Azyaşlıların erkən nikaha cəlb edilməsi...

20:12 10-02-2021 234

“Xan dostu, amandı, qoyma, gəldi”...

 Son günlərdə cəmiyyətin diqqəti 11 yaşlı qızın nişanlanması məsələsinə yönəldi. Bu məsələ hazırda baş verənlərin, təkcə ölkəmizdə deyil, bütün dünyada yaşananların  fonunda sıradan bir hadisə sayıla bilər. Fəqət bəziləri üçün sıradan bir məsələ sayılsa da, gələcək motivi sarıdan, bütövlükdə problem səviyyəsinədək qaldırıla bilər. Çünki söhbət bir nəfərin timsalında çoxlarının diqqət etmədiyi, ötüb keçdiyi böyük bir problem barədədir. Problemin adı da azyaşlıların, nikah yaşına çatmayanların, daha doğrusu, böyümədiyi halda, böyüklərin təhrikiylə mahiyyətini tam dərk etmədiyi ailə həyatına cəlb edilmələridir. Təəssüf ki, bu problem bizdə son dönəmlər bir qədər kölgədə qalsa da, hələ də mövcud olmaqdadır.

11 yaşlı azyaşlıyla bağlı hadisənin Azərbaycanda deyil, Gürcüstanda baş verdiyi, bunun özünün də adi qarşılandığı deyilənlər sırasındadır. Yəni bu söhbəti şişirtməyin elə də mənası yoxmuş, az yaşda nişanlanmaq, ailə qurmaq o tərəflərdə adi qarşılanan, vərdiş olunan bir məsələymiş. Yaxud, təkcə ailəsi deyil, qohumları, ətrafı tərəfindən də təqdir olunan, adi qarşılanan, necə deyərlər, boş verilən bu məsələni ciddiləşdirməyə elə də hacət yoxuymuş sanki. Hər halda,  11 yaşlının nişanlanması xəbərindən dərhal sonra verilən açıqlamalardan belə anlaşıldı. Yəni özünüzü niyə yorursunuz, belə az yaşda ona görə nişanlanma-filan olur ki, müəyyən yaşadək həmin azyaşlıya kənar adam elçi düşməsin. Bu “müəyyən yaş” da qız üçün olur 17-18, oğlan üçün də 22-23 yaş. Maraqlıdır, müasir zəmanədə, qızların və oğlanların ailə qurmaq barədə təsəvvürlərinin tam dəyişdiyi, istənilən cinsdən olanların öz ayaqlarının üzərində möhkəm dayanmadan ailə qurmağı düşünmədiyi və s. səbəblərin qeyd edildiyi bir dövrdə azyaşlı iki nəfəri nikaha cəlb etmək nə deməkdir.

Bunun ailə quran tərəflərə hansı xeyiri, yaxud, zərəri verəcəyindən, ya da ki, heç bir mənfi-müsbəti yaşatmayacağından bəhs etmək, bu barədə geniş danışmaq, mübahisə açmaq da önəmli deyil. Çünki ən azından, tərəflər artıq bu addımı atıb, qınanılan obyektləri müdafiə açıqlamaları da verilib. Doğrudur, işin rəsmi cəhətdən araşdırılacağı barədə də məlumat yayılıb. Bütün bunlarla bərabər, problemin qapanmadığı, azyaşlılarla bağlı belə halların çox olduğu da hələ də yaşanan, var olan problemlərin sırasındadır ki, həllini tapacağı ümidiylə gözləməkdədir...

Bəli, problemin mövcudluğu təkcə son günlər tirajlanan bu xəbərdən sonra ortaya çıxmadı. İllərlə var olan, həllini tapmayan  məsələnin hələ də cəmiyyətin mənfi gələcəyinə hesablandığı bir daha nəzərə çarpdı. Lakin Gürcüstanda baş verən, fəqət bütün cəmiyyətin problem kimi yaşadığı azyaşlıların nikaha təhrik edilməsi məsələsinin nə vaxt problem səviyyəsindən endiriləcəyini kimsə dəqiq demir. Deyə də bilməz, ona görə ki,  bu problemin zərərini görənlər hələ də o barədə geniş, açıq-aşkar danışmır, müzakirələr aparılmır, bir ailənin timsalında cəmiyyətin uçuruma sürükləndiyindən bəhs edilmir.

Doğrudur, ara-sıra efirdən bu barədə haqq səsini deyənlər tapılır, lakin yerindəcə və anındaca şou predmetinin ortaya atılmasıyla, bu məsələ də problem səviyyəsindən endirilir. Bir sıra telekanallarda sosial yönümlü olan və şouya çevrilən verilişləri deyirik. Ordan səsini xalqa çatdırmaq istəyənlərin olduğu bəlli olsa da, sözügedən problemin nədən yarandığını deməyə, söyləməyə imkan verilmir. Hadisənin səbəbi deyil, gedişatı, nəticəsi daha çox qabardılır. Hər halda, səbəblərdən danışmaq daha vacibdir ki,  bu problemin miqyası da getdikcə azalsın və sonunda nəhayət ki, yox olsun. Lakin bu təcrübə, qeyd etdiyim kimi, yoxdur və nə vaxtsa mümkün ardıcıllıqla olması da “bir xəyal məhsuludur”...

Qayıdaq azyaşlıların erkən nikahdan nə əxz etdiklərinə və s. və ilaxır... Böyük ehtimalla, azyaşlılar üçün ailə qurmaq toy-büsatdan, tar-qavaldan, rəngarəng hədiyyələrdən başqa bir şey deyil. Bu yaşda nikaha girməyin sonrakı fəsadlarından anlayışları olsaydı, onlar çətin ki, bu yola qədəm qoyardılar. Hər halda, az, yəni 15-16 yaşında ailə quran qızlara nəzərən bunu deyirik. Peşə fəaliyyəti zamanı, bəzən də ailə institutlarının necə işləməsi barədə araşdırmalar apararkən, belə insanlarla az-çox, ünsiyyətdə olmuş, onların dərd-sərini, problemini dinləmiş, səsini başqalarına çatdırmaqda, ən azından ictimailəşdirməkdə yardımçı olmuşuq. Diqqət etdinizsə,  onların dərd-sərini, problemini dedik, çünki, adətən, azyaşlıların nikaha cəlb edilməsində dəfələrlə qeyd etdiyimiz kimi,  mənfiliklər daha çox baş verir və bu üzdən, söhbətlərdə, dinlədiklərimizdə, eşitdiklərimizdə də mənfi çalarlar müsbətdən daha çox olur...

Ailənin nə demək olduğundan tamamilə anlayışsız, xəbərsiz olanların onu qurmağa, qorumağa deyil, əksinə doğru getdiyini hamı bilir. Lakin bu məsələdə birbaşa iştirakçı olanlar, daha dəqiqi, qızlarını, oğlanlarını az yaşda evləndirənlər sözügedən problemi görməzdən gəlir, “heç nə olmaz, baba-nənələrimiz də elə belə yaşda ailə qurub, hamıdan da yaxşı olublar” deməklə, qınaq obyektinə çevrilməkdən qaçırlar. Onlar daha fikirləşmir ki, nə zəmanə, insanlar, cəmiyyət, ekologiya, sağlamlıq imkanları, nə də məsələyə yanaşma, münasibət və s. öncələrdə olduğu kimi deyil. Bugünün gəncliyinin, özünü ailə qurmağa hazır hesab edənlərin qarşısına belə, müxtəlif, ağlagəlməyən, hesaba alınmamış çətinliklər çıxır. Müasir dövrə uyğun, o çətinliklərdən çıxanlar, ailənin özülünü laxlamağa qoymayanlar da, onun zərbəsindən ilk andaca büdrəyənlər, sonunda ailəni dağıdanlar da olur. Bu barədə təfərrüata varmırıq, lakin son illərin statistikasına baxanda, bunu əyani şəkildə görmək mümkündür. Nəzərə alsaq ki, belə bəd statistikalar da bütövlükdə şəffaflığı, həqiqəti əks etdirmir. Ən azından, statistikaya düşməyənlər, rəqəmlərə “çevrilməyənlər” də mövcuddur.

Statistika isə deyir ki,  2019-cu ildə Azərbaycanda 58 min 317 nikah bağlanıb. Bu isə 2018-ci illə müqayisədə çoxdur. Belə ki, 2018-ci ilə ölkə üzrə 56 min 888 nikah qeydə alınıb. Lakin 2019-cu ildə Azərbaycanda boşanmaların sayında da artım olub. Həmin il ölkədə 15 min 635 boşanma qeydə alınıb. Bu isə 2018-ci illə müqayisədə çoxdur. 2018-ci ildə  Azərbaycanda 13 min 655 boşanma olub. 2020-ci ilin 11 ayında Azərbaycanda qeydə alınan nikah və boşanma hallarının sayına diqqət etsək, Dövlət Statistika Komitəsinin məlumatına görə, Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən ötən ilin yanvar-noyabr aylarında 32 437 nikah və 13 439 boşanma halları qeydə alınıb. Əhalinin hər 1 000 nəfərinə nikahların sayı 3,5, boşanmaların sayı isə 1,5 olub.

...Hər halda, sözügedən problemin arasında azyaşlıların nikaha cəlb edilməsinin fəsadları da var ki, bu barədə, onun aradan qaldırılması istiqamətində hamı əlindən gələni etməlidir. Bu məqamda, aşağıda qeyd edilən məlumatı da diqqətə çatdırmağı məqsədəuyğun gördük.

Bəlli olduğu kimi, “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” təsdiq edilib.

“Gənclər siyasəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə” 2019-cu il 5 mart tarixli Qanunun tətbiqi və “Gənclər siyasəti haqqında” qanunun tətbiq edilməsi barədə” dövlət başçısının 2002-ci il 6 may tarixli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli prezident  fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli qərarıyla sözügedən maarifləndirmə Qaydası təsdiq edilib. Həmin sənədin layihəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aidiyyatı dövlət orqanları ilə razılaşdırmaqla hazırlanıb. Və “Gənclər siyasəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə” 2019-cu il 5 mart tarixli qanuna əsasən, “Gənclər siyasəti haqqında” qanuna 9.3-cü maddə əlavə edilib.

Həmin maddəyə əsasən, gənclər arasında, ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır.

Qaydada gənclər arasında erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmənin aparılma prinsipləri, vasitələri, istiqamətləri, maarifləndirməni həyata keçirən dövlət qurumlarının dairəsi və onların funksiyaları  müəyyən edilib.

İlk dəfə olaraq məhz bu sənəddə “erkən nikah”, “qohumlar arasında nikah” və “erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri ” anlayışlarının izahı verilib. Belə ki, Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən, Azərbaycanda nikah yaşı 18 yaş müəyyən edilib. Üzrlü səbəblər olduqda nikah yaşı 1 ildən çox olmayaraq azaldıla bilər. Qaydada erkən nikah - 18 yaşadək şəxslə bağlanmış nikah hesab edilir. Qohumlar arasında nikah dedikdə isə baba və (və ya) nənəsi ümumi olan şəxslər arasında bağlanmış nikah nəzərdə tutulur.

Eləcə də qeyd edilir ki, erkən nikah və qohumlar arasında nikah halları Azərbaycanda aktual ailə problemlərindən biridir. Sitat: “Bu halların baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara, anadangəlmə qüsurlu uşaqların dünyaya gəlməsinə və nəticədə   sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.

Ölkədə 18 yaşadək nikaha girən qızların sayının ən yüksək həddi 2011-ci ildə olub. Həmin dövrdə belə qızların sayı 5138 idisə, qanunvericilikdə qızlar üçün minimal nikah yaşının 17-dən 18-ə qaldırılması, habelə, qadını nikaha məcbur etməyə görə cinayət məsuliyyətinin müəyyən edilməsi və maariflənmə işlərinin nəticəsində 2012-ci ildən bu  göstəricinin azalması müşahidə olunur. Belə ki, 2018-ci ildə bu rəqəm 338 olub. Eyni zamanda, 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı da 2011-ci ildə 4392 idisə, 2018-ci ildə bu rəqəm azalaraq 2129 olub. Qohumlar arasında  nikahlarla bağlı statistika mövcud deyildir”.

Həmçinin, bildilir ki, təsdiq edilmiş Qərarın 2-ci hissəsində Ədliyyə Nazirliyinə və Dövlət Statistika Komitəsinə 18 yaşadək (erkən nikah) və yaşı 18-dən 29-dək olan gənclərin nikaha, o cümlədən müvafiq ərizələrindəki məlumatlara əsasən, qohum hesab edilən şəxslər arasında nikaha daxil olması və bu gənclər arasında bağlanmış nikahın pozulması hallarının statistikasının illər üzrə aparılmasını təmin etmək üçün müvafiq tədbirlər görülməsi tapşırılıb. Həmçinin qeyd edilib ki, “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” aidiyyəti dövlət orqanları tərəfindən gənclərin erkən nikahların və qohumlar arasında nikahların mənfi nəticələri barədə maarifləndirilməsi işinin daha məqsədyönlü şəkildə aparılmasına imkan verəcək. Qaydanın 1.3-cü bəndinə əsasən, gənclər arasında maarifləndirməni yerli özünüidarəetmə orqanları, KİV, televiziya və radio yayımçıları, qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər də həyata keçirə bilərlər. Yenə də sitat: “Dövlət Komitəsi yeni təsdiq edilmiş Qaydadan irəli gələrək həyata keçiriləcək tədbirlərin effektivliyini artırmaq məqsədilə, cəmiyyətin bütün üzvlərini öz səylərini birləşdirməyə dəvət edir”...

 Bu qeyd etdiklərimiz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmi saytında yer alıb. Uzun-uzadı olsa da, hamımızın oxumağa hövsələsi çatmalıdır ki, azyaşlıları erkən nikaha cəlb edənlərin heç olmasa, işin rəsmi tərəfindən məlumatı olsun. Çox şey demirik, ən azından, məlumatı olsun ki, problem də azalsın və ən nəhayət, bitsin, tükənsin...

 Nigar Orucova