Sumqayıtda 61 saylı uşaq bağçası qəzalı vəziyyətdədir: “Uşaqlarımız burada az qala, astma tutsun”

19:37 14-01-2021 279

“Sumqayıtda məcburi köçkünlərin yaşadığı 61 saylı uşaq bağçası qəzalı vəziyyətdədir. 11-ci mikrorayon ərazisində yerləşən iki mərtəbəli binanın dam örtüyü sıradan çıxdığından yağış suları birbaşa birinci mərtəbəyə tökülür. Uzun müddət davam edən nəmişlik binada yaşayan ailələrin sağlamlığı üçün ciddi təhlükəyə çevrilib”. Bu iddia ilə “Qafqazinfo”ya Ağdam rayonundan olan məcburi köçkün Könül Abdullayeva müraciət edib. 

Onun sözlərinə görə, 21 məcburi köçkün ailəsinin məskunlaşdığı bağçada yaşamaq dözülməz həddə çatıb.

“20 ildən artıqdır ki, burada yaşayırıq. Bina təxminən 6-7 ildir bu vəziyyətdədir, mənzillərin divarı kif bağlayıb. Yağış evimizin içərisinə yağır, çox pis şəraitdə yaşayırıq. Hamımızın evində xəstələr, uşaqlar var. Xüsusən ikinci mərtəbə tamamilə sıradan çıxıb. Bir otağın 10 yerindən su damsa, necə olar? İkinci mərtəbədən birinci mərtəbəyə yağış yağır. Hələ zirzəmidən gələn üfunət iyini demirəm. O qədər çıxılmaz vəziyyətdəyik ki, bilmirik kimə müraciət edək. Uşaqlarımız az qala, astma xəstəliyi tutsunlar. Burada yaşayanların əksəriyyətinin revmatizm xəstəliyi var. Elə mənim uşaqlarımın da revmatizm xəstəsidir”.

Şikayətçi bildirir ki, dəfələrlə Sumqayıt Şəhər İcra Hakimiyyətinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, ərazi üzrə Mənzil İstismar Sahəsinə şikayətə getsələr də, heç bir tədbir görülməyib. 

Problemlə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən “Qafqazinfo”ya bildirdilər ki, artıq aidiyyəti qurumlara şikayətin aradan qaldırılması üçün məlumat verilib:

“Sumqayıt şəhərində 56 bağça fəaliyyət göstərir ki, onlardan da 46-sının bir hissəsində məcburi köçkünlər məskunlaşıblar. Sözügedən 61 saylı bağçada məcburi köçkünlər məskunlaşdığı üçün 27 ildir ki, fəaliyyət göstərmir. Şəhərimizdə qaçqın və məcburi köçkünlərin qayğıları dövlət siyasətinə uyğun olaraq daim diqqətdə saxlanılır. Mövcud problemlə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət ünvanlanmayıb. Lakin, sizin verdiyiniz məlumat əsasında artıq aidiyyəti qurumlara problemin araşdırılması üçün məlumat verilib”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə bildirilib ki, hazırda bağçadakı vəziyyət araşdırılır və müvafiq addımlar atılacaq:

“61 saylı uşaq bağçasında 30 məcburi köçkün ailəsi, təxminən 110 nəfər müvəqqəti məskunlaşıb. Dövlət Komitəsinin aidiyyəti şöbəsinin əməkdaşları və komitənin şəhər nümayəndəliyi tərəfindən bağçada məskunlaşmış ailələrlə görüş keçirilib. Məskunlaşma obyektinin vəziyyəti araşdırılır, müvafiq addımlar atılacaq”.