Moskva görüşünə Türkiyədən baxış: Ankara masadadır

10:25 14-01-2021 189

Erdem Eren: “Türkiyənin masada görünməməsi, əldə edilən qərarlara təsir etməyəcəyi anlamına gəlmir”

 

İsmayıl Tekpınar: “Kimsə Türkiyənin harada olduğunu bilmək istəyirsə, hər yerdə qarşılarına çıxa biləcəyini unutmasın”

 

Yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Moskvada üçtərəfli görüş keçirildi. 4 saat davam edən görüşün nəticəsi olaraq, 4 bənddən ibarət bəyanat imzalandı və sonra liderlər mətbuata bəyanatla çıxış ediblər.

 

Rusiya Prezidenti Vladimir Putin çıxışında 48 mindən çox köçkün və qaçqının artıq Dağlıq Qarabağa qayıtdığını, infrastruktur, energetika, yaşayış binaları, sosial infrastrukturun bərpası üçün davamlı iş aparıldığını bildirib.  Həmçinin, rusiyalı lider görüşü son dərəcə vacib və faydalı hesab etdiyini, razılaşmaların icrasının həm Ermənistan, həm də Azərbaycan xalqlarına fayda verəcəyini, o cümlədən Rusiya Federasiyasının mənaefeyinə uyğun olacağını vurğulayıb.

 

Azərbaycan Prezidenti İlham Əliyev isə Bəyanatın bəndlərinin çox hissəsinin yerinə yetirildiyini bildirib: “Rusiya sülhməramlı missiyası öz işini səmərəli şəkildə yerinə yetirir və iki ay ərzində kiçik insidentlər istisna olmaqla narahatlıq üçün ciddi əsas olmayıb. Bütün bunlar belə əminlik yaradır ki, Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik”.

 

Ermənistanın Baş naziri Nikol Paşinyan isə münaqişənin hələki nizamlanmadığını qeyd edib: “Münaqişə qalır. Əlbəttə, biz atəşkəs rejimini təmin etməyə nail olmuşuq, lakin hələ həll edilməli olan çox məsələ qalır. Bu məsələlərdən biri Dağlıq Qarabağın statusu məsələsidir. Əlbəttə, Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində, o cümlədən bu məsələyə dair danışıqları davam etdirməyə hazırdır. Təəssüf ki, bu günə qədər biz hərbi əsirlər məsələsini həll edə bilməmişik və bu, ən həssas və ağrılı məsələdir. Ona görə ki, bu, humanitar məsələdir. Biz bu istiqamətdə işi davam etdirmək barədə razılığa gəlmişik. Lakin hesab edirik ki, konkret olaraq bizim birgə Bəyanatın 8-ci bəndi, təəssüf ki, tam yerinə yetirilmir. Ümidvaram ki, biz qısa müddətdə konkret qərara gələ biləcəyik”.

 

Görüşlə bağlı diqqət çəkən maraqlı bir məqam isə görüşün 2+2 deyil, 2+1 formatında, yəni, Türkiyənin iştirakı olmadan keçirilməsi olub. Bu da Türkiyə ictimai-siyasi mühitində müəyyən suallara səbəb olub.

 

Görüşün formatı və gözləntilərlə bağlı türkiyəli ekspertlərə müraciət etmişik:

 

Türkiyəli politoloq, Türkiyə “Bəyaz Hərəkat” Dərnəyinin sədr müavini Erdem Erenin sözlərinə görə, SSRİ dağılandan sonra Qafqaz və Orta Asiyanın türkdilli ölkələrinin, həm Türkiyə, həm də dünya ilə inteqrasiya edəcəyi ən aktual məsələ idi: “Lakin SSRİ-dən sonra, ələlxüsus da Vladimir Putinin hakimiyyəti dövründə həm daxili, həm də xarici əlaqələrdə güclü olan Rusiya meydana gəldi. Bunun fərqində olan region dövlətləri də həm dünya ilə əlaqələr qurmağa başladı, həm də Rusiyaya qarşı balansı qorumağa çalışdılar. Məsələyə real yananşanda da görünən odur ki, Qafqazda Rusiyanın birbaşa iştirakı olmadan sabitlik yaratmaq mümkün deyil”.

 

“Moskvada keçirilən görüşə gəlincə, görüşdə yalnız üç ölkənin- Rusiya, Azərbaycan və Ermənistanın iştirak etməsi təəccüblü deyil. Amma unutmaq olmaz ki, bu günün Türkiyəsi də nə SSRİ-dən əvvəl, nə də SSRİ-dən sonrakı Türkiyədir. Çünki keçmişin Türkiyəsinin müstəqil siyasət həyata keçirmək baxımından problemləri var idi. Keçmişin Türkiyəsi SSRİ ilə qarşıdurma yaşamaqdan ehtiyyat edən, onunla üz-üzə gəlmək üçün böyük ölçüdə gücü olmayan və Qafqaz və Orta Asiya dövlətlərinin təhlükəsizlik qayğılarını öhdəsinə götürə bilməyən bir dövlət idi. Lakin bu günün Türkiyəsi həm dövlətin, həm də Azərbaycanın mənafeyi üçün Rusiya ilə hər cür müzakirə aparmaq iqtidarında olan bir dövlətdir”, - politoloq vurğulayıb.

 

Onun sözlərinə görə, Rəcəb Tayyip Ərdoğanla Vladimir Putin 2015-ci ildə baş verən təyyarə böhranından sonra daha güclü və daha dürüst bir münasibət ərsəyə gətiriblər: “Necə ki, bu münasibət iki dövlət arasındakı bir çox problemin həllində mühüm rol oynayıb. Həllini tapan problemlərdən biri də Azərbaycanın Ermənistan tərəfindən işğal edilən torpaqlarını azad etməsidir. Çünki Türkiyənin Rusiya ilə diplomatik, Azərbaycanla isə hərbi əlaqələri məhz bu prosesdə böyük əhəmiyyət kəsb edib. 10 noyabrda əldə edilən atəşkəs və dünənki görüş də göstərdi ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən bir də mənimsənilmə ehtimalı yoxdur.”

 

“Bununla yanaşı, İlham Əliyevlə Putinin çıxışlarında qeyd olunan Rusiya, Azərbaycan, Naxçıvan və Türkiyənin Ermənistan üzərindən quru və dəmiryolu ilə bir-birinə bağlanması, bütün ölkələr üçün uğur gətirəcək bir layihədir. Putinin qarşısında bu məsələni qaldırmaq 1991-ci ildən bu günə qədər Türkiyə ilə Azərbaycan münasibətlərinin yüksək dərəcədə inkişaf etdiyini göstərir. Türkiyənin masada görünməməsi, əldə edilən qərarlara təsir etməyəcəyi anlamına gəlmir. Türkiyə bu gün sadəcə regional məsələlərdə deyil, beyəxlaq məsələlərdə də mənafeyi uğrunda mübarizə apara bilir. Ona görə də Moskva görüşü də daxil olmaqla, nə vaxt Türkiyə və Azərbaycan əleyhinə addımlar atılsa, iki qardaş dövlət dərhal alternativ addım atacaq”, - Eren fikrini yekunlaşdırıb.

Türkiyəli politoloq İsmayıl Tekpınar isə bildirib ki, müharibə başalayanda Ermənistana verilən Rusiya istehsalı olan silahlar yararsız olduğu üçün Paşinyan Putini ittiham eləmişdi: “İndi isə belə bir görüşün keçirilməsi, yeni bir mərhələdən xəbər verir və bu görüş yeni mərhələ üçün görüşdən əvvəl təşkil olunan görüşə bənzəyir. Çünki əks təqdirdə, Türkiyəsiz, xüsusən də, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğansız belə bir görüş keçirilə bilməzdi. Çünkü proseslərin dəyişməsində rol oyanayan və Azərbaycana birmənalı dəstək verən yeganə ölkə məhz Türkiyə olmuşdu. Lakin Türkiyə hər nə qədər bu görüşün obyektivində olmasa da, proseslərin içində və Azərbaycanın yanındadır. Çünki Rəcəb Tayyib Ərdoğan Azərbaycanı heç vaxt tək qoymaz.”

 

“Rusiya Türkiyəni görməzdən gəlmək üçün axmaq olmalıdır. Çünki Türkiyə hər yerdə - istər meydanda, istərsə də masada öz sözünü deyə biləcək gücdədir və Rusiya da bunu yaxşı bilir. Bunun sübutu da Türkiyənin Rusiya və Ermənistanın bütün mənfur oyunlarını alt-üst etməsidir. Çünki harada ədalətsizlik, günahsız və məzlum insan varsa, Türkiyə oradadır və ehtiyacı olan hər kəsə kömək əlini uzadıb, qapısını açıb. Ona görə də, kimsə Türkiyənin harada olduğunu bilmək istəyirsə, hər yerdə qarşılarına çıxa biləcəyini unutmasın”, - deyə müsahibimiz vurğulayıb.(ayna.az)