"Bakubus" avtobuslarında gecikmələrin səbəbi nədir?

20:09 10-02-2021 261

Dispetçerlərin fikirləri ilə BNA-nın rəsmi mövqeyi üst-üstə düşmür...

 Bakı şəhərinin ictimai nəqliyyat problemi son otuz il ərzində həmişə aktual olub. Paytaxt sakinləri şəhərin bir nöqtəsindən başqa bir məntəqəsinə getmək üçün əksər hallarda çətinlik çəkiblər. Bu halda şəhər əhalisinin dadına çatan metro olub - metro intensiv işlədiyindən sakinlər öz hərəkət marşurutlarını metro stansiyaları ilə uzlaşdırmağa çalışırlar ki, mənzil başına daha tez və daha rahat çata bilsinlər. Lakin artıq bir neçə aydır ki, metro da pandemiya ilə mübarizə tədbirlərinin tərkib hissəsi olaraq bağlanıb. Odur ki, pik saatlarında şəhərin avtobus dayanacaqlarında və sərnişin avtobuslarında ciddi sıxlıq yaşanır. Küçələrdə yaranan tıxaclar isə məsələni bir qədər də qəlizləşdirir. Hazırda paytaxt küçələrində sərnişindaşıma xidmətinin aşağı səviyyədə olması da əhalidə ciddi narazılıq yaradır.

2014-cü ilin aprel ayında hökumət Bakı şəhərində nümunəvi sərnişindaşıma xidməti formalaşdırmaq məqsədi ilə dövlət mülkiyyəti əsasında "BakuBus" MMS yaratdı və bu şirkətə xaricdən komfortlu avtobuslar alındı.

İkin mərhələdə fəaliyyətinin təşkili və Cəmiyyət tərəfindən sərnişin daşınması üzrə avtobusların alınması məqsədilə Azərbaycan Respublikasının 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulan Ehtiyat Fondundan 30 milyon manat məbləğində vəsait ayrılıb. Hazırda şirkətin Bakının Suraxanı rayonu, Zığ şossesində yerləşən avtoparkında 303 ədəd iritutumlu "Iveco Urbanway" və "Iveco Crealis" modelli avtobuslar var. 2018-ci ilin məlumatına görə, Bakıda yalnız "Bakubus"a məxsus avtobuslar sıxılmış maye qaz yanacağı ilə işləyir. Bununla belə, 2015-ci ildən etibarən şirkət hər il zərərlə işləyib, hər il şirkətə ortalama 20 milyon manat dotasiya verilib.

Şirkət dotasiya ilə işləməsinə rəğmən son bir neçə aya qədər paytaxtda nümunəvi xidmət göstərib. Lakin son zamanlar "Bakubus"a məxsus avtobuslar da ciddi qüsurlarla xidmət göstərir. Belə ki, şirkət ilk fəaliyyətə başladığı zaman avtobuslarda bütün dayanacaqlar elan edilir, maarifləndirici mətinlər səsləndirilirdisə, artıq bu sistemlər sıradan çıxıb. Bununla yanaşı, bir də görürsən ki, marşrutun sonuncu dayanacağında bir neçə avtobus olsa da, onlardan heç biri xəttə buraxılmır. Belə bir hadisə ilə yanvar ayının 8-də Dəmir Yol vağzalının ətrafında "28 may-Lökbatan" marşrutu ilə hərəkət edən 125 saylı avtobusda üzləşdik. Saat 14.00 radələrində sonuncu dayanacaqda 3 avtobus var idi, amma heç biri xəttə buraxılmırdı. Bununla bağlı «dispetçerə» sual ünvanladıqda, o, bildirdi ki, günün birinci yarısında işləyən sürücülərin iş vaxtı bitib, günün ikinci yarısında işləməli olan sürücülər isə hələ gəlib çıxmayıb, bu səbəbdən də xəttə avtobus buraxa bilmirik. Yarım saatdan sonra bir sürücü gəlib çıxdı və avtobus xəttə buraxıldı. Hələ bu da son deyil, 21 yanvar tarixində, yenə saat 14.00 radələrində Mərkəzi Nəbatat Bağından "Dərnəgül" metro stansiyası marşrutu ilə hərəkət edən 3 saylı avtobus bir saat xəttə buraxılmadı. Bu dəfə «dispetçer» gecikmənin səbəbini avtobusun yanacağının olmaması ilə izah etdi: "Şirkətin yanacaqdoldurma məntəqəsi Zığdadı, avtobuslar ora gedib qayıdana qədər vaxt itirir, ona görə də günorta və axşam saatlarında belə gecikmələr olur. Əslində, şirkət şəhərdə də yanacaqdoldurma məntəqəsi açıb, amma məntəqə yaşayış binalarının arasında olduğundan Fövqaladə Hallar Nazirliyi məntəqəyə texniki şərt verməkdən imtina edib. Ona görə də belə gecikmələr yaranır". Biz bilirik ki, şirkətin avtobusları əvvəllər də Zığ qəsəbəsində yanacaq doldururdu, amma belə fasilələr olmurdu. «Dispeteçer bunun səbəbini onunla izah etdi ki, karantin rejimi ilə əlaqədar şəhərdə sərnişin axını azalıb, şirkət də maşınların rentabelliliyə yaxın işləməsi üçün həmin azalmaya uyğun olaraq xəttəki maşınların sayını azaldıb: "Xəttdə maşın çox olanda onlar heç bir gecikmə müşahidə edilmədən, qrafikə əsasən yanacaq doldurmaq üçün xəttə çıxı bilirdilər, amma indi xəttdə maşın az olduğundan pik vaxtlarda yanacaq doldurmaq üçün səfər edən maşının növbəsi boş qalır".

Məsələyə münasibət bildirmək üçün Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxladıq. BNA sözçüsü bildirdi ki, "Bakubus"a məxsus avtobuslar yanacaq doldurmaq üçün xüsusi qrafik əsasında səfər edir və bu səfərlər avtobusların gecikməsinə təsir edə bilməz: "O ki, qaldı sürücülərin növbə dəyişməsinə, qaydalara əsasən sürücü növbəsinin başlanmasına yarım saat qalmış qrafik üzrə ona təyin edilmiş məntəqədə olmalıdır. Sizin göstərdiyiniz və buna bənzər digər faktlar varsa, onlar araşdırılaraq tədbir görüləcək. Hazırda "Bakubus"a məxsus avtobusların gecikməsinə gəldikdə isə bunun yeganə səbəbi paytaxt küçələrində yaranan tıxaclardır".

Əməkdaşlarımızın müşahidə etdiyi, yuxarıda göstərilən oxşar faktlar da göstərir ki, "Bakubus"a məxsus avtobusların gecikmələrinin səbəbi yalnız tıxaclar deyil, həm də marşrut xəttlərinə çıxarılan maşınların sayının azaldılması və son zamanlar sürücülər arasında nizam-intizamın səviyyəsinin aşağı düşməsidır. Bu isə sürücülərə qaneedici əmək haqqının verilməməsindən qaynaqlana bilər. 

Akif Nəsirli