Sakinlər “Sipark” şirkətinə üsyan edir: -mənzillər verilmir, kirayə pulları yubadılır

14:01 10-02-2021 306
“Sipark” tikinti şirkəti üç ildən artıqdır ki, Bakının Təbriz küçəsində pilot layihəsini başa vurmur.
 Evləri sökülən və kirayəyə köçürülən 150 ailə indiyə qədər yeni binanın tikintisini gözləyirlər. Şirkət isə hər dəfə bir səbəb göstərərək mənzillərin təhvil verilməsini gecikdirir.
Son dövrlərdə isə “Sipark” sakinlərə kirayə pullarının verilməsini yubadır, insanları get-gələ salır, incidir, narazılıq yaradır.
Bu da ciddi etiraz doğurub və payçılar şirkətin ofisinə toplaşıblar. Onlar etiraz aksiyası keçirərək haqlarını tələb ediblər.
“Sipark”ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəsmisi İradə Məmmədova bildirib ki, insanlar etiraz aksiyası keçirib, onların narazılığı haqlı şikayətdir.
“Qrunt suları çıxmışdı, tikinti yubandı. Amma o demək deyil ki, binanı təhvil verməyəcəyik. Qorxmağa, çəkinməyə əsas yoxdur. Rəhbərliklə iclasımız olub. Bu ilin sonuna təmirə təhvil veriləcək.
Bütün ailələr kirayə pulu ilə təmin edilir. Beş-on gün gecikmə ola bilər, amma hamı kirayə pulunu alır.
Başa düşürük ki, kirayədə qalırsınız, əziyyət çəkirsiniz. Amma mənzillərin təhvil verilməsində gecikmənin müəyyən səbəbləri var, o da ilin sonuna yekunlaşacaq”.
Sakinlər isə deyirlər ki, kirayə pulunu verəndə adamı təhqir edirlər, kirayə haqqını gecikdirirlər, hətta 10-12 gün çəkir: “Kənan müəllim deyir ki, kimə istəyirsən, şikayət elə.
Get-gələ salırlar, hər gün gözlədirlər, 1 saat gözlə, səbrli ol, beləcə axşam olur, get, sabah gəl. Beləcə adam hövsələdən çıxır. Ümumiyyətlə, binanın tikintisi zamanı avtomobillərin saxlanması nəzərə alınmayıb, indidən ərazidə tıxacdır. Əvvəlki layihə deyil, tamam başqadır”.(reportyor.info)