsinə qədər, nazirdən tutmuş, süpürgəçiyə qədər hamısı bu sahə üzrə mütəxəssisdirlər". Həqiqətən də, bu rüşvət nə bəla şeydirsə, keçib bu xalqın boğazına, çıxmaq bilmir ki, bilmir. Deyəsən, korona da bu yaxınlarda rədd olub gedəcək, gəldiyi yerə, ancaq rüşvətin məmləkətimizdən gedəcəyinə heç bir ümid yeri yoxdur. Bəli, bu rüşvət bəlası bizim qanımıza necə hopubsa, insanlarımız DNT testi verəndə də, ilk əvvəl qanındakı rüşvət dərəcəsi özünü göstərir. Məhz buna görə də, bizim mütəxəssislərimiz əcnəbi ölkələrə iş dalınca gedəndə ilk əvvəl DNT testindən keçirilirlər, nəticələri müsbət olarsa, işsiz qalır, mənfi olarsa, onları işə qəbul edirlər. Görün, rüşvət virusunun gücü nə qədərdir ki, artıq əlli ildir ( bunu şərti dedim, yəni bir az müasir olsun daaaaa, belədə isə hələ yüz illər əvvəl Füzuli babamız da belə demişdi: "Salam verdim, rüşvət deyil deyə almadılar."-Y.S.) məmləkətimizdə ona qarşı antivirus tapılmır.

Cavanlar bilməz, yaşlı nəslin nümayəndələri yaxşı xatırlayırlar ki, 1969-cu ilin ortalarında Azərbaycanda rəhbərliyə gələn Ulu Öndər Heydər Əliyev də fəaliyyətinə bu bəlaya qarşı mübarizəylə başlamışdı. Məhz, bu mübarizəyə görə onu "Ştirlis" adlandırırdılar. Lakin sonradan hakimiyyətə gələn pul hərisləri onun bu işini yarımçıq qoydular. Azərbaycan tam olaraq rüşvət bataqlığına yuvarlandı.

1993-cü ildə xalqın israrlı tələb və təkidindən sonra yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkədə böyük siyasi-iqtisadi böhran və xaosla qarşılaşdı. Bunun səbəblərindən biri də, heç şübhəsiz ki, rüşvət idi. Ölkədəki bütün çətinliklərə baxmayaraq, o, ilk növbədə rüşvətxorluğa qarşı mübarizəyə başladı.

Lakin təəssüflər olsun ki, onun etimad göstərdiyi, güvəndiyi məmurların böyük əksəriyyəti artıq rüşvət virusunun daşıyıcıları idilər və ətrafdakı hər kəsi bu virusa yoluxdurdular. Məhz bu səbəbdən də, Ulu Öndərin rüşvətxorlara qarşı mübarizəsi ciddi bir səmərə vermədi. Ölkədəki qeyri-müəyyənlikdən istifadə edən səlahiyyət sahibləri isə dövlətin və xalqın sərvətlərini tarimar etdilər. 

2003-cü ildə ölkədə baş verən hakimiyyət dəyişikliyi-Ümummilli Liderin siyasi varisi İlham Əliyevin hakimiyyətə gəlişi ilə bəziləri özlərini bir qədər yığışdırsalar da, bir çoxları rüşvət virusunu yaymaqda davam etdilər. Tez bir zamanda kimin-kim olduğunu özü üçün aydınlaşdıran prezident İlham Əliyev ölkədə korrupsiya və ruşvətə qarşı mübarizəyə başladı. Son bir neçə ildə isə bu sahədə daha böyük işlər görülür və bir çox yüksək vəzifə sahibi olar rüşvətxorlar görəvlərindən alınıb. Onlara verilən cəzanın törətdiklərə cinayət əməllərinə adekvat olmaması səbəbindən, bir çoxları öz bəd əməllərini hələ də davam etdirirlər. Prezidentin bu sahədəki əzmkarlığı və ardıcıllığı onu deməyə əsas verir ki, ölkəmizdə rüşvətin və korrupsiyanın qarşısını almaq mümkün olacaq. Bunun üçün ilk növbədə buna rəvac verən məmurlardan qurtulmaq lazımdır.

Bugünlərdə keçirdiyi müşavirədə Respublikanın Baş prokuroru Kamran Əliyev qeyd edib ki, "korrupsiyaya qarşı mübarizə çərçivəsində korrupsionerlərə daha dəqiq zərbələr vurulmalı və onları elə məhv etməliyik ki, yerində başqa şəbəkələr yaranmasın".

Siz siyasət tarixində belə bir fakta rast gəlmisinizmi ki, həmin partiyanın əsas yaradıcılarından biri olan şəxs(indiki halda, rəhmətlik Sirus Təblizli), bir müddət sonra yaratdığı pariyanı, "Simasız Quldurlar Partiyası" adlandırsın. Buna səbəb isə əllərində olan səlahiyyətlərindən istifadə edərək dövləti və xalqı talamaq yolunu tutan partiya üzvlərinin quldur xislətləri oldu. Çox maraqlıdır ki, həmin dövrdə ona etiraz edən bir nəfər belə tapılmadı. Bu da onu deməyə əsas verir ki, o, dediklərində tam haqlı idi. Mən burada adlar çəkmək istəmirəm, qoy hər kəs öz payını götürsün və bu əməllərindən əl çəksin!

Bu gün biz yeni bir dövrə qədəm qoyuruq. Prezident artıq neçə illərdir ki, həmin simasız quldurlara qarşı mübarizə aparır. Görünən odur ki, ona dəstək azdır. Çünki bütün idarəçilik sistemi onların əlində cəmlənib.

Sistem dedim, bir məsələ də yadıma düşdü. Prezident İ. Əliyev xalqı bu rüşvətxor quldurların əlindən qurtarmaq üçün əsas xidmət sahələrini "Asan Xidmət" adlanan yeni qurumda cəmləşdirdi. Görünür, bu quldurların oraya da əli çatır. Son vaxtlar çox geniş yayılan "sistem işləmir" ifadəsi, artıq dillər əzbəri olub. "Asan xidmət"ə gedirsən, deyir:"sistem işləmir", rabitə şöbəsinə gedirsən, deyir:"sistem işləmir". Bu, həm də bankların əsas bəhanəsinə çevrilib. Yüzlərlə insan onlayn növbəyə yazılır, evdə gözləməyə səbr çatmır, banka gəlir, orada isə ona deyirlər: " bizlik deyil, sistem işləmir". 

Bir maraqlı faktı da diqqətinizə çatdırım. Keçən həftənin cümə günü, yəni yanvarın 8-də Masazır qəsəbəsində (ümumiyyətlə, bu qəsəbədə baş verən özbaşınalıqların dünyada analoqu yoxdur, sadəcə olaraq onlar barəsində yazmaqdan yorulmuşam) yerləşən poçt şöbəsinə getdim ki, kommunal xərcləri və internetdən istifadə haqqımı ödəyim. Şöbənin qarşısında insanlar növbə gözləyirdilər. Bir nəfər dedi ki, kimin vaxtı azdır, gözləməsin, sistem işləmir və bu, 1 saat çəkəcək. Burada bir maraqlı məqam diqqətimi çəkdi, necə olur ki, rabitə işçiləri və digər qurumlarda işləyənlər sistemin 1,2,3 saat işləməyəcəyini dəqiq bilirlər? Bu da istər-istəməz, müəyyən şübhələr yaradır.  

Bu məsələyə ona görə toxunuram ki, indiki həssas (koronavirusla bağlı) zamanda bütün qurumlar, ələlxüsus da xidlmət sahələri elə işləməlidirlər ki, mümkün qədər oraya insanlar toplaşmasınlar. Görünənlər isə onu deməyə əsas verir ki, bu qurumlar, əksinə, müxtəlif bəhanələrlə orada kütlənin toplaşmasında maraqlıdırlar.

Mən bir çoxlarından fərqli olaraq gözləməyə qərar verdim. Çünki internet pulunu ödəməsəm, evdə tələbə və şagird olan nəvələrim dərslərdən kənarda qalacaqdılar.

Bu zaman bir nəfər kənd sakini də şöbəyə yaxınlaşdı. Ona da eyni sözləri dedilər:"sistem işləmir". Ziyalı görkəmli bu ağsaqqal cavabında dedi: "Bu ölkədə, yalnız bir sistem mükəmməl işləyir- rüşvət. Ondan kənar bütün sistemlər insanların əsəblərini korlamağa xidmət edir və buna görə də heç kim məsuliyyət daşımır". Bunları dedi və çıxıb getdi.

Həqiqətən də çox maraqlıdır ki, hazırda koronavirus pandemiyası ilə əlaqədar bir çox xidmətlərin onlayn həyata keçirilməsi qərarlaşdırılıb, ən əsası da təhsil sistemində. Əgər ölkədə normal internet sistemi mövcud deyilsə, həmin sistem şagirdin, tələbənin, müəllimin  iradəsindən asılı olmayaraq donursa, buna görə məsuliyyəti kim daşımalıdır?

Mənə belə gəlir ki, internet sistemində yaranan boşluqlar, daha doğrusu "sistem işləmir" kimi bəhanələr də bilavasitə məmurların rüşvətxor, talançı xislətindən və öz işinə məsuliyyətsiz yanaşmasından irəli gəlir.

Vətəndaşın cibinə girən məmur, dövlətin də cibinə girmək üçün müxtəlif yollar və vasitələr axtarıb tapır. Bu yollardan biri də, avadanlıqların vaxtlı-vaxtında yenilənməməsidir ki, bu da sistemin işləməməsinə səbəb olur. Məsələn, internet sisteminin normal fəaliyyəti üçün dəyəri milyonlarla ölçülən avadanlıqların, deyək ki  2-3 ildən bir yenilənməsi şərtdir. Lakin bəzi məmurlar bu vəsaitləri mənimsəmək üçün kağız üzərində iş görsələr də, realda heç bir iş görmürlər və bu proses illərlə davam edir. Beləliklə də, məmur varlandıqca, avadanlıqlar daha tez-tez sıradan çıxır. Bütün bunlardan isə daha çox vətəndaşlar əziyyət çəkir. "Simasız quldurların" isə bundan heç tükləri də tərpənmir. Axı, Azərbaycan xalqı dözümlü xalqdır!

 Yusif Seyid