Məmur, yoxsa mafioz..?

20:20 10-02-2021 513

Azərbaycan məmurlarının həyat tərzi

 Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin son bir neçə ildə korrupsiya və rüşvətxorluğa, inhisarçılığa və məmur özbaşınalığına qarşı apardığı mübarizə, eyni zamanda həyata keçirdiyi kadr islahatları ölkədə geniş vüsət almış bir çox cinayət tərkibli olayların üzə çıxmasına səbəb oldu. Burada əsas diqqətçəkən məsələ isə yüksək çinli məmurların rüşvət və korrupsiya əməllərinə görə həbs olunmalarıdır. Bütün bu cinayətlər isə əsasən məmur özbaşınalığından qaynaqlanır.

Yadınızdadırsa, hələ Ulu Öndər Heydər Əliyev öz dönəmində bu kimi məmurları harınlıqda ittiham etmişdi. Bir müddət əvvəl Preziden İlham Əliyev də tam əminliyi ilə bəyan etdi ki, xalqın və dövlətin sərvətlərini talayan, heç bir qanun tanımayan bu məmur çetesi artıq qudurub və bu quduzluğa qarşı ciddi mübarizə aparılacaq.

Bilirsiniz ki, quduzluq çox ağır xəstəlikdir və ümumiyyətlə müalicə olunmayan xəstəliklər kateqoriyasına aid edilir. Görünəni odur ki, Azərbaycan məmurlarının da böyük əksəriyyəti bu xəstəliyin ən ağır formasına yoluxub.  Prezident kimə bir vəzifə tapşırırsa, etimad döstərirsə, bir müddət sonra məlum olur ki, o, hansısa qruplaşmaların və nəfsinin təsiri altına düşərək prezidentin ona göstərdiyi etimadı, tövsiyyə və tapşırıqları unudaraq, ancaq dövləti və xalqı talamaq yolunu tutur. Bu da son nəticədə çox böyük fəsadlara səbəb olur.

Son illərdə baş verənlər də, onu deməyə əsas verir ki, prezident də ətrafında baş verənlərdən xəbərsiz deyil. Məhz buna görə də, bütün çıxışlarında məmurlara xəbərdarlıq edir ki, qanunsuz əməllərindən çəkinsinlər, xalqla davranmağı öyrənsinlər və s. Prezident onlara başa salmağa çalışır ki, xalqın və dövlətin mənafeyini qorumaq onların vəzifə borcudur. Lakin bəzilərinin gözünü var-dövlət, sərvət elə tutub ki, dövlət başçımızın yürütdüyü sosial siyasəti qəbul etmir. Dövlətin və xalqın sərvətlərini talayanlar elə davranış nümayiş etdirirlər ki, guya onların işindən heç kimin xəbəri yoxdur və onlar heç bir qanunsuz iş görmürlər.

Mən "vurulan" şəxslərdən yazmağın tərəfdarı deyiləm, onsuz da Allah onları "vurub". Amma bəzilərinə əməllərini xatırlatmaq yerinə düşər, məncə.

 Məsələn, bunlardan birincisi, eks-nəqliyyat naziri Ziya Məmmədov və harınlığı ilə məmləkətə səs salmış oğlu Anar Məmmədov. Maraqlıdır ki, Azərbaycan məmuru vəzifədə olduğu müddətdə ailəsi də tamamilə fərqli davranış nümayiş etdirir. Çünki görməmişlikdən vəzifəyə gələn məmur, ailəsində elə bir mühit formalaşdırır ki, həmin mühitdə insanın normal təfəkkür sahibi olması, sadəcə mümkün deyil. Məhz bu səbəbdən də, keçmiş qatar sürücüsü olan, iki otaqlı mənzildə yaşayan Ziya Məmmədovun oğlu Anar Məmmədov ölkəmizdə adı qalmaqallarda ən çox hallanan məmur övladından birinə çevrildi və atasının başını çox "ucalara" qaldırdı. "1 milyona ayı kababı yeyən", "dollar "paçka"ları ilə samavar qaynadan" və s.

Heç kimin tanımadığı müğənniyə 100-200 minlik hədiyyələr etmək də, Azərbaycanda məmur övladlarının şakərinə çevrilib, varlığa nə darlıq.

Belə harın övlad-nəvə böyüdən və başına bəla olan məmurlardan biri də, baş nazirin eks-mavini, Qaçqınlar və Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənovdur. Bu dövlət məmurunun nəvəsi babasının bağışladığı 250 minlik avtomobili ilə şəhərdə avtoxuliqanlıq edərkən qəza törədib və bir neçə nəfərin ağır xəsarətlər almasına səbəb olub. Burada bir ilginc məqama diqqət etmək lazım gəlir. Ölkədə minlərlə, onminlərlə  qaçqın və məcburi köçkün ailəsi ağır sosial vəziyyətdə yaşadıqları halda, həmin sevimli baba öz nəvəsinə 10, 20 mənzil dəyərində olan bir avtomobil alıb küçələrə buraxanda, görəsən həmin qaçqın və köçkünlər heç göz önünə gətiribmi? Yox! Gətirsəydi belə bir cinayəti törətməzdi. Mənə belə gəlir, o, nə düşünüb özü bilər.

Xəzər Dəniz Gəmiçiliyi idarəsinin sabiq şefi M.Mədətovun oğlu da çox bahalı bir avtomobili ilə avtoxuliqanlıq edərək qəza törədib və bir neçə nəfərin ölümünə səbəb olub. Buna görə nə özü, nə atası görəsən bir azacıqda olsa, vicdan əzabı çəkibmi? Çəkməyib, vicdanı olan belə bir olaya yol verməzdi.

Mənə belə gəlir ki, əslində övladlarda heç bir günah yoxdur. Günah harın valideynlərdədir ki, övladlarını bu cür tərbiyə ediblər. Valideyn övladını elə tərbiyə etməlidir ki, o, özünü cəmiyyətin bir zərrəsi hesab etsin, yaşadığı cəmiyyətə, topluma yuxarıdan aşağı baxmasın. Təəssüflər ki, bəzi harın məmurlar övladlarında bu təfəkkürü formalaşdıra bilmir. Məmurun pulu varsa, oğruluq-doğruluq fərq etməz, övladına yüksək təhsil versin. Onun siyasətdə, istehsalatda, biznesdə uğur qazanmasına yardım etsin. Övladına oğurluqla yox, halal yolla pul qazanmağı öyrətsin. Yoxsa, haram pullar qudurğan övladı cəmiyyətdən qoruya bilməyəcək. Biz belə faciələri çox görmüşük, heç düşmənimizə belə arzulamırıq.

Bir qədər də, bugünlərdə mətbuatda və sosial şəbəkələrdə adları daha çox hallanan eks-nazir Səlim Müslümov və topdağıtmaz villasının (biz belə villaları əcnəbi kinofilmlərdə mafiozların iqamətgahları kimi görmüşük, sən demə...)xərclərini ödəyə bilmədiyi üçün Tarif Şurasından kömək istəyən və suyun qimətinin 2 dəfə artırılmasına nail olan Qorxmaz Hüseynov barədə.

Bilirsiniz ki, Səlim Müslümov uzun müddət cəmiyyətin ən həssas təbəqəsinin cəmləşdiyi Dövlət Sosial Müdafiə Fondunun sədri, daha sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olub. Və əhalini, əsasən də müdafiəyə ehtiyacı olan insanları "o tərzdə müdafiə edib" ki, Səlim Müslümov varlandıqca, əhali dilənçi kökünə düşüb. Mən bəlkə də, onu bu sahələrə rəhbərlik etdiyi dönəmdə ən çox edən jurnalist olmuşam. Bu tənqidlərə görə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin, Əli Həsənovun əlaltılarının təhdid və qəzyiqlərinə də məruz qamışam. Səlim Müslümov isə müxtəlif yollarla cəmiyyətə sırımağa çalışırdı ki, bütün bu əməlləri "yuxarının" göstərişi ilə törədib. Bu yolla da talançılığı daha yuxarı istansiyalardan gələn tapşırıqla törətdiyini, özünün isə burada heç bir günahının olmadığını sübut etməyə çalışırdı."Səlim Müslümov kimdir ki, mən icraçıyam, mənə nə deyirlərsə, onu da edirəm". Lakin olub keçənlər göstərdi ki, bütün fəaliyyəti pensiyaçıları və cəmiyyətin kasıb təbəqəsini daha ağır və çətin duruma salmaqla varlanmaq olan Səlim Müslümov ölkədə elə bir pensiya sistem yaradıb ki, bu sistem, yalnız onun özü kimi məmurları müdafiə edir. Əgər onun fəaliyyəti ilə bağlı ciddi bir araşdırma aparılsa ortaya çıxacaq ki, dünyanın heç bir yerində belə bərbad sosial müdafiə və pensiya sistemi yoxdur.

Burada S. Müslümovun sosial müdafiə sistemində at oynatdığı dövrdə ona ünvanladığım və cavab ala bilmədiyim bir neçə sualı diqqətinizə çatdırım:

  1. Necə olur ki, sovet dönəmində 80-100 manat maaş alan (indi onlara dövlət məmuru deyirlər) məmur 1500-2000 manat, istehsalatda (zavodda, fabrikdə), kənd təsərrüfatında(kolxozda, sovxozda) 30-40-50 il çalışan ayda 500-700 manat qazanan sadə əməkçi insanlar isə ən yaxşı halda 250-300 manat pensiya alır?
  2. Hansı səbəbdən eyni istehsalat sahəsində çalışan insanlar kateqoriyalara bölünərək (biri Prezident Administrasiyasına şikayət edir, onun pensiyası olur 680 manat, digəri rüşvət verir, onun pensiyası olur 570 manat, bir başqası öz abırına qısılıb, səsini çıxarmır onun pensiyası olur 167 manat, bax budur Səlim Müslümovün yaratdığı sosial ədalət) müxtəlif miqdarda pensiya alırlar? Səlim Müslümov məhz bu metodlarla insanların halal haqqı olan 2,5 milyard manatı talayaraq özünə və yaxınlarına ərəb şeyxləri kimi bir həyat tərzi qurub.

Əl qərəz, gəlib çatdıq son məlumata. Sosial mediada "Azərsu" ASC-nin şefi Qorxmaz Hüseynovun 200 milyon dəyərində villası nümayiş olundu. Qorxmaz həqiqətən də qorxmaz birisi imiş vallah, haladı, kişi qürd ürəyi yeyib ey! Ölkədə milyonlarla qaçqın-köçkün evsiz-eşiksiz, insanlar övladlarına 300-500 manata kompüter ala bilmir ki, övladı onlayn dərslərə qatılsın, ölkə müharibə şəraitində, korona da bir tərəfdən, Qorxmaz kişi də öz kefində. Hələ mən onu demirəm ki, ölkənin su təsərrüfatı elə bir səviyyədədir ki, Qorxmaz əkənin bizə "içməli su" adı ilə sırıdığı məhluldan burada yaşayan əcnəbilər nə qab yumaq, nə də çimmək üçün belə istafadə etmirlər ki, bu sudan istifadə etmək olmaz.

Mən də deyirəm axı, son zamanlar su təsərrüfatında nə üçün heç bir iş görülmür. Sən demə, Qorxmaz əkənin başı özünə villa tikdirməyə qarışıb. Özü də villanı dəniz kənarında tikdirib ki, olmadı elə, oldu belə onu su təsərrufatından uzaqlaşdırarlar, bir yandan da su qıtlığı yaranar heç olmasa yuyunmaq (çirkli pulları yumaq kimi də qəbul etmək olar) üçün suyu olsun. Son qiymət artımı da Qorxmaz kişi üçün ona görə lazımdır ki, özünə evindən heç də ucuz olmayan ofis tikdirsin. Yoxsa, dost-tanış nə deyər. Deməz ki, "bunun evinə bax, oturduğu ofisə bax", ayıbdır axı.

Bizim ümumiyyətlə su tərəfdən bəxtimiz gətirmir ey. Qorxmaz əkədən əvvəl bu qurumu Oqtay Əsədov taladı və getdi. Bir müddət də deputatxana tikməklə, təmir etməklə, şişdikcə kresloları dəyişməklə məşğul oldu. İndi isə səsi-səmiri çıxmır, qocalıb deyəsən. Amma hərdənbir özünün olmasa da doğmalarının səsi Moskvadan gəlir, həm də çox gur gəlir.

Əlqərəz, millət, belə məmurları olan xalq, dövlət qada-baladan qurtulmaz, amma ac qalar, lüt gəzər, dinməz, dözər çünki, "biz dözümlü xalqıq".

Məni daha çox əndişələndirən (yəni narahat edən) bilirsiniz nədir? 200 milyonluq villada, ofisdə yaşamağa, "işləməyə" adətkar olan məmurlarımız 4 kv/m həbsxana kamerasında necə yaşayacaqlar? Biz hümanist xalq olduğumuzdan imkan verə bilmərik ki, məmurlarımız həbsxanada əziyyət çəksinlər, onlar da xalq deyillər ki, buna dözsünlər. Ona görə də, penitensiar xidmətin rəhbərliyi Tarif Şurasına müracət etməlidir ki, təcili surətdə yeni luks həbsxanalar tikilməlidir və bunun üçün də məhbusların həbsxanalarda saxlanması xərcləri artırılmalıdır. Əks təqdirdə, məmur məhbuslarımız beynəlxalq aləmdən yardım istəmək məcburiyyətində qalacaqlar.

 Yusif Seyid