Azərbaycan və Macarıstan arasında ticarət dövriyyəsi ötən il də artıb

18:52 14-01-2021 153

“Azərbaycan və Macarıstan arasında iqtisadi əlaqələr ötən il də uğurla davam edərək genişlənib. Son bir ildə ticarət dövriyyəsinə dair göstəricilərin artımı da bunu deməyə əsas verir. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə, 2020-ci ilin yanvar-noyabr aylarında Macarıstan ilə ticarət dövriyyəsi 10,85 faiz, o cümlədən idxal 9,97 faiz, ixrac isə 56,59 faiz artıb”.

Bu fikir Azərbaycanla Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyyartonun videoformatda görüşündə vurğulanıb.

S.Babayev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun beynəlxalq səviyyədə tanınan ərazilərimizin işğaldan azad edilməsi uğrunda haqq savaşında əldə etdiyi tarixi zəfərdən bəhs edib. Erməni faşizminin işğal etdiyi ərazilərdə qarət, vandalizm, ekoloji terror törətdiyini, həmin ərazilərdə yaşayış infrastrukturunu, tarixi-mədəni abidələri dağıtdığını, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə böyük quruculuq işlərinə başladığını diqqətə çatdırıb.

Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin ölkəmizdə bütün sahələrdə dinamik inkişafı təmin etdiyini bildirən S.Babayev dünyada etibarlı tərəfdaş kimi qəbul olunan Azərbaycanın xarici ölkələrlə, o cümlədən Macarıstanla qarşılıqlı maraqlar əsasında uğurlu əməkdaşlıq əlaqələrini daim genişləndirdiyini qeyd edib. O, ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin müsbət nəticələrini vurğulayıb. Ticarət, nəqliyyat, kənd təsərrüfatı, xidmət sahələri üzrə Macarıstan şirkətlərinin ölkəmizdə uğurlu fəaliyyətindən bəhs edib. 

P.Siyyarto ölkəsinin Azərbaycanla dost münasibətlərini qeyd edib, əlaqələrin daim inkişafda olmasının, iqtisadi əməkdaşlığın genişlənməkdə davam etməsinin məmnunluq doğurduğunu bildirib. O, ölkəsi tərəfindən Azərbaycanın ərazi bütövlüyünün daim dəstəkləndiyini vurğulayıb.

Görüşdə Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlığı sahəsində əldə olunan nəticələr qeyd edilib, ikitərəfli Komissiyanın fəaliyyəti, qarşısında duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.