Mənəviyyatın aşınması

20:25 10-02-2021 414

Bu prosesin başında telekanallar durur

 Mənəviyyat, əslində genetik xüsusiyyətidir və nəsildən-nəsilə genlə ötürülür. Bir də var ictimai mənəviyyat, bu da insanı əhatə edən mühitlə bağlıdır. Ümumiyyətlə, mənəviyyat elə geniş mövzudur ki, onu bir qəzet yazısına sığışdırmaq mümkün deyil. Mən isə diqqətinizə, yalnız bir faktı çatdırmaq istəyirəm.

Qeyd edim ki, Azərbaycan telekanallarına artıq 20 ildən çoxdur ki, baxmıram. Çünki orada mənim diqqətimi çəkən, maraqlandıran heç bir verilişə rast gəlmirəm. Ələlxüsus da aparıcıların, verilişə dəvət olunan mütəxəssislərin, ekspertlərin səviyyəsi məni qane etmir.

Son illərin televiziyası sanki xalqın mənəviyyatını məhv etməyi qarşısına məqsəd qoyub.

Azərbaycanda çap mediası zəiflədikcə, özəl və kimlərinsə himayəsində olan telekanalların sayı artıb. Mən hələ gündən-günə genişlənən internet televiziya şəbəkəsindən danışmıram.

Deyə bilərsiniz ki, telekanallara baxmadığın halda, onların fəaliyyətindən necə danışa bilərsən? Razıyam, haqlı sualdır. Lakin bu gun Azərbaycanda o qədər media eksperti var ki, ölkədə nəşr olunan 10 qəzetin adını ard-arda sadalaya bilməz, amma medianın durumu barədə ağlına və dilinə nə gəldi danışır. Mən onlardan fərqli olaraq konkret bir fakt barədə danışmaq istəyirəm.

Məni bu yazını yazmağa vadar edən də həmin fakt oldu.

Əlqərəz, bir müddət əvvəl təsadüfən hansısa bir telekanalda bir verilişə baxdım. Bu səbəbdən də nə verilişin, nə də aparıcının adı yadımda qalmayıb. Verilişə baxanda o qədər əsəbləşdim ki, heç sona kimi də baxa bilmədim.

Mənim qənaətimcə, telekanalların da, bütün media qurumları kimi əsas funksiyası informasiya çatdırmaq və maarifləndirmə, bizim kimi sosial cəhətdən geridə qalan məmləkətlərdə isə həm də insanlara hüquqi yardım etmək olmalıdır.

Heç kim, heç bir media orqanına, televiziya kanalına səlahiyyət verməyib ki, kimisə təhqir etsin. Bu istər aparıcı, istər jurnalist, istərsə də eksper olsun, hamıya aiddir. Mənim təsadüfən baxdığım verilişin isə əsas məğzi, sanki oraya kömək üçün müraciət edən gənc bir xanımı təhqir etmək idi. Söhbətlərdən belə başa düşdüm ki, gənc xanım əlindən alınan övladını geri qaytarmaq üçün telekanaldan kömək istəyib. Xanım verilişə yığılanlara sübut etməyə çalışır ki, kafedə işləməklə gündə 20 manat, fərdi şəkildə qadın bərbəri kimi işləməklə də bir o qədər (yəni ayda təxminən 1000 manat pul qazanır. Azərbaycanda isə minimum əmək haqqı 250 manat (bu məbləğə dolananlar da az deyil), orta əmək haqqı 700-750 manatdır. Bu məsələyə bir qədər sonra toxunacam) pul qazanır və övladını özü böyüdüb, tərbiyə edə bilər. Ancaq çox ikrahdoğurucu haldır ki, verilişə toplaşan ekspertlərin hamısı bu gənc xanıma dəstək olmaq, kömək etmək əvəzinə sanki onun fahişə (bunu açıq deməsələr də) olduğunu sübüt etməyə çalışırdılar. Eyni zamanda dövlətimizin sosial siyasətinə kölgə salaraq, bu məmləkətdə 1000 manatla yaşamağın mümkün olmadığını israrla xanımın qarşısına fakt kimi qoyurlar. Ekspertlərdən biri hətta xanımın üstünə qışqıraraq, " ay qız, 600 manatla ev almaq olar, mən niyə ala bilmirəm?" kimi, təhqirlərdən belə, çəkinmir. Bununla da onun fahişəliklə pul qazandığını boynuna qoymağa çalışır. Xanımın qonşusunun onu müdafiə etməsi də, nədənsə ekspertləri hövsələdən çıxardı və onlar həmin vətəndaşı da təhqir etməkdən çəkinmədilər. Digər bir xanım eksper isə «COVİD-19» pandemiyasını ortaya ataraq, "indi salonların işləməsi qadağandar, sən bizə nə nağıl danışırsan, indi kimdir saçını düzəldən" kimi ifadələrlə bu biçarə qızcığazı sanki çox böyük cinayətlərdə yaxalamış kimi çıxış edirdi. O, isə yalnız öz balasına qovuşmaq üçün kömək istəyirdi. Maraqlıdır ki, bu mötəbər qadın ekspertə heç kim sual etmədi ki, bəs siz bu müddətdə qadın salonuna, bərbərə müraciət etməmisiniz? Bu işlərin Azərbaycanda necə tənzimləndiyini hamı bilir, bir o xanım ekspertdən başqa.

Gənc xanımın sözlərindən belə anlaşıldı ki, o, qazandığı pulun 300 manatın verib övladına dayə tutub. Qalan pul da onun yaşayışına yetir.

Yuxarıda qeyd etdim ki, 700-750 manat ölkəmizdə orta əmək haqqıdır. Onda sual olunur, verilişdə iştirak edən ekspertlər ayda nə qədər pul qazanırlar ki, bu qızcığaza Azərbaycanda 700 manata yaşamağın mümkün olmadığını sübut etməyə çalışırlar?

Bu verilişdən sonra müxtəlif telekanallarda bu tip bir neçə verilişə baxdım və Azərbaycan telekanallarına baxmamağımda haqlı olduğumu bir daha özüm üçün təsdiq etmiş oldum.

İnsanların şəxsi həyatına müdaxilə, onları hansısa formada təhqir etmək hüquqi cəhətdən cinayət, insanlıq baxımından isə mənəviyyatsızlıqdır.

Kimsə sizə inanıb, sizdən kömək istəyirsə ona kömək edin, bacarmırsınızsa, onu təhqir etməklə özünüzü təmizə çıxarmaq nəyə lazım? Ancaq, deyəsən lazımdır axı. Son zamanlar insanların mənəviyyatı o qədər deqradasiyaya uğrayıb ki, gənc nəsl, məhz bu kimi verilişlərə baxır. Telekanallara da qalmaqal, söyüş, təhqir lazımdır ki, öz reytinqini qorusun. Əsas məsələ millətin mənəviyyatı yox, kanalın reytinqidir. Hər zaman demişəm və bir daha təkrar edirəm, şou-biznesin at oynatdığı meydanda mənəviyyata yer yoxdur.

Allah bizi betərindən qorusun!

 Yusif Seyid