Xüsusi təyinatlı Şəhidimiz

20:19 10-02-2021 252

Onun doğulduğu ailədə ondan əvvəl 2 qız övladı dünyaya göz açmışdı. Aytən və Dursun. Həm ata-ananın, həm də kiçik fidanların Ulu Yaradandan bir istəkləri vardı. Gələcəkdə bu evin işığını yandıracaq bir başı papaqlı olsun. Tanrı eşitdi onların ürək arzusunu. Lakin bu arzuların hamısı bir anın içində param-parça oldu.

Bəli, 2002-ci ilin fevral ayının 24-də Bum qəsəbəsində, Kümə dağının qoynunda Akif Süleymanovun ailəsində üçüncü övlad-evin sonbeşiyi dünyaya gəldi. Dedilər, şükürlər olsun ki, cüt bacıya dayaq olacaq yeganə qardaş doğuldu. Hamı sevindi, bacıların sevinci yerə-göyə səğmadı. Qanadları olmadı ki, uçsunlar. Uşağın adını Vasif qoydular. Vasif körpə Vasifin əmisinin adı olub. Əmisi Vasif Hüseyn oğlu 1986-cı ildə Qazaxstanda hərbi xidmətdə olarkən məlum hadisələr zamanı, xidməti dövründən 6 ay keçməmiş qiyamın qurbanı olub. Taleyin bir qismətinə baxın.

Vasif Akif oğlu Süleymanov halal zəhmətin bəhrəsi ilə, kasıbçılıqla da olsa böyüdü, yetkinləşdi və əsgərlik vaxtı çatdı. Vasif təhsilini şəhid İkram Umarov adına Bum qəsəbə əsas orta məktəbində alıb. Doqquzuncu sifi bitirdikdən sonra sənət sahibi olmaq məqsədi ilə Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində təhsil alır, aşpaz peşəsinə yiyələnir. Bir müddət Qəbələ “Qafqaz Riverside” hotelində çalışır. Özünün bacarığı, intizamı ilə seçilir. 2020-ci ilin may ayının 8-də hərbi xidmətə yola salınır. Cəlilabaddakı xüsusi təyinatlı “N”saylı hərbi hissədə xidmətinə başlayır. Bir ay İsmayıllıda, bir ay isə Yaşmada hərbi təlimlərdə iştirak edir. 27 sentyabr2020-ci ildə erməni qəsbkarlarının təxribatından sonra şanlı ordumuz faşistlərin qarşısını almağa, onlara layiqli cavab verməyə məcbur olur və İkinci Vətən müharibəsi başlanır. Vasif elə ilk döyüşlərə də həmin gün Murov dağında qatılır. Bu, onun xidmətinin 5-ci ayı idi . Burada gedən ağır döyüşlərdən qələbə ilə çıxan gənc əsgər sonradan Cəbrayılın azad olunmasında iştirak edir, fədakarlıq göstərir. İgid döyüşçümüzün son döyüşü Füzuli uğrunda olur. O, yaralı komandirini döyüş zonasından çıxarmaq istəyərkən mənfur düçmən gülləsinə tuş gəlir. Oktyabr ayının 6-da canını Vətən yolunda qurban verərək şəhidlik zirvəsinə yüksələn Vasifi oktyabrın 7-də doğulub boya-başa çatdığı Bum qəsəbəsindəki məzarlıqda torpağa əmanət edirlər.

Şəhidimizin dəfni zamanı Bum qəsəbəsi böyük izdiham içərisində idi. Rayonumuzun hər yerindən, tanıyan, tanımayan axışıb gələnlərin ardı-arası kəsilmək bilmirdi. Hamı bu gəncə yanır, kövrəlir, özündən asılı olmayaraq kövrəlir, gözlərindən yaş axıdır, qaniçən ermənilərə lənət edirdi. Əgər Vasif yaşasaydı fevralın 24-də 19 yaşı tamam olacaqdı.

Bu itkiyə hamı kövrəlir və yanır. 86 yaşlı Dursun nənənin yanğısı isə daha çoxdur. Əbəs yerə deməyiblər ki, dövlətdə dəvə, övladda nəvə. Bu gün hər şey var və həyat öz ahəngi ilə davam edir. Yeganə qardaşın bacıları olan Aytən və Dursun da ailə sahibidirlər. Aramızda ancaq Vasif yoxdur. Yoxdur deməyə də dilim gəlmir, günah olar. Onun sönməz ruhu həmişə qəlbimizdədir, başımızın üstündədir. Axı şəhidlər sağdırlar, onlar ölməzliyə qovuşurlar. Bir də ki, qələbə qurbansız olmur axı.

Və üzümü Sevinc anaya, Akif ataya, 86 yaşlı ağbirçək Dursun nənəyə tutub deyirəm: - Başınızı dik tutun, məğrur dayanın. Vasif əvvəl təkcə sizin övladınız idisə, bu gün bütövlükdə böyük zəfər çalmış Azərbaycan xalqının övladıdır. V. Süleymanov ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülüb. Ruhu şad olsun! Şanlı ordumuz bütün şəhidlərimizin qisasını aldı, zəfər çaldı. Eşq olsun əsgərlərimizə! Ali baş Komandanımıza!

Ürək çırpıntılarımı sonda şəhidimizin ruhuna həsr etdiyim şeirlə bitirmək istəyirəm.

 Sönməz mayakr

 ( Həmyerlimiz, şəhid general-mayor,”Milli Qəhrəman” Polad Həşimovun əziz xatirəsinə )

 

O ,Vəndamda doğuldu ,

Adın qoydular Polad.

Sevincdən ata,ana

Uçmağa gəzdi qanad.

 

Cəsur hərbçi olmağı

Özünə bir yol seçdi.

Əzablı ömür yolu

Neçə döyüşdən keçdi.

 

Qəlbi çox kövrək imiş ,

Deyirdi hər kəsə:”can!”

Ucadan uca idi ,

Gözündə Azərbaycan.

 

Düşmən oda qalandı ,

Onun iradəsiylə.

Qəlbi ancaq vururdu ,

Qələbə qayəsiylə.

 

Aprel döyüşlərində

Gərdi düşmənə sinə.

Xəyanətə dözmədi ,

Döyüşdü o , mərdanə.

 

Qurban getdi Vətənə ,

Təslim etmədi torpaq.

Adı sonsuz göylərdə

Oldu bir sönməz mayak.

 

Onun şəhid olması

Xalqı çəkdi sınağa.

Bir bayrağın altında

Millət qalxdı ayağa.

 

Tanrının dərgahına

Belə qovuşdu Polad.

Ruhu Vətən naminə

Daim çalacaq qanad!

 Dekabr 2020

 Odlar ələdi

 (Bum qəsəbəsinin mərd oğlu,II Qarabağ müharibəsində şəhid olmuş Vasif Akif oğlu Süleymanovun əziz xatirəsinə ).

 

O,dünyaya gələndə qəlblərə sevinc doldu,

Dedilər cüt bacıya dayaq qardaş doğuldu.

 

Böyüdü bu sonbeşik,əsgərliyə yollandı,

Vətəni yağılardan qorumaq idi andı.

 

Düşmən harınlayanda o da dözə bilmədi,

Dığaların başına Vasif odlar ələdi.

 

Dedi oxşayam gərək Babəkə,Cavanşirə,

Cumdu düşmən üstünə,dönüb aslana,şirə.

 

Murovdağdan başlandı onun ilk döyüş yolu,

İgidlərlə doluydu cəsurun sağı,solu.

 

Cəbrayılda atıldı dığaların üstünə,

Füzulidə yüksəldi şəhidlik zirvəsinə.

 

Şəhidlik libasını Tanrı biçdi boyuna,

Mətinlikdə çəkmişdi o öz kökünə,soyuna.

 

Əlçatmaz bir zirvədə əbədi məkan seçdi,

Üçrəng bayrağımızdan özünə paltar biçdi.

 

Ata,ana çəkmə qəm,tarix yazdı oğlunuz,

Vasifin qisasını aldı Şanlı Ordumuz!

 Emin Baratoğlu, AYB-nin və AJB-nin üzvü, ”Qızıl Qələm” mükafatçısı, Prezident təqaüdçüsü,”Həkəri” qazetininbölgə müxbiri, Qəbələ rayonu, Bum qəsəbəsi.

Yanvar 2021